VERGİ “NURGÜN MOTORS”-un QAPILARINI MÖHÜRLƏDİ - Şirkət 3 gündür işləmir - FOTOLAR

Vergilər Nazirliyi “Nurgün Group”un Babək prospektində yerləşən satış mərkəzlərini bağlayıb. AzNews.az xəbər verir ki, şirkətə məxsus “İnfiniti”, “Renault”, “Nissan” və “Ford” markalı avtomobillərin satıldığı salonlar 3 gündür ki, möhürlənib. Səbəb kimi “Nurgün Motors”un vergini vaxtında ödəməməsi göstərilir.

Məsələ ilə bağlı “Nurgün Motors”un marketinq şöbəsindən bildiriblər ki, satış mərkəzlərində təmir işləri aparıldığı üçün fəaliyyətini müvəqqətini dayandırıb: “Şirkətə məxsus avtosalonlarda profilaktik işlər görülür və bəzi təmir işləri aparılır. İşlər bitmək üzrədir. Salonların fəaliyyəti bu gün axşam saatlarından etibarən bərpa olunacaq”.

Lakin “Nurgün Motors”a aid olan böyük avtomobil salaonlarının niyə hamısında eyni vaxtda təmir işlərinin aparılması sualına cavab verilməyib. Onu da bildirək ki, informasiyanı dəqiqləşdirmək üçün adı çəkilən salonlara yollanan əməkdaşımız, orada hər-hansı təmir- bərpa işlərinin aprıldığını müşahidə etməyib. Sadəcə, salonların qapıları bağlı olub və nəinki, işçilər, heç mühafizçilər də gözə dəyməyib.

Qeyd edək ki, “Nurgün” Şirkətlər Qrupu 1994-cü il oktyabrın 4-də təsis edilib. “Nurgun Group” “Nissan”, “Ford”, “Renault” və “İnfiniti” markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Onu da bildirək ki, mətbuatda “Nurgün Motors”un müştəriləri aldatması, bundan əlavə keyfiyyətsiz avtomobillərin satışı ilə məşğul olması haqda tez-tez informasiyalar yayılır.(Aznews)

"Nurgün Motors"un sahibi kimi iş adamı Nuru Əliyev tanınır. Lakin bəzi məlumatlara görə, şirkətin gizli sahibi Əmlak Komitəsinin keçmiş rəhbəri Nadir Nəsibovdur.

Məlumdur ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar büdcə kəsirini bağlamaq üçün bu il Vergilər Nazirliyinə fövqəladə səlahiyyətlər verilib. Nazirlik, xüsusən böyük şirkətlərə qarşı - onun sahibinin kimliyinə fərq qoymadan, ciddi tələblər irəli sürür. Çox böyük ehtimalla, "Nurgün Motors"-un üzərində də "samballı" öhdəliklər qoyulub, lakin şirkət bundan boyun qaşırır. Ona görə də Vergilər Nazirliyi şirkətin satış mərkəzlərinin qapısına möhür vurub. Son aylarda Bakıda onlarla böyük şirkət, supermarketlər, istehsal müəssisələri belə halla üzləşiblər.

***

Vergilər Nazirliyi "Nurgun Group"a daxil olan "Nurgun Motors"un əmlakını siyahıya alıb. Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

“Nurgun Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub", - deyə nazirlik rəsmisi qeyd edib.

Borcun həcmi açıqlanmır.

Murad MƏMMƏDOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar