ÇİN AMERİKANI KOSMOSDAN VURMAĞA HAZIRLAŞIR - Pekinin superlayihəsi

“Çin günəş enerjisi hesabına kosmik lazer yaratmaq niyyətindədir”

Çinin elmi tədqiqatçıları, kosmosda günəş elektrik stansiyası yaratmaq üçün dövlətdən bir trilyon dollar ayrılmasını təklif ediblər. ”Sinxua” agentliyinin yaydığı məlumata görə, bu stansiya lazer və mikrodalğaların köməyi ilə Yer kürəsinə enerji göndərəcək. Ekspertlər isə xəbərdarlıq edirlər ki, bu, faktiki olaraq kosmik silah deməkdir. Kosmik elektrik stansiyasının yaradılması üçün böyük günəş batareyaları ilə təchiz ediləcək super aparatların Yerin geostasionar orbitində yerləşdirilməsi nəzərdə tutulub. Məsələ barəsində ”Sinxua” agentliyi əlavə olaraq bildirib:

”Əgər həmin plan reallaşarsa, onda bu, öz miqyasına görə “Apollon” və “Beynəlxalq Kosmik Stansiyası” layihələrini geridə qoyaraq, dünyanın ən böyük layihəsinə çevriləcək”.

Çinin “Kosmik Texnika Akademiyası”nın məruzəsinə əsasən, hökumət bu proqramın maliyyələşdirilməsinə hələ 2010–cu ildən start verib.

Çin Elmlər Akademiyasının əməkdaşı və meqa layihənin aparıcı nümayəndələrindən biri olan Van Siçzi “Sinxua” agentliyinə deyib: "Kim birinci olaraq, bu texnikaya yiyələnərsə, onda o gələcək enerji bazarının liderinə çevriləcək. Çünki bu çox böyük strateji əhəmiyyət daşıyır”.

HƏRBİ TƏHLÜKƏ

Çin mütəxəssisləri tərəfindən təklif edilən lazer və mikrodalğa sistemi, böyük hərbi potensiala malikdir. Bütün bu texnika Pekinin gizli strateji planı sayılır və əsas məqsəd isə hazırda böyük texnoloji üstünlüyə malik olan ABŞ üzərində qələbənin təmin edilməsinə yönəlib. Heç şübhəsiz ki, həmin kosmik stansiya, həm peyk əleyhinə silah kimi, həm də raket əleyhinə müdafiə sistemlərinin və ya rəqibin elektrotexnika qurğularının məqsədyönlü məhv edilməsi üçün nəzərdə tutula bilər.

Hələ 2010-cu ilin sentyabrında ABŞ-ın “Milli Yerüstü Kəşfiyyat Mərkəzi” (National Ground İntelligence Center) çinlilərin “qüdrətli rəqib üzərində qələbə çalınması” strategiyası çərçivəsində işləyib hazırladıqları silahların təhlükəliliyi barəsində xəbərdarlıqla dolu məruzə dərc etmişdi. Məruzədə gedən məlumarlara əsasən, burada söhbət kommunikasiya sistemlərində güclü küyün yaradılması, yüksək gücə malik mikrodalğalar vasitəsilə raket sistemlərinin işləmə mexanizminin sıradan çıxarılması və həmçinin də digər elektron cihazların kütləvi məhvinə yönəlmiş texnologiyalardan gedir.

“Beynəlxalq Qiymətləndirmə və Strategiya Mərkəzi”nin(İnternational Assessment and Strategy Center) böyük elmi işçisi Riçard Fişer müsahibəsində bildirib: ”Çin hakimiyyəti kosmik günəş elektrik stansiyasının yaradılması haqqında çoxdan düşünürdü. ABŞ məmurları mənə deyiblər ki, bəli, belə bir stansiyanın iş prinsipi dəyişdirilərsə, ondan çox güclü silah kimi istifadə etmək mümkündür. Göründüyü kimi bu, Çin tərəfindən həyata keçirilmək istənilən ciddi bir cəhdir. Qərb onilliklər ərzində bu cür konsepsiyalar barəsində düşünərkən, Çin hakimiyyəti belə bir möhtəşəm sistemin yaradılması üçün lazım olacaq vəsaiti tapa bilib. Böyük ehtimalla bu layihə həyata keçirildikdən sonra, belə bir sistem Çin ordusunun nəzarətinə veriləcək”.

UZUNMÜDDƏTLİ MƏQSƏD

Kosmik stansiyanın yaradılması ideyası ondan ibarətdir ki, Yer üzərində quraşdırılan günəş panelləri gün ərzində tam sabit şəkildə işıqlanmır, lakin kosmosdakı günəş şüaları panelləri fasiləsiz olaraq işıqlandıracaq. ”Sinxua“ ağentliyinin məlumatına görə, kosmosdakı günəş panelləri Yerdə quraşdırılan panellərə nisbətən 10 dəfə artıq eneji toplaya bilər.

Kosmik günəş elektrik stansiyasının dizaynı, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2010-cu ildə təsdiq olunub və bu proqram uzunmüddətli inkişaf mərhələlərinə bölünüb. Bəzi analitiklər deyirlər ki, sistemin test olunmasına 2020-ci ildə başlanılacaq və 2025-ci ildə kosmik günəş elektrik stansiyasının ilk işi nümayiş etdiriləcək. Mütəxəssislərin fikrinə görə, sistem yalnız 2035-ci il üçün elektrik generasiyası yarada biləcək.

Anacaq layihənin yolundakı ən böyük əngəl - proqramın həyata keçirilməsi üçün vacib olan texnologiyanın çatışmamasıdır. Bunun üçün Çinə daha nazik və yüngül günəş panelləri, həmçinin də 100 tonluq faydalı yükü Yer ətrafı orbitə qaldıra biləcək aparatlar lazımdır. Kosmik stansiyanın normal şəkildə fəaliyyət göstərməsindən ötrü, lazer və ya mikrodalğa dəstəsinin köməyi ilə Yerdəki stansiyaya çatdırılan enerjinin yarısı saxlanılmalıdır. Lakin buna baxmayaraq, hələlik belə bir texnologiya mövcud deyil.

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar