“AMAY ABDULLA” ƏSƏBİLƏŞDİ - “Bilmədiyiniz şeyi danışmayın”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən qismində Elçin Əliyev, Eldar Cəfərov və Akif Əhmədov ifadə verdilər.

Elçin Əliyev “Xudafərin” MMC-dən mənzil aldığını, oranı təmir etdiyini və təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirdi.

Eldar Cəfərov da şikayətinin olmadığını bildirsə də indiyə qədər mənzilin tam təhvil verilmədiyini söylədi: “Bizim tələbimiz odur ki, mənzilimiz təhvil verilsin. 2005-ci ildə ora köçməli idim, amma 10 ildir köçə bilmirəm. Binanın komplektləşdirilməsini istəyirik. Mənzilimiz tam təmir olunmadığına görə bir dəfə Binəqədi, bir dəfə də Nərimanov Rayon məhkəmələrinə şikayət etmişik. Binada kanalizasiya xətti quraşdırılmayıb, lift işləmir”.

Abdulla Abdullayev zərərçəkənin düz danışmadığını deyərək ona sərt şəkildə irad bildirdi: “2 il əvvəl orada 8 blokda lift qoyulub. Həmin liftlərə yük vurub qaldırıblar. Deyirsiniz işıq yoxdur, bilmədiyiniz şeyi danışmayın. Oranın işığı da var, kanalizasiya xətti də. Korrupsiya İdarəsi işə başladı, bizim iş dayandı. Bu adamlar nisyə söhbət danışır. Mən Azərbaycandan 2012-ci ilin noyabrında getmişəm. Liftləri qoyan şəxsin də pulu tam ödənilib. Özüm gedib binaya baxmışam. Əgər məsləhətdirsə, adam ayırın, gedib baxsınlar. Ümumiyyətlə, “Xudafərin” işinə burada niyə baxılır - başa düşmürəm”.

Proses aprelin 16-na kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar