“XƏZƏR ADALARI”: MİLYARDLIQ ZİDDİYYƏTLƏR – “1.1 milyard dolları şəxsi vəsaitimdir”

“Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankının verdiyi kreditdir”

“Bu günə kimi layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərclənib. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankının verdiyi kreditdir. Buna görə də 70 milyon dollar qaytaracağam. Məbləğin 1.1 milyard dolları şəxsi vəsaitimdir.”

Bunları Avesta Konsernin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli aprelin 9-da Azərbaycanda fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərləri və nümayəndələri ilə görüşündə, həyata keçirdiyi “Khazar İslands” (“Xəzər Adaları”) layihəsi barəsində məlumat verərkən deyib.

Musavat.com-un məlumatına görə, İbrahim Nehrəmli qeyd edib ki, “Xəzər Adaları”nda salınan şəhərin birinci mərhələsini başa çatdırmaq üçün əlavə 2 milyard dollara ehtiyac var: “Əgər 2 milyard dollar da olarsa, ən geci 2020-ci ilədək birinci mərhələdə nəzərdə tutulan tikinti işləri başa çatacaq. Birinci adadakı mənzillərin və obyektlərin satışından 7-10 milyard dollar gəlir əldə ediləcəyi gözlənilir. Birinci adanın satışından əldə olunan gəlir ilə növbəti adalar tikiləcək. Bu isə o deməkdir ki, “Xəzər Adaları”nda işləri davam etdirmək və tamamlamaq üçün cəmi 2 milyard dollara ehtiyacı var”.

Ümumilikdə layihənin 100 milyard dollara başa gələcəyini bildirən Hacı İbrahim Nehrəmli bu vəsaitin bir dəfəyə deyil, mərhələli şəkildə, bir adadan qazanılan pulun növbəti adanın tikintisinə sərf edilməsi ilə işlərin davam etdirilməsinin nəzərdə tutulduğunu söyləyib. Aveta Konsernin prezidenti deyib ki, hazırda tikinti işləri aparılan birinci adada gələn ildən yaşayışa başlanılacaq: “Hazırda binaların fasadının şüşələnməsi işləri aparılır. Gələn il birinci adada 6-7 min nəfər yaşaya biləcək. Birinci adada hazırda tikilən binalardan başqa tikiləcək digər binaların 50 faizinin özülü qoyulub. Hazırda tikilməkdə olan binalar başa çatdıqdan sonra özülü qoyulan binaların tikintisi başlayacaq. Birinci adada gələcəkdə 60 min insanın yaşaması nəzərdə tutulub”.

Hacı İbrahim Nehrəmli nəyin bahasına olursa-olsun, layihəni tikib başa çatdıracağını bəyan edib və binalar ucaldıqca layihəyə inamın artdığını deyib: “Hələ də bəzi insanlarda inamsızlıq və qısqanclıq var. İndiyə qədər çoxları bu şəhəri tikəcəyimə inanmırdılar. Lakin bu gün dənizdə həyata keçirilən işləri görənlər fikirlərini dəyişirlər. Digər tərəfdən isə hamı anlamalıdır ki, Hacı İbrahim özünə villa tikmir. Bu, yeni bir şəhərdir və vətənimizdə qalacaq. Mən də milyardımı götürüb Türkiyəyə gedib otellər alıb yaşaya bilərdim. Amma mən bunu etmədim. Hər zaman da düşünmüşəm ki, Azərbaycan dövləti üçün çalışıb, iz qoyub gedəcəm. Biz iş adamları hər zaman dövlətin və dövlət başçısının həyata keçirdiyi siyasətin yanında olmalıyıq”.

Hacı İbrahim yerli iş adamlarını çəkinmədən “Xəzər Adaları”na sərmayə yatırmağa çağırıb: “Bizim bəzi iş adamları əllərində olan pulu aparıb Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və başqa dövlətlərə yatırırlar. Arzu edərdik ki, onlar da öz vəsaitlərinin bir hissəsini bu layihəyə yatırsınlar. Biz burada 50 faiz qazanc olacağına zəmanət veririk. Biz Bakı şəhərində də bina tikirik, amma bu qədər qazanmırıq”.

Şəhərdəki binalardan mənzillərin satışına başlanıldığını söyləyən şirkət prezidenti qeyd edib ki, hazırda mənzillərin 1 kvadrat metri 5000 dollara satılır: “Burada yaşayan evindən bulvara, ticarət küçəsinə çıxa biləcək. Şəhərdə bütün infrastruktur qurulacaq. Qranitdən salınacaq yolların altı qaraj olacaq. Hər məhəllənin məktəbi, bağçası, idman zalı, çimərliyi və digər infrastrukturları olacaq. Tikilən mənzillər təmirli, mebeli ilə birlikdə təhvil veriləcək. Bu işlərə görə qiymət 5000 dollardır. Belə bir şərait heç bir yerdə yoxdur. Bu gün qiymətlər 5000 dollardır, iki ildən sonra isə ən azı 7000 dollar olacaq. Hazırda 200 ev satılıb. Layihəyə xaricilər daha çox maraq göstərirlər, 200 evdən 180-ni də məhz xaricilər alıblar”.

Azərbaycanda iqtisadi vəziyyətin pisləşdiyi, maliyyə böhranı təhlükəsi baş qaldırdığı bir vaxtda, Hacı İbrahimin “Xəzər adaları” layihəsi ilə bağlı optimizmini qoruması, əlbəttə, təqdirəlayiq haldır. Necə deyərlər, uğura aparan yol inanmaqdan başlayır. Lakin təəsüf ki, hörmətli iş adamının bu optimizmini ekspertlər bölüşmürlər. Əksəriyyətin fikri təbii olaraq bundan ibarətdir ki, “Xəzər adaları” layihəsini təqdim olunduğu formada həyata keçirmək mümkün deyil.

Bu layihəyə inamsızlıq yaradan ən əsas faktorlardan biri isə, elə layihə müəllifinin özünün bəyanatlarıdır. Hacı İbrahim çox tez-tez danışır və saysız-hesabsız vədlər verir, rəqəmlər açıqlayır, tarix göstərir. Lakin indiyədək bu vədlərin mütləq əksəriyyəti özünü doğrultmayıb, açıqlanan rəqəmlər isə heyrətdoğurucu həddə ziddiyyətli olub (Bu barədə AzPolitika.info-da 09.07.2014-cü ildə yayımlanmış

Məsələn, yuxarıda barəsində söz açdığımız dünənki açıqlamasında Hacı İbrahim bu günə kimi layihəyə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini bəyan edib. Əlavə edib ki, bu pulun 1.1 milyard dolları şəxsi vəsaiti olub. Lakin hələ 2013-cü ilin dekabrında mətbuata verdiyi müsahibəsində Hacı İbrahim layihəyə dünən səsləndirdiyi rəqəmdən iki dəfə artıq - 2 milyard investisiya yatırıldığını, bütün vəsaitin isə özünə aid olduğunu iddia edirdi: “Bir daha təkrar edirəm, “Xəzər adaları” mənim şəxsi layihəmdir, bura şəxsi pulumu qoymuşam və hələ də kreditdən istifadə etməmişəm.” (“Xəzər adaları” layihəsinin Paşayevlərə heç bir aidiyyatı yoxdur” – Hacı İbrahim, dekabr 2013-cü il, “İnter.az”).

Otradakı “gözçıxaran” ziddiyyətə xüsusi olaraq diqqət yönəltməyə ehtiyac varmı? Hələ 2013-cü ilin dekabrına qədər layihəyə 2 milyard dollar xərcləndiyi halda, indi bu rəqən 1 milyard 157 milyona necə düşdü?...

Başqa bir ziddiyyət: Hacı İbrahim “Yeni Müsavat” qəzetinin 22 noyabr 2003-cü il tarixli sayında dərc olunmuş müsahibəsində deyirdi:

“Buranı (“Xəzər adaları”ndan söhbət gedir-red) başlayanda cəmi 50 milyonum vardı. İndi hesablayanda baxıram ki, hardasa 1.2 milyard manat xərcləmişəm. Bəzən özüm də məəttəl qalıram ki, bu işləri mən necə gördüm…” (Bax “Dənizdə şəhər tikən adamın hekayəsi”, “Yeni Müsavat” qəzeti, 22 noyabr, 2013-cü il.).

2014-cü ilin oktyabrında isə Hacı İbrahim “Bloomberg” televiziyasında çıxışı zamanı deyir: “Mənim “Xəzər adaları” layihəsinə başladıqda 4 milyard dollar sərmayəm vardı. Amma 4 milyard dollarımın hamısını “Xəzər adaları” layihəsinə yatırmaq istəmirəm. Çünki mən Bakıda başqa layihələri həyata keçirirəm və həmin layihələrdən əldə etdiyim gəliri “Xəzər adaları” layihəsinə yönəldirəm”. (Bax: “4 milyard dollar sərmayəm vardı” – 03.10.2014, marja.az).

50 milyonla 4 milyard arasında nə az-nə çox, 80 dəfə fərq var!

Hacı İbrahimin son 3-4 ildəki müsahibələrində, açıqlamalarında yüzlərlə belə böyük ziddiyyət var. Təəssüf ki, dəvətli olsaq da, obyektiv səbəblərdən Hacı İbrahimin media təmsilçiləri ilə dünənki görüşünə qatıla və bu ziddiyyətlərlə bağlı suallarımızı onun özünə ünvanlaya bilmədik. Lakin heç şübhəsiz ki, Azərbaycan investoru və alıcısı bu qeyri-ciddiliyin fərqindədir. Təsadüfi deyil ki, Hacı İbrahim indiyədək cəmi 200 ev satdığını, onun da 180-nini xaricilərin aldığını deyir. Sitat: “Hazırda 200 ev satılıb. Layihəyə xaricilər daha çox maraq göstərirlər, 200 evdən 180-ni də məhz xaricilər alıblar”.

Görünən budur ki, hörmətli Hacı İbrahim bu qeyri-ciddiliklə “Xəzər adaları” kimi ciddi (fantastik) layihənin heç 1-2 faizini də həyata keçirə bilməyəcək. Bu da təəssüf doğurur.

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar