ZİYA MƏMMƏDOV QARDAŞI OĞLUNU VƏZİFƏDƏN ÇIXARDI - Növbədə bacısı oğludur

Bakı Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən azad edilib

Nəqliyyat naziri Ziya Məmmədov daha bir kadr dəyişikliyi edib. Lent.az-ın əldə etdiyi məlumata görə, nazirliyin ”Bakı Sərnişin Nəqliyyatı" MMC-nin (Bakı Nəqliyyat İdarəsi) rəisi Rövşən Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Elman adlı şəxs təyin olunub. Yeni rəisin bundan öncə Daxili Qoşunlarda xidmət etdiyi bildirilir.

İdarənin əsas vəzifəsi və fəaliyyətinin istiqaməti Bakı şəhərində sərnişin nəqliyyatı sisteminin təkmilləşdirilməsi və şəhər sərnişin (avtobus və taksilərlə) daşımaları sahəsində Nəqliyyat Nazirliyi tərəfindən formalaşdırılan vahid dövlət siyasətinin həyata keçirilməsi üzrə tədbirlər görməkdir. Bundan başqa, adıçəkilən qurum tabeliyində olan nəqliyyat müəssisələrinin səmərəli və fasiləsiz işləməsini təmin etmək, onların idarə olunmasını həyata keçirmək, müqavilə əsasında müvafiq ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri əhaliyə nəqliyyat xidmətləri göstərilməsinə cəlb etmək, şəhər nəqliyyatının inkişafına yönəldilmiş proqramların hazırlanması və onların yerinə yetirilməsini təmin etməkdir.

"AzPolitika.info"nun məlumatına görə, "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin sədri vəzifəsindən azad edilən Rövşən Məmmədov Ziya Məmmədovun qardaşı oğludur. Qurumda müavin postunda isə Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadə işləyir.

Sərnişindaşımada fəaliyyət göstərən iş adamlarından birinin "AzPolitika.info"ya verdiyi məlumata görə, Rövşən Məmmədovun "Bakı Sərnişin Nəqliyyatı" MMC-yə sədrliyi formal xarakter daşıyıb. Quruma faktiki rəhbərlik isə Rövşən Məmmədovdan əvvəl "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin sədri olmuş Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Rövşən Məmmədov "Bakı Sərnişin Nəqliyyatı" MMC-yə sədr gətirilməzdən əvvəl Nəqliyyat Nazirliyində “Avtonəqliyyatservis” Departamentində rəis müavini işləyib. Departamentin rəisi Çingiz Baxışev olsa da, əsas səlahiyyətlər onda olub. «Avtonəqliyyatservis”in Departamenti tərəfindən yığılan qeyri- rəsmi pullara nəzarəti də Rövşən Məmmədovun həyata keçirib. Hansı ki, yayılan məlumatlara görə, burda işə düzəlmək istəyən müfəttişlərdən 5-10 min manat pul alınırdı. Regional bölmələrə rəis düzəlmək istəyənlərdən isə 50 min rüşvət istənilirdi. Rövşən Məmmədovun dövrü yük avtomobillərindən yığılan haqqın miqdarına gəlincə isə tutumundan asılı olaraq, bu məbləğin 100 manatdan 300 manata qədər dəyişdiyi bildirilirdi.

Rövşən Məmmədovun vəzifəsindən götürülməsinə səbəb isə bir dövr ölkədə aparılan anti-korrupsiya tədbirləri olub. Nazirin birbaşa tabeliyində yaxın qohumunun işləməsi qanunvericiliyə zidd olduğundan Ziya Məmmədov bir-neçə il əvvəl qardaşı oğlunu "Bakı Sərnişin Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə sədr göndərib. Hansı ki, Rövşən Məmmədova qədər yuxarıda qeyd etdiyimiz kimi, bu quruma onun xalası oğlu rəhbərlik edib.

Qeyd edək ki, "Bakı Sərnişin Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərində həm ictimai nəqliyyata, həm də taksilərə nəzarəti həyata keçirmək, onlardan rəsmi və qeyri-rəsmi pulları yığmaq üçün 2007-ci ilin yanvarında yaradılıb. Əhali arasında hələ də Nəqliyyat Departamenti kimi tanınan bu quruma rəhbərliyi Ziya Məmmədov elə həmin vaxtdan bacısı oğlu Davud Əfəndizadəyə tapşırıb. Bacısı oğlu da bu işin öhdəsindən "layiqincə" gəlib. «Ziya Məmmədovun qoçuları» kimi tanınan müfəttişlərin paytaxtda sürücülərin başına açdıqları oyunlarda Davud Əfəndizadənin "rolu" az deyil.

Bu müfətişlər vasitəsilə həm taksilərdən, həm də şəhər daxilində ictimai nəqliyyatda fəaliyyət göstərən avtobuslardan qeyri-rəsmi gündəlik və aylıq haqq yığılır. Bir dövr taksilərdən qeyri-rəsmi “haqq” yığımı üçün «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin nəzdində yaradılan “51" adlandırılan kod - ödəniş məntəqəsi vasitəsilə ildə 20-30 milyon pul toplanırdı. ”51-ə" pul ödəməyin müqabilində isə sürücülər VÖEN açdırmaqdan və lisenziya almaq üçün pul ödəməkdən azad edilirdilər. Düzdür, son illər bunun qarşısı böyük ölçüdə alınıb. Anvcaq yenə də taksi xidməti göstərənlərdən illik yığılan rüşvətin həcmi milyonlarla manat təşkil edir.

Sözügedən qurum marşrut avtobuslarından da gündəlik və aylıq haqq yığır. Belə ki, marşrut xəttinə lisenziya almaq üçün sahibkarlardan 20-30 min manat rüşvət alınır. Bundan əlavə, marşrut sahiblərindən aylıq hər avtobusa görə 250-300 manat qeyri-rəsmi haqq yığılır. Buna «dəftərə yazılan haqq» deyirlər ki, hətta himayəsi olan sahibkarlar belə bunu verməkdən imtina edə bilmirlər. Gündəlik olaraq isə hər avtobusdan müfəttişlərin 3 manat yığdığı bildirilir. Bu hesabla ayda nə qədər haqq yığıldığını söyləmək çətin olsa da, bunun da milyonlarla manatla ölçüldüyü şübhə doğurmur. Hansı ki, bu prosesə də nəzarət Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadənin rəhbərlik etdiyi qurum tərfindən həyata keçirilir.

Davud Əfəndizadənin sayəsində şəhərdaxili marşrut xətlərinin də böyük hissəsi Ziya Məmmədovun yaxınlarının əlinə keçib. Belə ki, nazirin oğlu Anar Məmmədovun, işdən çıxarılan Rövşən Məmmədovun və başqa qohumların paytaxtda xeyli sayda marşrut xətti var.

Qeyd edək ki, hələ bir müddət əvvvəl "AzPolitika.info" şəhər nəqliyyatının idarə olunmasında əsas söz sahibi olan Ziya Məmmədovun qohumlarının bu sahədən uzaqlaşdırılacağı haqda məlumat vermişdi. Onların şəhər nəqliyyatının fəaliyyətini iflic vəziyyətə gətirdiyi üçün bu sahədən uzaqlaşdırılacağı bildirilirdi. "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin sədri işləyən qardaşı oğlu Rövşən Məmmədov getdi. Qaldı bacısı oğlu Davud Əfəndizadə....

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar