RƏSUL QULİYEVİN SON AÇIQLAMASINA SÖZARDI - Xalqı kim ələ salır?

“Bu gün Milli Şuranın məqsədinin prezident seçkilərini udmaq olduğunu iddia edənlər növbəti dəfə xalqı ələ salırlar»

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev Milli Şurada təmsil olunmasına baxmayaraq, müxalifətin birliyinə qarşı açıq mövqe nümayiş etdirir. Milli Şura Cəmil Həsənlinin namizədliyini irəli sürdükdən sonra onun xalqdan ən yaxşı halda 2 faiz səs alacağını iddia edən R.Quliyev, təxminən 10 gün sonra seçkilərdə Cəmil Həsənlini dəstəkləyəcəyi və bu haqda xalqa çağırış edəcəyi barədə bəyanat verdi. Lakin bu bəyanatın ardınca ACP lideri yenə də Milli Şuranı hədəfə götürüb.

R.Quliyev Modern.az-a bu günkü açıqlamasında bildirib ki, Milli Şura üzvləri seçkilərdə müxalifətin qalib gələcəyini bildirməklə xalqı ələ salırlar.

“Bu gün Milli Şuranın məqsədinin prezident seçkilərini udmaq olduğunu iddia edənlər növbəti dəfə xalqı ələ salırlar. Çünki minimal səviyyədə seçkiləri saxtalaşdırmağın qarşısını necə alacaqlarını bilməyənlər, seçkilərdən necə qalib çıxa bilərlər? Nümayəndələrinin səs veriləcək və sayılacaq kəndlərdən tutmuş şəhərlərə qədər küçəyə çıxmaqlarına belə, əngəl törətməyi təşkil edə bilən hökumətin qarşısına qoymağa nələri var? Bu seçkilərdə Milli Şura üzvlərindən bəzilərinin məqsədi seçkiləri udmaq yox, özlərinin heç kimə lazım olmayan siyasi ömürlərini uzatmaqdır”.

Eks-spiker həmçinin Milli Şuranın bəzi üzvlərini dağıdıcılıqda ittiham edib.

“Milli Şura üzvlərinin konkret iş görmək əvəzinə dağıdıcı fəaliyyətini davam etdirəcəklərinə şübhə ola bilməzdi. Başqa sözlə, Azərbaycanın tarixində işləmək şansına malik olmayan, anadan ölü doğulmuş uşaq meydana gəldi. Milli Şuranı “taleyüklü təşkilat” adlandırmaqlarına baxmayaraq, onun iclaslarında heç bir stenoqrama aparmamaq, əvvəldən axıra qədər bütün prosesin videosunu yazmamaq Milli Şuranın hansı tarixi rolundan danışmağa əsas verir? Əgər bunlar olsaydı, bu gün xalq o yazılara baxıb Milli Şuranın işləmək üçün yox, dağılmaq üçün yaradıldığını aydın görə bilərdi”.

Rəsul Quliyevin bu kiçik açıqlamasındakı bir çox fikirlər, təəsüf ki, müəyyən qədər reallığı əks etdirir. Azərbaycan müxalifəti, Milli Şura bu imkanlarla çətin ki, oktyabrın 9-da hansısa ciddi nəticələrə nail olsun. Milli Şuranın hakimiyyətə gəlməsinin iki yolu var.

Birinci yol demokratik seçkilərdən keçir. Seçkilər azad və ədalətli olsa, iddiaçılar bərabər şərtlərlə yarışsa, əlbəttə ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin Azərbaycan xalqından yetərincə səs almaq və hakimiyyətə gəlmək şansı var. Lakin biz hamımız çox gözəl bilirik ki, demokratik seçkilər, sadəcə olaraq bir arzudur.

Milli Şuranı hakimiyyətə apara biləcək ikinci yol xalq inqilabıdır. Gürcüstanda, Ukraynada, Qırğızıstanda və digər ölkələrdə olduğu kimi, seçki günü və ya bir gün sonra on minlərlə insan küçələrə çıxmalı, saxta seçkilərə etiraz etməli və hökuməti istefaya göndərərək növbədənkənar və demokratik seçkilərə nail olmalıdır. Lakin gəlin indilik bu variantı da kənara qoyaq. 1 aydan sonra Azərbaycanda bu hadisələrin baş verəcəyinə inananların sayı heç on minlərlə də ölçülmür.

Deməli gələn ay Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verəcəyi ehtimalı, həqiqətən də aşağıdır. Amma... kiçik də olsa bir ümid var!

Rəsul Quliyev isə belə görünür ki, bu ümidi də öldürmək niyyətindədir.

Əvvəla, Rəsul Quliyevin yuxarıda təqdim etdiyimiz və ümumiyyətlə Milli Şuranın namizədi ilə bağlı son açıqlamaları demokratik prinsiplərə və siyasi etikaya ziddir. Qəbul olunan qərarı müzakirə etmirlər. Ya onun icrasında iştirak edirlər, ya da susurlar. Ya dəstəkləyirlər, ya da dəstəkləmirlər. Eyni vaxtda həm dəstəkləmək, həm də dəstəkləməmək, həm tərifləmək, həm də əleyhinə danışmaq ciddi siyasətçilərin işi olmamalıdır.

Rəsul Quliyev politoloq deyil, siyasətçidir, bir partiyanın rəhbəridir və həm də birinciliyə iddialıdır. Bu statusda olan birisinin davamlı olaraq başqalarını tənqid etməsi ciddi görünmür.

ACP lideri deyir ki, seçkilərdə müxalifətin qalib gələcəyini iddia edənlər xalqı ələ salırlar.

Amma özü son bir ildə dayanmadan bəyan edirdi ki, prezident seçkilərində iştirak edəcək və 100 FAİZ qalib gələcək.

Deyirdi ki, başqa heç kimin namizədliyini dəstəkləyən deyil.

Deyirdi ki, ABŞ Konqresində, Avropa Birliyində və Şurasında keçirdiyi görüşlər nəticəsində 100 faiz hansısa qətnamələr olacaq.

Deyirdi ki, filan ayda 100 minlik mitinqlər təşkil edəcək.

Deyirdi ki, komandası ilə birlikdə ciddi bir proqram hazırlayır, xalqa təqdim edəcək.

Bəyan edirdi ki, uzağı sentyabr ayında Azərbaycana gələcək.

Deyirdi ki, əmin olun, İlham Əliyevin sonu çatıb və sairə.

Rəsul Quliyev bütün bunları dedikcə insanlar sadəcə olaraq gülürdülər. Amma o geri çəkilmir, xülya təsiri bağışlayan bəyanatlarını ard-arda düzürdü.

KİM XALQI DAHA ÇOX ƏLƏ SALIB?

Bu gün isə sentyabrın 10-dur. Namizədlərin irəli sürülməsi mərhələsi dünən başa çatdı. Bir həftədən sonra 22 günlük təbliğat-təşviqat mərhələsi başlayır və oktyabrın 9-da hər şey məntiqi soluğuna çatacaq.

Xalqa bu qədər vədlər verən və heç birini yerinə yetirməyən bir siyasətçinin indi müxalifətin hakimiyyətə gələcəyini iddia edənləri xalqı ələ salmaqda ittiham etməsi, ilk növbədə o siyasətçinin özünün faciəsidir.

Elə son açıqlamasının ucundan tutaraq Rəsul Quliyevə çoxlu suallar ünvanlamaq olar. Məsələn, soruşmaq olar ki, gözlənilən saxtakarlığın qarşısını almaq üçün sizlər nə tədbir görürsünüz?

Partiyanız niyə yaman gündədir?

Milli Şuraya göndərdiyiniz adamların yarısı niyə gözə dəymədi?

Sonuncu mitinqə niyə cəmi 200 adam çıxara bildiniz?

Neçə kənddə saxtakarlığın qarşısını almaq iqtidarındasınız?

Niyə bu dəfə də vəd verib ölkəyə gəlmədiniz?

Və sairə.

Amma bunları soruşmağın heç bir mənası yoxdur.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar