YAP BU HƏFTƏ SONU MİTİNQ KEÇİRİR

Oliqarxların nəzarətində olan şirkətlərdə çalışanların siyahısı tutulur

Seçkilərə bir aydan da az vaxt qalmasına baxmayaraq, ölkədə ciddi siyasi fəallıq hiss olunmur. Nə real müxalifət qüvvələrinin birləşdiyi Milli Şura, nə də hakimiyyət və onun ətrafı siyasi temperaturu yüksəldəcək hərəkətlər etmirlər. Hər iki tərəf daha çox media müstəvisində «atışmağa», özlərinin daha güclü olduğunu sözlə göstərməyə çalışırlar. Bu sahədə isə hakimiyyətin resursları daha çox olduğundan - televiziyaları tam nəzərət altına aldıqlarından, vaxtilə müxalifətin tribunası olan bəzi qəzet və saytları müxtəlif vasitələrlə özlərinə işlətdiklərindən - daha öndə görünürlər. Hətta bəzi «müxalifət» qəzetlərini oxuduqda belə qənaətə gəlirsən ki, sanki ölkənin korrupsiya bataqlığında çürüməsinin, 20 ildən artıqdır Qarabağın işğal altında qalmasının, milyonlarla vətəndaşın ölkəni tərk etməsinin və sairin günahı iqtidarda və onun rəhbərliyində deyil, Milli Şurada və Rüstəm İbrahimbəyovdadır...

Nə isə mətləbdən uzaqlaşmayaq. Milli Şura yarandıqdan sonra cəmi bir aksiya keçirməsi, əlbəttə tənqid oluna bilər. Ancaq bəzi məlumatlara görə, bu Milli Şuranın yeni seçki taktikası ilə bağlı bir qərardır. Yəni, deyəcəklərini əvvəlcədən bəyan edib, seçki təbliğatı dövrünə əliboş çıxmaq istəmirlər. Ona görə də, Şura bütün resurslarını son 20 gündə işə salmaq niyyətindədir. Təbliğat dövrünün verdiyi imkanlardan istifadə edərək insanların daha asan gələ biləcəyi yerlərdə aksiyalar keçirmək və birbaşa televiziyadan xalqı həmin mitinqlərdə iştiraka dəvət etmək planlaşdırılır.

Hakimiyyətə gəldikdə isə, onun aksiyalar keçirməməsinin səbəbi məlumdur.

Bir tərəfdən cəmiyyətdə dayağı, nüfuzu olmadığından, digər tərəfdən isə ölkədəki ölü sakitliyin davam etməsində maraqlı olduğundan aksiyalar keçirmək niyyətinə də düşmür. Ancaq qarşıdan gələn seçkidə ən azı beynəlxalq ictimaiyyətə nümayiş etdirmək üçün bir-neçə aksiyanın keçirilməsi də vacibdir. Ona görə də seçki təbliğatı dövrü heç şübhəsiz YAP-çıları da meydanlarda görə biləcəyik. Hansı ki, büdcə təşkilatlarında çalışanların və tələbələrin iştirakı məcburi olacaq.

«AzPolitika.info»ya verilən məlumata görə, artıq YAP-ın mitinqi üçün səfərbərliyə başlanıb. Belə ki, saytımıza hökumətə yaxın mənbələrdən daxil olan məlumatlara görə, yaxın günlərdə - böyük ehtimalla bu şənbə günü YAP «İlham Əliyevə dəstək aksiyası» keçirmək niyyətindədir. Maraqlıdır ki, bu aksiyaya büdcə təşkilatlarında çalışanların və tələbələrin deyil, daha çox oliqarxların nəzarətində olan şirkətlərdə çalışanların gətirilməsinə güc verilib. Bu da təsadüfi deyil. Əvvala, dərslər başlamadığından, tələbələri və müəllimləri ilk aksiyaya səfərbər etmək mümkün deyil. Hansı ki, onlar olmadan digər büdcə təşkilatlarında çalışanların hesabına aksiyanın kütləviliyini təmin etmək çətindir. İkincisi, büdcə təşkilatlarında rəhbərlikdə olmayanlar qəpik-quruş aldığından, onları işdən sonra və istirahət günləri məcburi şəkildə aksiyaya gətirmək mümkün olmur. İş günü isə büdcə təşkilatlarında çalışan çoxlu sayda insanı işdən ayırıb aksiyaya aparmaq çətindir. Ona görə də belə qərara alınıb ki, aksiya oliqarxların nəzarətində olan şirkətlərdə çalışanların hesabına keçirilsin. Artıq onların siyahıya alınmasına başlanıb. Hətta aksiyayla bağlı olaraq heç kimə işdən harasa getməyə icazə verilmir.

Məlumata görə, aksiyanın keçirilməsinin elan olunmaması da hazırlıqların başa çatmaması ilə bağlıdır. Hazırlıqlar başa çatandan sonra - ola bilsin bir gün qabaq aksiyanın keçiriləcəyi elan olunsun. Sonra da çıxıb deyəcəklər ki, müxalifətin neçə günə toplaya bilmədiyi adamı YAP bir çağrışla yığdı.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar