DÜNYA BÖYÜK MÜHARİBƏYƏ HAZIRLAŞIR - Yeni silahlanma yarışı

“Çin, Rusiya və Səudiyyə Ərəbistanı hərbi xərcləri artırırlar”

“Sülh problemlərinin araşdırılması üzrə beynəlxalq Stokholm institutu”nun (Stocholm İnternational peace Research institute) hazırladığı məruzəyə əsasən, keçən il üçün müdafiə xərclərini ən çox artıran ölkələr - Çin, Rusiya və Səudiyyə Ərəbistanı olub.

"Bloomberg"in məlumatına görə, onların əksinə olaraq, ABŞ isə öz hərbi xərclərini azaldıb. Çin hərbi xərclərini bir il ərzində 9,7 % artaraq 216 milyard dollara, Rusiya isə bu xərcləri 8,1% artıraraq, 84,6 milyard dollara qədər yüksəldib. Əvvəlki illərlə faiz hesabı ilə müqayisədə müdafiə sahəsinə ən çox vəsaiti Səudiyyə Ərəbistanı ayırıb. Onun bu sahəyə 2014-cü ildə çəkdiyi xərc 17% artaraq, 80,8 milyard dollar təşkil edib.

Ümumiyyətlə isə dünyada hərbi sahəyə ən çox məsrəfi əvvələr olduğu kimi yenədə ABŞ çəkir. Lakin 2014-cü ildə ABŞ həmin xərcləri 6,5% azaldıb. Hazırda Amerikanın müdafiə büdcəsi 610 milyard dollardır. Məruzədə qeyd olunur ki, 2010-cu ildən bu yana ABŞ müdafiə sahəsinə ayırdığı pulu 20% azaldıb.

Yuxarıda qeyd edilən rəqəmlər dünyadakı artan gərginliyin təzahürü kimi dəyərləndirilməlidir. Rusiya tərəfindən Krımın ilhaq edilməsi Ukraynada münaqişənin yaranmasına səbəb olub. Hazırda Çin Şərqi-Çin və Cənubi-Çin dənizlərində ərazi mübahisələrinə girişib ki, bu da öz növbəsində bölgədəki gərginliyi artırır. Səuduyyə Ərəbistanı isə Suriyadakı yaraqlıları silahlandırmaqla yanaşı, ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiyada yer alır. Keçən aydan isə Səudiyyə Ərəbistanı İranın köməyindən istifadə edən Yəmən qüvvələrinə qarşı avia zərbələr endirməyə başlayıb.

Analitiklərin fikrincə, S.Ərəbistanı və Yaxın Şərqin digər ölkələri, neftin qiymətinin aşağı düşməsi nəticəsində, iqtisadi baxımdan onlara dəyən zərbələrin önünü güclü maliyyə ehiyatları vasitəsilə ala biləcəklər.

Ancaq bütün bu deyilənlərin heç birinin Rusiyaya aidiyyatı yoxdur. Məruzəni hazırlayan mütəxəssislərin sözlərinə görə, iqtisadiyyatına vurulan ziyanların təsirindən Kreml, bu il üçün nəzərdə tutulan büdcədəki müdafiə xərclərini cüzi azaldıb. Neft və qazın qiymətinin aşağı düşməsi və həmçinin də iqtisadi sanksiyalar dövlət gəlirlərini əhəmiyyətli dərəcədə azaldaraq, rublun ciddi şəkildə devalvasiya olunmasına yol açıb. Bunun nəticəsində də hərbi xərclər 2015-ci ilin mart ayında yenidən qəbul edilmış büdcəyə əsasən 5 % kəsiləcək.

Amma real ifadə ilə götürdükdə müdafiə üçün nəzərdə tutulan xərclər hər halda əvvəlik illərə nisbətən 15% artırılacaq.

Bütün artırımların əksəriyyəti qabaqcadan sifariş verilmiş silahların alınmasına yönələcək. Öncəki illərə görə 2015-ci ildə silah alınması 60% artırılacaq. Qərbi və Mərkəzi Avropanın əksər ölkələri davam etdirdikləri iqtisadi siyasət ənənələrinə uyğun olaraq, hərbi xərclərini azaldırlar. Lakin Baltik və Skandinaviya ölkələri və eləcədə Şərqi Avropa dövlətləri Rusiyadan gələ biləcək təhlükənin qarşısını almaq məqsədi ilə müdafiə xərclərini artırmaq qərarına gəliblər.

Ümumiyyətlə isə hal-hazırda Çinin hərbi xərcləri, onun iqtisadi böyümə göstəricilərinə paralel şəkildə gedir.

Məruzədəki məlumatlara əsasən, hərbi sahəyə ayrılan maliyyə vəsaitlərinin həcminə görə keçən il Hidistan Yaponiyanı ötərək səkkizinci yerdə qərarlaşıb.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar