ABUTALIBOVUN “PENOPLAST” ƏMƏLİYYATI - Bakını ucuz “Çin malı” ilə oda verən kimdir?

"Elçisi Gülüm olanın başına KÜLüm olar"

Dünən gecə paytaxtın Nobel prospektindəki 9 mərtəbəli binada baş verən yanğın insan itkisi olmadan ötüşsə də, böyük təhlükənin siqnalını vermiş oldu. Belə ki, binanın fəsadının bir anda od tutub yanması son vaxtlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binalara çəkilən üzlüklərin insanların həyatı üçün nə qədər təhlükəli olduğunu ortaya qoydu. Söhbət binalara üzlük kimi vurulan penoplast materialından gedir.

Ekspertlər dəfələrlə mediada çıxış edərək, binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulasalar da, bütün şəhəri “gözəlləşdirməyə” and içən Hacıbala Abutalıbov, bunu eşitməzlikdən gəlir.

Qeyd edək ki, penoplast üzlüklər Çindən gətirilir. Bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır. Bu məsələ dəfələrlə qadırılsa da, mütəxəssislərin rəyləri nəzərə alınmayıb. Elə ötən gecə binanın 9 və 8-ci mərtəbəsində başlanan qığılcımın 10 saniyə içərisində bütün mərtəbələri əhatə etməsi bu materialın nə dərəcədə təhlükəli olmasının əyani sübutu oldu.

Onu da qeyd edək ki, binaların üstünə vurulan bu plastik üzlüklər günəş şüası ilə də alışa bilir. Çox ağır kimyəvi bir materialdan hazırlanan bu penoplastlar Bakıya təhlükə törədir. Bu material yanan zaman öldürücü qoxusu hər yeri basır ki, yay vaxtı belə hadisənin baş verməsinin necə fəlakət yarada biləcəyini xüsusi izah etməyə ehtiyac yoxdu.

Ancaq mütəxəssis rəylərinə məhəl qoymayan Abutalıbovun “tenderlərdə” seçdiyi şirkətlər, inadla kağız kimi yanma xüsusiyyətinə malik penoplast materialları yayda 40-50 dərəcə istinin olduğu, siqaretin çəkilib küçələrə atıldığı Bakının binalarına yapışdırmaqla məğuldur.

Bu zaman diqqət çəkən bir məqam var. Belə ki, binalara üzlük kimi vurulan bu penoplastlara sonradan “aqlay” daşları rəngində boya çəkilir. Yəni, əvvəlcədən görməyənlər binaların “aqlay” daşları ilə üzləndiyini düşünə bilərlər.

Məlumatlı mənbələrdən “AzPolitika.info”ya verilən bilgiyə görə, əslində paytaxtdakı binaların fasadlarının “aqlay” daşları ilə üzlənməsi nəzərdə tutulub. Şəhərin mərkəzində ötən ilin ortalarına qədər üzlüyü dəyişdirilən binalarn əksəriyyətində məhz “aqlay” daşlarından istifadə olunub.

Ancaq sonradan hansısa səbəbdən binaların fasadlarının “aqlay” daşları ilə deyil, Cindən uzus qiymətə alınıb gətirilən penoplast materialı iə üzlənməsinə qərar verilib. Şəhərin ətrafında yol qırağında, görünən yerdə yerləşən bütün binaların üzünə penoplast material vurulur. Qeyd edək ki, təkcə bir prospekt boyu 16 binada belə üzlüklərin çəkilməsi prosesi 8 aydır ki, davam edir.

Bunun səbəbi kimi iki ehtimal irəli sürülür.

Birincisi, neftin qiymətinin düşməsindən sonra büdcədən bu işlərə ayrılan pul azaldıldığından binaların “aqlay” daşları əvəzinə, ondan dəfələrlə ucuz penoplastlarla üzlənməsinə qərar verilib.

İkincisi, Bakı Şəhər İcra Hakimiyyəti sənəddə binaların “aqlay” daşları ilə üzlənməsini qeyd edib, fasadlara penoplastları vurur. Nəticədə ortadan milyonlarla manat şəxsi ciblərə axır.

Azərbaycanda vəzifəli şəxslərin “iştahını” nəzərə alsaq 2-ci ehtimalın daha çox həqiqətə yaxın olduğunu söyləyə bilərik. Yəni kimlərinsə, insanların həyatı ilə oynayaraq milyonları mənimsəməsi də istisna deyil...

Ancaq hansı səbəbdən olursa-olsun, kağız kimi yanma xüsusiyyətinə malik materialların minlərlə insanın yaşadığı binalara vurulmasına heç bir halda haqq qazandırmaq mümkün deyil. Dünənki hadisə bunu qəti şəkildə ortaya qoydu. Kiçik bir ehtiyatsızlıq nəticəsində 408 nəfər bina sakini evsiz qaldı. Bir tərəfdən yanğın, bir tərəfdən də yanğın söndürülən zaman suyun vurulması nəticəsində mənzillərin içərisi yararsız hala düşüb. Üstəlik, yanğın vaxtı evdə olan bina sakinlərinin əksəriyyəti zəhərlənib.

Onu da qeyd edək ki, bu üzlük səbəbindən yanan ilk bina deyil. Əvvəllər də paytaxtda belə hadisələr qeydə alınıb. Hətta bu yaxınlarda "AzPolitika.info" yanan binanın qonşuluğundakı mənzillərin birində eyni səbəbdən yanğının baş verdiyi, xöşbəxtlikdən tez söndürüldüyü haqda məlumat vermişdi. Buna görə də, binalarda yaşayanlar fasadların penoplastlarla üzlənməsinə dəfələrlə etiraz ediblər.

Ancaq bu təhlükəni və insanların etirazını nə işləri həyata keçirən Bakı Şəhər İcra Hakimiyyəti, nə də tikintiyə nəzarət edən Fövqəladə Hallar Nazirliyi nəzərə almayıb. Üstəlik qanunun tələbini də pozublar. Belə ki, iqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, binaların üzlənməsi zamanı 2009- cu ildə qəbul edilən Mənzil Məcəlləsinin tələbləri pozulur: “Həmin Məcəlləyə əsasən, binanın idarəsi sakinlərə verilməlidir və onlar təmirlə bağlı qərar qəbul etməlidir. Tender keçirilməlidir ki, hansı şirkətin təmiri həyata keçirəcəyini sakinlər seçsinlər. İndi bu baş verən yanğına görə dəymiş zərəri o binanı təmir edən İcra Hakimiyyəti ödəməlidir. Bu kompensasiya ona görə ödənilməlidir ki, yanğın hadisəsi birbaşa onun səhvi ucbatından baş verib”.

Sonda qeyd edək ki, paytaxtda binaların kosmetik gözələşdirilməsi naminə insanların həyatının təhlükəyə atılmasına dünyanın heç bir yerində rast gəlinməyib. Bu cəhətdən də Azərbaycan həqiqətən ANALOQSUZ ölkədir. Ancaq bu fakt Hacibala Abutalıbov kimi birinin 15 ilə yaxındır Bakı böyüklükdə bir şəhərə başçılıq etməsindən daha TƏƏCCÜBLÜ deyil. Atalarımız nahaq yerə deməyib ki,  "Elçisi gülüm olanın, başına külüm olar"!

Yəni, belə getsə hələ başımıza havadan çox KÜL yağacaq!!!

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar