Rəsul Cəfərovun həbsinə beynəlxalq reaksiyalar - ABŞ-dan, ATƏT-dən və AŞPA-dan

“Aprelin 16-da Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə azadlıqdan məhrum edilməsi barədə hökm bizi çox narahat edir. Ona qarşı irəli sürülən ittihamlar siyasi motivli olub”, - ABŞ Dövlət Departamentinin mətbuat katibi Marti Xarf bildirib.

“İnsan Hüquqları Klubunun təsisçisi və sədri Rəsul Cəfərov ötən ilin avqustunda vətəndaş cəmiyyəti fəallarına qarşı böyük repressiya dalğası çərçivəsində həbs olunub. Bu proseslər ölkənin demokratik inkişafını geri atıb.

Biz Azərbaycan hökumətini öz beynəlxalq öhdəliklərinə əməl etməyə və vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırırıq.

Hakimiyyət bu yolda ilk addım olaraq cənab Cəfərovu və özünün əsas hüquq və azadlıqlarını həyata keçirdiklərinə görə həbs olunan digər şəxsləri azad etməlidir. Bu, ölkədə uzunmüddətli sabitliyi və bizim ikitərəfli münasibətlərimizi möhkəmləndirər”, - M.Xarf bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassor hüquq müdafiəçisi Rəsul Cəfərovun 6 il yarım müddətə həbs cəzası almasını pisləyən bəyanatla çıxış edib.  "Turan" məlumatına görə, o, Twitterdəki mikrobloqunda yazıb ki, “Azərbaycanda hüquq müdafiəçilərinə qarşı represiyaların davam etməsi vəziyyətin pisləşdiyini göstərir. Azərbaycanın insan hüquqları, hüquq sisteminin müstəqilliyi və söz azadlığının təminatı məsələlərinin öhdəsindən gələ bilmədiyini görmək çox ağırdır”, - AŞPA sədri bildirib.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç məşhur hüquq müdafiəçisi Rəsul Cəfərovun azadlıqdan məhrum edilməsi haqqında hökmü pisləyib.

“Rəsul Cəfərov barəsində ədalətsiz hökm Azəbaycan həbsxanalarında əsassız olaraq qalan jurnalistlərin və hüquq müdafiəçilərinin sayını artırıb”, deyə Miyatoviçin bəyanatında bildirilir.“Azərbaycanda fundamental insan haqları və tənqidi səslər sistemli və geniş şəkildə pozulur”, deyə o qeyd edib.

Yaxın gələcəkdə mən bizi narahat edən bu məsələlərin həlli məqsədilə Bakıya səfər etmək niyyətindəyəm. Təəssüf ki, əvvəllər dövlət orqanları onlarla görüşlər zamanı etdiyim çoxsaylı müraciətlərə məhəl qoymayıblar. Buna baxmayaraq, Azərbaycanla konstruktiv dialoq axtarışını davam etdirməliyəm”, deyə bəyanatda bildirilir.

Tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökm hökumətin vətəndaş cəmiyyəti nümayəndələrinə və müstəqil səslərə qarşı ardı-arası kəsilməyən təqiblərindən xəbər verir, Human Rights Watch hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.“Hakimiyyət bu təqiblərə son qoymalı, hüquq-müdafiə qruplarının ölkədə sərbəst fəaliyyətinə şərait yaratmalıdır.

Azərbaycan qarşıdakı Avropa Oyunları ilə əlaqədar beynəlxalq birliyin diqqət mərkəzindədir. Odur ki, beynəlxalq tərəfdaşlar R.Cəfərovu və digər qanunsuz olaraq mühakimə olunmuş və həbs edilmiş fəalları dərhal azad etməlidir. Eyni zamanda repressiyalara son qoyulmasa oyunların açılışına yüksək səviyyədə nümayəndə heyətləri göndərməyəcəklərinə işarə etməlidirlər”, - bəyanatda deyilir.

“Rəsul Cəfərovun mühakimə edilməsi son dərəcə ədalətsizlik aktıdır”, - HRW-nin baş əməkdaşı Georgi Qoqiya bildirib. “Şühbə yoxdur ki, R.Cəfərovun həbsi ölkədəki tənqidi səslərin məhv edilməsi yönündə hökumətin birgə səylərinin bir hissəsidir, - o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar