“Güc strukturları parçalanmasa prezidenti  devirmək mümkün olmayacaq” – Müsahibə

Vaqif Mahmudov: “Ölkənin Şərqi ilə Qərbi arasında inteqrasiya yarada bilməyənlər Avropaya inteqrasiyadan danışırlar”

Politoloq Vaqif Mahmudovun AzPolitika.info-ya müsahibəsi

- Vaqif bəy, Sizcə Ukraynada nə baş verir?

- Ukraynada baş verənlərə kənardan səthi baxanda elə görünə bilər ki, sanki onların bütün problemləri həll olunub, yalnız Avropa ailəsinə qoşulmaq çatmır. Ukrayna Avropa Birliyi ölkələri ilə qonşudur. Ancaq təkcə qonşu olmaqla məsələni bitmiş hesab etmək olmaz. Avropa istəyir ki, genişlənsin. Bunu birdən birə, sürətlə həyata keçirmək çətindir. Çünki ümumi standartlar uyğun deyil. Ona görə də “Şərq tərəfdaşlığı” və assosiativ muqaviləni həyata keçirirlər.

Ukrayna ilə Avropa Birliyi arasındakı assosiativ müqavilə hazırda qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq müqaviləsini əvəz etməli idi. İmzalanacağı gözlənirdi. Ancaq Yanukoviç bu işi təxirə saldı. İmza atmadı. Bundan sonra Ukrayna müxalifəti mitinqlərə başladı.

Bu müqavilənin iqtisadi tərəfi o deməkdir ki, assosiasiya olunmuş ölkə Avropa bazarına ğömrük rüsumu ödəmədən daxil ola biləcək. Avropa da öz növbəsində Ukraynaya o cür daxil olacaq. Viza rejimi sadələşəcək. Eyni zamanda Ukrayna siyasi, ticari və məhkəmə islahatları aparmalıdır. Yəni qadağasız və xüsusi məhdudiyyət qoyulmayan ticarət əlaqələri tərəfləri daha da yaxından inteqrasiya etdirə bilər.

İndi Ukrayna hakimiyyəti deyir ki, mənim iqtisadi sistemim zəifdir. Avropa ilə bizim imkanlarımız fərqlidir. Rəqabət imkanlarımız bərabər olmadığından bu müqavilədən sonra onsuz da kövrək olan bir çox iqtisadi sahələrimiz sıradan çıxa bilər. Yanukoviç 20 milyard evro pul istəyir və bildirir ki, bu məbləği iqtisadiyyata yatırmalıyıq ki, vəziyyətimizi nisbətən düzəldə bilək. O həm də bildirib ki, Ukraynanın Avropaya tam şəkildə uyğunlaşması üçün 165 milyard avro lazımdır. Avropa Birliyi isə təxminən 600 milyon avro ayırdığını bildirir.

- Avropa Ukraynanı öz sıralarında görmək istəyirsə niyə bu ölkəyə yetərli səviyyədə maliyyə ayırmır?

- Səbəblər çoxdur. Avropanın özünün də xeyli problemləri var. Bir çox Avrozona ölkələri iqtisadi krizdən hələ də çıxa bilməyiblər. Yunanıstan, Portuqliya və İspaniyada büdcə kəsirləri və işsizlik xeyli artıb. Bu tip problemləri ola-ola Ukrayna üçün milyardlar ayırmaq böyük risk deməkdir. Diğər yandan isə Ukrayna kimi korrupsiyalaşmış hökumətdə bu pulların mənimsənilməyəcəyinə necə inanmaq olar?

- Hakimiyyətdə Yanukoviç olmasa başqa cür ola bilərdi?

- Avropa ilə münasibət məsələsı təkcə Yanukoviç və onun partiyası ilə əlaqədar deyil. Hal-hazırda Ukrayna siyasi və məfkurə baxımından ikiyə bölünüb. Bu məsələnin isə tarixi kökləri var. Ukraynanın qərb hissəsi 1939-cu ildə Sovet İttifaqının Hitler Almanyası ilə razılaşmasına əsasən işğal edilərək SSRİ-nin tərkibinə qatılmışdı. Əslində onlar heç müstəqil də deyildilər. Polşanın tərkibində ərazi vahidi olan voyevodalıqlara (əyalətlərə) bölünmüşdülər. O zamandan etibarən Qərbi Ukraynalılar Rusiyaya qarşı aqressiv yanaşırlar. İndiki vəziyyət də belədir ki, Ukraynadakı siyasi partiyalar da əsas etibarı ilə region prinsipinə görə formalaşıblar. Ancaq ölkədə rus əhalisinin sayı ümumi əhalinin 16% ni təşkil etsə də, Şərqi Ukraynanın əhalisinin əksər hissəsi rus dilində danışır. Digər tərəfdən isə Ukraynanın Şərq hissəsində ukrayın və rus dilinin qarışığı olan surjik dilində danışanlar var və onlar heç də az deyil. O ki qaldı Avropanın müxalifətin hakimiyyətə gələcəyi təqdirdə küllü miqdarda pul ayıra biləcəyinə, bu sadəcə ehtimaldır. Yuşenko və Timoşenko hakimiyyəti dövründə mülkiyyətin bölüşdürülməsi üstündə ikisi arasında dava düşməmişdimi? Korrupsiya Ukraynanın bəlasıdır. Görünən odur ki, müxalifət Avropa kartından istifadə etməklə Yanukoviçi aşırmaq istəyir.

- Sizcə müxalifət buna nail ola biləcəkmi? Bu baş verərsə hansı dəyişikliklərin baş verməsi gözlənilir?

- Müxalifətin gücü hələlik ancaq mitinq keçirməyə çatır. Onlar imkanlarından maksimum istifadə edirlər. Güc strukturlarında parçalanma olmayacağı halda Yanukoviçı uzaqlaşdırmaq çətin olacaq. Məsələn, nə üçün müxalifət Ukraynanın digər böyük şəhərlərində də mitinqlər təşkil etmir? Çünki bilirlər ki, bu yalnız Lvovda baş tuta bilər. Şərqdəki iri şəhərlərdə effekt tərsinə ola bilər. İndiki vəziyyət 2004-cü ildəki ilə eyni deyil. O zaman güc strukturları Yuşşenkoya olan müsbət münasibətlərini gizlətmirdilər.

- Rusiyanın da bu ölkəyə təsiri böyükdür və onlar Yanukoviçi müdafiə edirlər. Bu xaos nə qədər davam edəcək?

- İndi Rusiya hadisələrə Avropa kimi birbaşa müdaxilə etmir. Əvvəlki üslubunu dəyişib. Rusiyanın mövqeyi və şərtləri konkretdir. O başqa məsələdir ki, rəsmi Rusiya propaqandası Yanukoviç tərəfdarı kimi çıxış edir. Rusiya prezidenti bildirib ki, Avropa məsələsi Ukraynanın öz daxili işidir, ancaq assosiasiya sazişinə imza atılandan sonra biz də öz maraqlarımızı qoruyacağıq. Bu o deməkdir ki, biz daxili bazarımızı Ukrayna mallarından qoruyacağıq. Yəni gömrük rüsumu tətbiq edəcəyik. Ukrayna bilir ki, ondan sonra işlər necə müşkülləşəcək. Rusiya bazarı üçün nəzərdə tutulan mallar məhdudiyyətlər qoyulduqdan sonra necə satıla bilər? Həmin malları Avropaya satmaq cəhdi isə əvvəlcədən bəllidir ki, mümkünsüzə yaxın kimi bir şeydir.

- Ukraynanın Rusiyadan həm də enerji asılılığı var - qaz və neft alır. Ola bilərmi ki, Rusiya bu sahədə Ukraynaya tətbiq etdiyi güzəştlərdən vaz keçsin və yeni əngəllər törətsin?

- Bu məsələdə müəyyən qədər Rusiya da Ukraynadan asılıdır. Onun Avropaya gedən qazının əksər hissəsi Ukraynadan keçir. Hər iki ölkə arasında neft və qaz məsələlərində artıq qəbul edilmiş razılaşmalar var. Belə ki, Sevastopol limanından istifadəyə görə Rusiya qazı Ukraynaya dünya bazarındakı qiymətdən 100 dollar aşağı satırdı. Moskvadakı son görüşdən sonra isə Rusiya gazın qiymətini yarıya qədər endirdi. Ukraynanın bütün problemlərini birbaşa Rusiya ilə bağlamaq düz deyil.

Şübhəsiz Rusiya istəməz ki, Ukrayna Avropaya sürüklənsin və Avropanın təsir imkanları onun sərhədlərinə qədər gəlib çıxsın.

Ancaq bütün bunlara baxmayaraq, Rusiyanın nəyi isə istəyib-istəməməsi ümumi cövlan edən hadisələrin axarına ciddi təsir etməyəcək. Ona görə ki, Rusiyanın özü zəifləməkdə və aşınmaqda davam edir. Rusiyanın gücü neft, qaz, müxtəlif növ metallar, taxta-şalban və sairə təbii sərvətlərə bağlıdır. Bunu Rusiyanı idarə edənlər də yaxşı bilirlər. Rusiya yenilənə bilmir. Onlar nisbi mənada Ukraynadan güclü sayıla bilərlər. Rusiyada olan pul Ukraynada yoxdur.

- Ukraynada metallurgiya, dağ – mədən sənayesi, məhsuldar torpaqlar var. İqtisadiyyatı nə üçün zəifdir?

- Faktorlar çoxdur. Əsas səbəb korrupsiyadır. Ümumiyyətlə bu ölkənin pozitiv siyasi və sosial birliyi, eyni zamanda isə inkişafa aparacaq sabit idarəetmə xətti mövcud deyil. Ukrayna yekcins, dinamik və ahəngdar hərəkət edən ölkə təsiri bağışlamır. Ölkənin Şərqi ilə Qərbi arasında inteqrasiya yarada bilməyənlər Avropaya inteqrasiyadan danışırlar. Və yaxud da Rusiya Ukraynanı qətiyyən hec də inkişafa apara bilməz. Bu sosial, iqtisadi və mənəvi müstəvidəki problemlərdir. O ki,qaldı iqtisadiyyatın tənəzzülünə, Ukrayna müstəqil olduqdan indiyədək Sovet dövründən qalmış avadanlıqlar mirasını istismar edərək tükəndirib. Maşınlar, dəzgahlar, müxtəlif texniki avadanlıqlar demək olar ki, aşınaraq köhnib və yararsız hala düşüb. Mütəxəsislər aşınma və amartizasiya səviyyəsinin 70% -i ötdüyünü bildirirlər. Pul çatışmamazlığından aqreqatların lazımi yenilənmə prosesi getmir. Elə böyük müəssisələr var ki, orada iş gününün əksər hissəsi təmirə getdiyindən işlər dayanır. Nəticədə istehsal ləngiyir və işçılər yaxşı əmək haqqı ala bilmirlər. Kənd təsərrüfatında nisbətən normal vəziyyət taxıl biçımindədir. Ət istehsalı aşağı olduğundan ölkəyə mənşəyi heç də bəlli olmayan ət məhsulları idxal edilir.

Göründüyü kimi, Ukrayna iqtisadiyyatının əsas mühüm cəhəti real investisiyanın çatışmamasıdır. Cəmiyyətdəki həyat səviyyəsini qaldırmaq üçün insan kapitalından səmərəli istifadə olunması iqtisadi tempin qaldırılmasına təkan verən amil sayılır. Amma bu tərəf də Ukraynanın yaralı yeridir. Ona görə ki, dünyada depopulyasiya (əhalinin azalması) gedən ölkələr sırasında Ukrayna ön cərgədə dayananlardandır. İndi Ukraynanın əhalisi 45,3 milyondur. Bu təxminən 50 il bundan əvvəlin səviyyəsi deməkdir. 1993-cü ildə Ukraynanın əhalisi 52 milyonu keçirdi. Burdan bəlli olur ki, son iyirmi il ərzində ölkə əhalisi 7 miliyon nəfərə qədər azalıb. Əhalinin azalmasının səbəbləri ölkədən köçün sürətlənməsi və doğumun azalmasıdır. Diğər yandan isə erkən ölümlər də artıb. Statistik məlumatlara görə, əhalisi 20 min olan bir neçə şəhər vardır ki, demək olar ki, orada il ərzində bir dəfə də olsun doğum qeydə alınmayıb.

- Müxalifət isə belə hesab edir ki, Avropaya sürətli inteqrasiya bu problemləri həll edə biləcək yeganə vasitədir…

- Sadə seçicilərdən fərqli olaraq, özünü lider kimi aparanlar məsuliyyət hiss etməlidirlər və obyektiv gerçəklik anlayışının üstündən xətt çəkməməlidirlər. Ümumiyyətlə, nəyəsə hazır olmadan istədiyinə can atmaq gerçək siyasət sayıla bilməz. Ukraynada konkret olaraq siyasi-iqtisadi cəhətdən Avropa standartlarına uyğun deyil. O ki, qaldı sadə əhaliyə, indi ukraynalılar işləmək üçün Avropa ölkələrinə üz tutublar. Avropada işləyən ukraynalı əmək miqrantları bir il ərzində öz vətənlərinə 25 milyard avrodan artıq pul göndərirlər. Bu isə ümumilikdə Ukrayna üçün əvəzedilməz bir məbləğdir. Əhali də düşünür ki, Avropa ilə münasibətlər daha da istiləşsin ki, pul qazanmaq və işləmək imkanları sadələşsin.

- Bu vəziyyəti avropalılar bilmirmi? Onda nəyə görə onlar Ukrayna ilə assosiativlik üçün bu qədər cəhdlər edirlər?

- Avropada lokomativ rolunu Almaniya ilə Fransa oynayır. Avropanın birləşməsi və genişlənməsi prosesinin yükü əsas etibarı ilə bu iki dövlətin üzərindədir. Onların öz maraqları var. Elə görünməsin ki, onlar Ukraynasız keçinə bilmirlər. Yunanıstan onların başlarını az ağrıtmır. Sadəcə gələcək üçün zamanın tələbinə hesablanmış böyük bir plan var. Ukraynada bu planın tərkibinə daxildir. Ona görə də plan üzrə hərəkət etməyə çalışılır. Avropa siyasətçiləri düşünürlər ki, necə olsa da biz Ukraynadan yox, Ukrayna bizdən asılı olacaq. Ancaq unutmayaq ki, söhbət hələlik Avropa Birliyi təşkilatına üzv olmaqdan getmir. Ümumiyyətlə isə Avropa Birliyinin genişlənməsi böyük geopolitik konfiqurasiyanı nəzərdə tutan dərin bir mövzudur.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar