Milli Şura, saray münəccimləri və suyu kəsən əjdaha

Azərbaycan siyasətçiləri qəzet yazılarından asılı olmadıqlarını bəyan edə biləcəklərmi?

Dövləti qura bilməmək üçün nələri etmək lazımdır?

Öncə ondan başlamaq istərdim ki, hər hansı analiz yazısı bir siyasi koalisiyanı dağıtmaq gücündə ola bilməz. Bir nəfərin analizi, ən yaxşı halda, bir nəfərə məxsusdur, amma bir siyasi koalisiya onlarla adamın analitik imkanlarının və minlərlə, on minlərlə adamın iradəsinin nəticəsidir.Və o barədə yazmaq istərdim ki, Milli Şuranın Rusiya və ya Qərb proyekti olması ilə bağlı bütün analitik materiallar, informasiyalar cəfəngiyyatdır. Milli Şura Azərbaycanın siyasi və intellektual imkanlarının ortalığa qoyduğu bir layihədir və “zərb” proyektidir. “Zərb” yəni o mənada ki, bu, siyasi və intellektual gücün oluşdurduğu bir layihədir və istər seçkidən öncə, istərsə də seçkidən sonrakı mərhələdə Azərbaycan xalqının bütün iradəsini cəmləyərək avtoritarizmdən xilas olmağa hesablanıb.

Bu qədər inamla ona görə yazıram ki, bu proyektin hazırlanmasında, çoxtərəfli və ya ikitərəfli danışıqların bütün variantlarının baş tutmasında birbaşa və ya dolayısı ilə iştirak etmişəm. Kimsə məni Rusiya ilə, eləcə də Azərbaycana qarşı məkrli niyyətlə düşünən hər hansı bir coğrafi-siyasi səmtlə əlaqələndirmək istəsə, belələrini “kafirlikdə deyil, yalançılıqda ittiham edərəm” (Imam Hənəfidən sitatdır).

Milli Şura Azərbaycan vətənpərvərliyinin ortalığa qoyduğu bir siyasi layihədir. Əslində, bu, bir siyasi layihə də deyil, ümumxalq hərəkatıdır. Bu hərəkatdan kənarda qalanlar və ya özlərini onun kənarında təsəvvür edənlər ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycanın mənafelərinə qarşı dayanıblar.

Nəsirəddin Tusi Milli Şura haqqında nə dedi?

Müxtəlif mövqelər ola bilər. Amma Allah xatirinə, bir mövqenin izahatı yoxdur: guya Azərbaycana qarşı dünyanın o boyda nəhəng bir planı var ki, Ilham Əliyev hakimiyyətdən getsə, həmin planlar işə düşəcək, Azərbaycan tar-mar olacaq və buna görə də bu hakimiyyətə dözmək lazımdır.

Hansı əsrdə olduğunu tarixçilər desin... (Mən tarixçi deyiləm). Hülakü xan Bağdada hücum etməzdən öncə saray münəccimləri tökülüşürlər xanın ətəyinə ki, orası müqəddəs bir yerdir və oraya qoşun çəkmək olmaz, Allahın qəzəbinə gələrik. Hülakü xan ən çox inandığı və ulduzların hərəkətinə də ən yaxından bələd olan Nəsirəddin Tusiyə gənəşir ki, Bağdada hücum etsəm, nə baş verər? Tusi deyir ki, heç nə baş verməyəcək, sadəcə Bağdaddakı sarayın sahibi dəyişəcək, vəssalam.

Indi seçki ərəfəsində qorxulu proqnozlar verən “politoloqları” və ya jurnalistləri görəndə mənim həmin adamlara və onların “Bağdad hakimi”ndən aldıqları ənamlara heyfim gelir. Nədən? Heç bir ciddi nədəni yoxdur. Bir hökumət 20 ildir, ölkəni zəlil günə salıb. Indi bu hökumətin dəyişməsi məsələsi gündəmdə olanda bəzi “Bağdad münəccimləri” elan edirlər ki, bəs deməzsən, Ilham Əliyev prezident olmasa, dünya dağılacaq və Azərbaycan da həmin dağılan dünyanın altında qalıb xurd-xəşil olacaq. Bir az da, lotuluq yağan şərhləri görürəm və adamların itirdiyi enerjiyə heyfim gəlir. Əgər Azərbaycan və ya hər hansı bir başqa Xarabastan bir nəfərin umuduna qalmış kimi görükürsə, onda həmin ölkənin də, həmin ölkənin adamlarının da başına daş düşsün.

Bəşər Əsədin bir millətin şurasına etdiyi yamanlıq

Millət, bilirsiz, üç ildir Bəşər Əsədin nazı ilə niyə oynayırlar? Əşhədü billah, ya hamı bilir, ya da hamı bildiyini babasına vermir... Bütün dünyanın ən ciddi elm- siyasət mərkəzləri bunun üstündə düşünür ki, Bəşər Əsəd gedəndən sonra yerinə kimi gətirəcəyik? Allaha and olsun, amerikalılar da bunu fikirləşir, ruslar da, iranlılar da... səudiyyə də... Bütün dünya tökülüb Suriyanın üstünə, hamı öz alverini eləyir, amma heç kim də, obyektiv olaraq, Bəşər Əsədin yerinə gələcək adamı və siyasi-ictimai gücü tapa bilmir. Ona görə yox ki, Bəşər Əsəd Suriyanın ən urvatlı, ən ləyaqətli, təmsilçilik normativləri ən yüksək olan zatıdır. Qətiyyən belə deyil. Ona görədir ki, Bəşər və ondan əvvəl atası Hafiz Əsəd Suriya xalqını axtalayıb! Suriyada ölkəni təmsil edə biləcək bir adam və ya bir çevrə belə qoymayıb. Dağılsın o ölkə ki, bir xanimandan başqa istinadı yoxdur. Qəhr olsun o millət ki, bir sülalədən başqa idarəedici potensialı yoxdur. Gümanı yalnız bir sülaləyə, bir partiyaya qalan millət varlığı oluşmamış millətdir və əmələ gəlməmiş dövlətdir. Qalan bütün söhbətlərin başını buraxın getsin.

Cəmil Həsənli ilə Ilham Əliyev arasındakı fərq qədər pəhləvan

Indi nə baş verir Azərbaycanda? Seçkidir. Ilham Əliyev olmayacaq, Cəmil Həsənli olacaq. Ilham Əliyev neft pullarını cibinə qoyurdu, Cəmil Həsənli bunu edə bilməyəcək, çünki koalisyon hökuməti qurulacaq və ikincisi (!), Cəmil Həsənli vicdanlı adam olaraq, bunu etməz. Ilham Əliyev neftdən savayı, ölkənin bütün yeraltı və yerüstü sərvətlərini ətrafında olan beş-altı adamın menecerliyi ilə istismar edirdi, Cəmil Həsənli bunu edə bilməyəcək, çünki, onun quracağı hökumət ictimai nəzarətin altında və ictimai nəzarətdən asılı olan bir hökumət olacaq. Ilham Əliyev Qarabağ və müharibə söhbətinə büdcə vəsaitlərinin intensiv və ekstensiv həzm-rabe üsulu kimi yanaşıb, yanaşır, imkanı olduqca da belə yanaşacaq, amma Cəmil Həsənli bunu etməyəcək, edə bilməyəcək, etmək imkanı olmayacaq, çünki bir mafiyanın deyil, bir siyasi koalisiyanın hakimiyyətə gətirdiyi adam olacaq.

Rusiyanı da, Amerikanı da, Avropanı da,.. hər kəsi boş verin getsin. Taleyini müəyyən edən xalqların qarşısında kimsə duruş getirmir. Bu xalqın sayı 9-10 milyon deyil, lap, 900 min nəfər də olsa... (Çeçen savaşını gözümə soxmayın, orada çeçen siyasəti yox idi. Yeri gelmişkən, mən Çeçenistanda tam 1 il işləmişəm və oradakı münasibətlərin hansı əsas və qayalarda həll olunduğunu yaxşı bilirəm).

Məşhur bir lətifə var: “Kəndin pəhləvanı 10 il sonra kəndə dönür. Deyirlər ki, 10 ildir suya həsrətik. Bulağın başında əjdaha yatır və bizi su götürməyə qoymur. Pəhləvan geyinir- keçinir, altan-üstdən qıfıllanır və bulağa gedir. Görür ki, həqiqətən də heybətli-qorxulu bir varlıq bulağın üstündə uzanıb-qıvrılıb yatır. Qılıncını çıxarıb buna bir-iki... çəkir. Əjdaha bir gözünü açıb baxır və soruşur: ”Qardaş, nə istəyirsən". Pəhləvan qürurla: “Su!” deyib hayqırır. Əjdaha “Adam, suyunu götür, rədd ol başımdan”’ - deyir.

Məsələ onda deyil ki, hansısa bir pəhləvana ehtiyac var. Bir millət öz taleyini özü həll etmək istəməyəndə bütün əjdahalar özlərini yatmışlığa vururlar. Amma millət öz taleyini həll etmək istəyəndə, bunun üçün ayağa qalxanda milləti Rusiya ilə, Qərblə, Amerika ilə qorxutmağın heç yeri yoxdur.

Ya Hənəfisiniz, ya da Hüseyni

Milli Şura bir ümumxalq hərəkatıdır. Ya bu hərəkatda olursan, ya da bu hərəkatda deyilsən. “Bəs, bunlar hakimiyyətə gəlsələr, sonumuz nə olacaq” kimi düşünənlər ikicə kateqoriyadadırlar: onlar ya Azərbaycan adamını bu qədər rəzil günə salanların proyektlerində yer alanlardır, ya da pensiyalarında 10 faizlik artımın 4-5 manat olduğunu hesablaya bilməyənlər. Yəni, ya çox “ağıllılar”, ya da çox axmaqlar.

Milli Şura bir ümumxalq hərəkatıdır. Bu hərəkata qoşulmaq bir cəsarət istər. Və bu cəsarət hər kəsdən istənilər. Bu hökumətdən hər kəsin narazı olduğu ortadadır. Amma ortalıqda itirilən dəyərlər, məhv edilən insanlıq var və bu faktorlar nəzərə alınmalıdır.

Ölkə bir müsəlman ölkəsi. Sünnisi ilə, şiəsi ilə bir yerdə. Sünnisinin imamı Imam Hənəfidir ki, sosial ədalətin, haqq və hüququn tapdalandığı, beytül malın dağıdıldığı əməvi xəlifələrinə qarşı savaşanlara nəinki hüquqi və siyasi yardım, hətta maliyyə yardımı da edirdi. Yeri gəlmişkən, Azərbaycan hənəfiləri bilməlidilər ki, Imami-Əzəm Hənəfi Əməvi dövrünün ən böyük “oliqarx”larından idi, amma zülmə qarşı savaşanlara canı ilə də, biliyi ilə də, siyasi xarizması ilə də və hətta maliyyə imkanları ilə də yardım edirdi. Buna görə də şəhid edildi. Azərbaycan şiələrinə də Həzrət Hüseyni xatırlatmağa ehtiyac yoxdur: o həzrət zülmə və siyasi-hüquqi haqsızlığa qarşı necə savaşıbsa, 1400 ildir, xatirəsi unudulmur. Bəs, bizim camiənin qarnına hansı azar dolub, kimdən ibrət götürür və kimi təqlid edirlər? Allah bilir...

Siyasilərə də bir ərk!

Milli Şura siyasi hərəkatdır. Bizim ölkəmizin tarixi ən yaxın zamanlarda belə, böyük rəzalətdən xilas olmaq üçün bütün ictimai-siyasi güclərin bir araya gəlməsinin nümunəsini yaradıb. 1918-ci ilin mart qırğınlarında şəxsən mənim sülaləmin əhəmiyyətli faizi Şamaxıda şəhid düşüb. On minlərlə azərbaycanlı türk adı ilə qətlə yetirilib, amma elə həmin il bu ölkəni fəlakətdən xilas etmək üçün yaradılan siyasi təsisat-Azərbaycan dövləti-, öz parlamentində bu soyqırımı törədən ermənilərin də təmsilçilərinin olmasını rəva gördü. Bu, nəhəng bir siyasi gediş deyildi, nəhəng bir siyasi mədəniyyət idi və indi, “mən hesab edirəm ki, filankəslər casusdur” demək, həmin nəhəng mədəniyyətin ən pozuq astarı ola bilər. Və Allahı sevərsiz, “Azərbaycan dövləti və dövlətçiliyi” kimi nağılları heç gözümüzə soxmayın. Axı, bu, yoxdur. Bunu yox ediblər. Bunu axı, bu millət yaratmalıdır ki, həmin millət öz evini belə qoruya bilmir. Bu bir-iki il ərzində on minlərlə azərbaycanlı ailəsinin evinin başına uçurulduğunu görmədinizmi? Dövlət şeir deyil, ana deyil, Vətən deyil, ritorika deyil, nağıl deyil,.. Dövlət vətəndaş və hakimiyyət arasında imzalanan müqavilədir və bundan başqa bir şey deyil. Belə bir müqavilə varmı Azərbaycanda? Yoxdur, amma onu bağlamaq lazımdır.

Buna görə də Milli Şura lazımdır. Buna görə də Milli Şura ilə olmaq lazımdır. Hər kəsin öz hoqqası üçün çıxardığı pəstaha ilə Milli Şura olmur, Heydərizm olur...

Bu yazını Rəsul Quliyevin də, Lalə Şövkət xanımın da və bütün siyasi liderlərimizin də oxumasını istərdim. Milli Şura kiminsə kiməsə qarşı mübarizə müstəvisi olmamalıdır: hər kəsin Heydərizmə qarşı mübarizə müstəvisi olmalıdır, vəssalam.

(azadliq.info)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar