CAHANGİR HACIYEV LONDONA KÖÇÜR - Onu yoxlayırlar

Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin “səhhəti” ilə bağlı istefasının əsl səbəbi üzə çıxır

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, “səhhəti ilə əlaqədar” martın 18-də istefa verən Cahangir Hacıyevlə bağlı yeni məlumatlar yayılıb. İddia edilir ki, hazırda Maliyyə və Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Mərkəzi Bankın mütəxəssisləri Beynəlxalq Bankda birgə yoxlamalara başlayıblar. Bu yoxlamaların məqsədi dövlət zəmanəti ilə xaricdən alınmış kreditlərin ölkədə kimlərə və hansı şərtlərlə verilməsinə aydınlıq gətirməkdir. Yoxlamalar bankda bir neçə nəfərin həbsi ilə nəticələnə də bilər.

Ölkənin ən iri bankına 14 il rəhbərlik etmiş, bank-maliyyə sektorunun önəmli simalarından biri olmaqla yanaşı, hakimiyyətə ən yaxın şəxs kimi tanınan C.Hacıyevə gəlincə, onun Azərbaycanı tərk etdiyi deyilir. Bəzi mənbələrin xəbərlərinə görə, C.Hacıyev əvvəl Almaniyada nüfuzlu klinikalardan birində müalicə almaq niyyətindədir. Onun ağ ciyərindəki narahatlıqla bağlı müalicə alacağı söylənilir. Amma musavat.com-a məlumat verən daha bilgili mənbə söyləyib ki, sabiq bank rəhbərinin ölkədən çıxışına yasaq qoyulması və Almaniyada müalicə olunması xəbəri doğru deyil. Belə ki, sabiq nazir Almaniyaya yox, Londona yerləşib. Mənbəmiz deyib ki, C.Hacıyevin istefasının əsas səbəbləri sırasında onun Azərbaycandan könüllü getmək istəyi olub.

Mənbə deyib ki, C.Hacıyevin ailəsi uzun müddətdir ki, Azərbaycanda yaşamır ki, bu da ona ciddi problemlər yaradır. Onun yaxınları bankirin qarşısında tələb qoyub ki, Londona, ailəsinin içinə gəlsin. Bankir dövlət rəhbərliyindən bir neçə dəfə bu mövzuda xahiş edib və sonunda onun probleminə anlaşıqlı yanaşılıb. Amma C.Hacıyevə təklif edilib ki, səhhəti ilə bağlı ərizə yazsın: “Bu halda onun yenidən hansısa mühüm posta qaytarılması mümkün ola bilər. Təbii ki, dövlətin ona bir mütəxəssis kimi ehtiyacı yaranarsa”.

Qeyd edək ki, aprelin 2-də Beynəlxalq Bank səhmdarlarının toplantısında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib. Hazırda bankın rəsmi saytında İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayevin icra etdiyi bildirilir.

Son illər məmurların və onların ailə üzvlərinin xüsusilə Londona yerləşməsi barədə xəbərlər intensivləşib. Məmurlar ölkəni adətən “müalicə” və ya “övladının təhsil problemi” adı ilə tərk edirlər. (Onların bir çoxunun övladları həqiqətən də İngiltərənin nüfuzlu məktəblərdə oxuyur). Bu prosesin, xüsusilə 2013-cü il prezident seçkisi öncəsi və hökumətin korrupsiya ilə mübarizəni gücləndirməsi barədə qərarından sonra daha ciddi vüsət aldığı iddia olunur. Bəzi nazirlər, nazir müavinləri, komitə sədrləri, icra başçıları, vergi və gömrük işçilərinin ailələrinin Avropada yaşadığına dair xəbərlər var. Onların bəziləri hətta vətəndaşlıq belə alıblar...

Cahangir Hacıyevin həm Azərbaycanda, həm də Rusiyada və Birləşmiş Ərəb Əmirliklərində biznesinin olduğu deyilir. Azərbaycandakı biznes obyektlərinin sonrakı taleyinə gəlincə, belə ehtimallar var ki, hakimiyyətlə ciddi problemləri olmasa da, C.Hacıyev bu biznes şəbəkəsinin bir çoxu ilə vidalaşmalı olacaq. Artıq sabiq bankirə aid olduğu deyilən hərbi ayaqqabıların istehsalçısı olan BOT MMC fəaliyyətini dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar