Əhməd Əhmədzadənin ofşordakı biznesi

O, Londonda qeydiyyatdan keçmiş “Adviserco” LTD adlı şirkəti alıb və “Uluyurd” MMC-nin bu ad altında rebrendinqini həyata keçirib

Azərbaycanda yüksək vəzifəli məmurların övladlarının orta məktəb partası arxasından qalxan kimi ildırım sürəti ilə necə uğurlu iş adamlarına, milyardlarla dollarlıq dövriyyəsi olan şirkətlərin, idman klublarının sahiblərinə, konqresmen və senatorlarla oturub-duran bacarıqlı lobbiçilərə çevrildikləri haqda çoxsaylı nümunələr var.

Uzun illər korrupsiya yolu ilə böyük sərvətlər toplayan məmurların öz bizneslərini övladlarının adına transfer etməsi ənənəsi artıq formalaşıb və beləliklə də onlar bizneslərini leqallaşdırmağın sadə yolunu tapıblar. Axı məmurların də uşaqları vətəndaşdırlar və onlar da indiki bazar iqtisadiyyatı şəraitində bizneslə məşğul olub “başlarını dolandırmaq” hüququna malikdir. Doğrudur, bu “alibi”nin bir balaca zəif tərəfi də var. Məmur övladlarının biznesə başlayan kimi ildırım sürəti ilə necə varlandıqlarını, saysız-hesabsız şirkətlərin sahiblərinə çevrildiklərini onların fitri biznes istedadı ilə izah etmək çətinləşir.

Görünür, keçmiş sovet partiya məktəbinin təcrübəli yetişdirməsi, uzun illər rayon partiya komitələrinin birinci katibi postunda işləmiş və beləliklə də “yeyinti” üsullarını, onun ört-basdır edilməsini yaxşı mənimsəmiş “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə də bu nüansı yaxşı başa düşdüyündən öz biznesini oğlunun adına rəsmiləşdirəndə bunun mümkün qədər qapalı qalmasına çalışıb.

Ə.Əhmədzadə indiki hakimiyyətin vəzifədə qalmaq baxımından ən uzunömürlü məmurlarından biridir. O, 1993-cü ildən bu yana fasiləsiz olaraq meliorasiya və su təsərrüfatı işlərinə rəhbərlik edir.Yoldaş Əhmədzadənin necə işlədiyi bəlkə də heç kimin yadına düşməyəcəkdi. Əgər 2010-cu ilin yazında Kür çayı məcrasından çıxıb bütün sahilboyu yaşayış məntəqələrini basmasaydı... Həmin daşqınlarda illərdir ölkənin meliorasiya və su təsərrüfatına ayrılan büdcə vəsaitlərinin hara xərcləndiyi haqda suallar meydana çıxdı. O vaxt mətbuat ölkənin meliorasiya təsərrüfatına büdcədən ayrılmış milyardların necə talandığı haqda durmadan yazırdı. Yoldaş Əhmədzadənin bu suallardan heç narahat olmadığını demək olmaz. Ancaq o, “sudan da yox, hətta o boyda seldən də quru” çıxa bildi və “əbədi” vəzifəsində qaldı.

Əhmədzadənin adına ölkənin iri oliqarxları sırasında rast gəlinmir. Ən azından onun iqtisadiyyatın ən müxtəlif sahələrinə nüfuz etmiş onlarla şirkətləri, zavod və fabrikləri barədə məlumatlar yoxdur. Ancaq bu, keçmiş birinci katibin heç bizneslə məşğul olmadığı anlamına gəlməz. Ölkənin turizm baxımından ən zəngin bölgələrindən biri - Qax-Zaqatala bölgəsi onun kurasiyasındadır.

Əslən Qaxdan olan yoldaş Əhmədzadənin bu bölgədə ən azı onlarla turizm obyektlərinin olduğu məlumdur. Məsələn, Qaxdakı beşulduzlu “El Resort” oteli kimi...

Təbii ki, təcrübəli keçmiş birinci katib bu biznes aktivlərini öz adına rəsmiləşdirəcək qədər sadəlövh deyil. Otelin və digər obyektlərin, biznes aktivlərinin sahibi onun oğlu Cuma Əhmədzadədir (Cuma həm də Ə.Əhmədzadənin mərhum atasının adıdır).

Bu gənc iş adamı barədə internetdə, mətbuatda demək olar ki, heç bir informasiyaya rast gəlmək mümkün deyil. Bununla belə virtualaz.org iş adamına yaxın mötəbər qaynaqlardan dəqiqləşdirib ki, hazırda ikinci korpusu inşa edilməkdə olan dəbdəbəli beşulduzlu otelin və digər istirahət mərkəzlərinin sahibi Cuma Əhmədzadənin “Uluyurd” MMC şirkəti olub.

Maraqlıdır ki, Vergilər Nazirliyinin saytında kommersiya hüquqi şəxslərin reyestri bölməsində bu müəssisə barədə məlumat verilmir.

Bununla belə “Uluyurd” MMC və onun “El Resort” otelinə, Qaxa bağlılığına dair internetdə bəzi ipucları var. Məsələn, Qax Rayon İcra Hakimiyyətinin keçirdiyi mini-futbol yarışında “Uluyurd” MMC-nin komandası ikinci yeri tutub. Eyni zamanda “El Resort”un və otelin konfrans mərkəzinin açılış mərasimlərinin videokadrlarında Cuma Əhmədzadəni görülmüş işləri təqdim edərkən görmək olar.

Virtualaz.org saytı oğul Əhmədzadənin biznesini ötən il offşor zonaya köçürdüyü haqda da mötəbər məlumatlar əldə edib (oliqarxların bizneslərini offşor zonalarda yerləşdirməsi indi dəbdədir). Bu məlumata əsasən o, Londonda qeydiyyatdan keçmiş “Adviserco” LTD adlı şirkəti alıb və “Uluyurd” MMC-nin bu ad altında rebrendinqini həyata keçirib.

İnternetdə aparılmış araşdırmalara əsasən “Adviserco” LTD 2002-ci ildə qeydiyyatdan keçən, ancaq fəaliyyətsiz şirkət olub. Offşor zonalarda biznes qurarkən yeni şirkət açmaqla yanaşı xüsusi “maklerlərdən” hazır şirkəti alıb biznesi onun adına transfer etmək praktikasından geniş istifadə olunur. Vessta.com saytında sözügedən şirkətin barəsində yer alan məlumatlar belədir:

Legal name:

Adviserco Limited

Vessta ID:

VST_001003625936

Last reviewed:

2012-06-08

Country of registration:

United Kingdom

Registered address:

Knollys House, 17 Addiscombe Road, Croydon, Surrey Cr0 6sr United Kingdom

Contact address:

Knollys House, 17 Addiscombe Road, Croydon, Surrey Cr0 6sr United Kingdom

Activity status:

Active Industry:

Other Business Activities

Qaynaq onu da bildirir ki, yoldaş Əhmədzadənin də digər oliqarx-məmurlar kimi Londonda mülkü var və onun oğlu vaxtının çox hissəsini “Dumanlı Albion”da keçirir. Axı London ilin çox vaxtı dumanlı olsa da zənginlərin yaşaması və bizneslərini idarə etməsi, genişləndirməsi baxımından ən elitar yerlərdən hesab edilir...(Virtualaz.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar