SƏDƏRƏK GÖMRÜYÜ RƏİSİNİN RÜŞVƏT PAROLU - “Qarnım ağrıyır, dərman göndər”

Naxçıvanın Sədərək Gömrük Postunun rəisi, Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində dekabrın 17-də Qars aerportunda həbs edilən Mirməhəmməd Seyidovun telefon danışıqları üzə çıxıb.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, bu telefon danışıqları türk polisinin neçə vaxtdır davam edən əməliyyatı çərçivəsində Mirməhəmməd Seyidovun dinlənilməsi nəticəsində qeydə alınıb. Məlum olub ki, Seyidov türk gömrükçüləri ilə telefon əlaqəsində rüşvət barədə parolla danışırmışlar.

Haberler.com portalının bu gün dekabrın 20-də yaydığı xəbərə əsasən gömrükdə rüşvət əməliyyatı zamanı M.Seyidovla birlikdə tutulan 18 şübhəlidən Sədərək gömrüyünün rəisi də daxil olmaqla 14 nəfərin barəsində həbs qərarı çıxarılıb. 4 nəfər isə istintaq müddətində şərti azadlığa buraxılıb. Saxlanılanlar Türkiyənin Naxçıvanla sərhədindəki Dilucu Gömrük Postunun əməkdaşları və nəqliyyat firmalarının sahibləridir. Saxlanılanlara qarşı cinayət törətmək məqsədi ilə təşkilat qurmaq, rüşvət alıb-vermək, yanacaq qaçaqmalçılığı həyata keçirmək ittihamları irəli sürülüb.

İğdır polisində və ədliyyədə aparılan ilkin dindirmədən sonra rüşvətin Naxçıvan gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Dilucu Sərhəd-Keçid Məntəqəsindəki türk gömrük məmurları telefonlarının dinlənməsi riskindən çəkinərək Mirməhəmməd Seyidovla rüşvət danışıqlarını sərhədi keçən TIR və yük maşını sürücülərinin cib telefonları ilə apardıqları üzə çıxıb. Telefon danışıqlarında tərəflər parolla danışıblar.

Məsələn, türk məmur Mirməhəmməd Seydovla cib telefonu ilə danışanda “Qarnım ağrıyır, mənə dərman göndər” deyə pay istədiyi, Seyidovun isə onlara “Qarnının ağrısı üçün dərman göndərdim” deyə cavab verdiyi məlum olub. Adi günlərdə isə Mirməhəmməd Seyidov topladığı rüşvət pullarını torbalarla Türkiyə tərəfinə aparıb işbirliyi içərisində olduğu adamlar arasında bölürmüş. Türk tərəfindən bəzi gömrük məmurları ifadələrində iddia ediblər ki, rüşvət almayanda onları nəqliyyat firmalarının sahibləri döyürdü.

Məlum olub ki, Dilucu Sərhəd-Keçid Məntəqəsinin hər iki tərəfində, yəni Naxçıvan və Türkiyə gömrük postlarında rüşvət və qaçaqmalçılığı ortaya çıxarmaq üçün türk polisi bir il əvvəldən telefon danışıqlarını izləyirmiş.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar