RUSİYA, İRAN VƏ RAKETLƏR – Tehran rusları Yaxın Şərqə qaytarır!

"Suriya məsələsi, rusların Yaxın Şərqə qayıtmalarının simvoluna şevrilib"

İrana çatdırılması nəzərdə tutulan “S-300” zenit-raket kompleksinə qoyulmuş qadağanın Putin tərəfindən ləğv edilməsi, Rusiyanın Yaxın Şərq siyasətində dəyişiklikdən xəbər verir. Bu yaxınlarda 5+1 ölkələr qrupu ilə İran ara müqaviləsi imzalayıblar. İndi Kreml, 2010-cu ildə Moskvanın birtərəfli şəkildəTehrana qarşı tətbiq etdiyi sanksiyanı götürür. “The National İnterest” yazır ki, bu, Lozanna razılaşmasından sonra iranlıların əldə etdikləri ilk nailiyyətdir.

Beləliklə, Rusiya nüvə proqramı ilə əlaqədar, beynəlxalq cəmiyyətlə danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirən İranı mükafatlandırır. Nüvə proqramı ilə bağlı İranla danışıqların bundan sonra da davam etdirilməsinə şübhə yoxdur, lakin Moskvanın Tehrana verdiyi siqnal tam aydındır. Yəni, bu siqnal ondan ibarətdir ki, əgər danışıqların davamı uğursuzluğa düçar olarsa, Moskva İrana qarşı tətbiq olunacaq yeni sanksiyaları dəstəkləməyəcək. Hətta, əgər mövcud sanksiyalar zəiflədilər və ya da ki, tam qaldırılarsa, Rusiya Yaxın Şərqin aparıcı dövlətlərindən birinə silah yollamaq məsələsində öz mövqeyini gücləndirəcək. Sanksiyalar götürüldükdən sonra İran və Qərb arasında ticarət münasibətləri yenidən çiçəklənsə də, bunun hərbi texnika və silah satışına aidiyyatı olmayacaq. Bu boşluğu Rusiya doldurmaq niyyətindədir.

Son zamanlar Fars körfəzində və Ərəb yarımadasında şiə İran ilə sünni Səudiyyə Ərəbistanı arasındakı strateji rəqabət kəskin şəkildə gərginləşib. Ərəb ölkələri silahı Qərbdən (əsasən Amerikadan) alırlar. İran isə öz növbəsində Rusiya müdafiə sənayesi üçün gəlir verən müştəriyə çevrilib. Moskva Tehran ilə olan iqtisadi əlaqələrdə nüvə enerjisi və silahlanmanı əsas prioritet məsələ hesab edir.

Ümumiyyətlə isə, Ukrayna böhranı nəticəsində yaranmış geosiyasi şərait, Rusiyanı İrandan təkcə iqtisadi gəlir götürməyə tərəf itələmir. Rusiya hakimiyyətinin ABŞ və Avropa Birliyi ilə münasibətləri korlandıqdan sonra, onlar özlərini Qərb ölkəsi kimi görməyərək, dünya nizamını dəyişmək istiqamətində yeni yollar axtarırlar.

Elə buna görə də, Moskva İran kimi böyük ölkələrlə münasibətlərini genişləndirməklə, onu daha da dərinləşdirir. Əgər BMT İrana qarşı tətbiq edilmiş sanksiyaları götürərsə, onda ruslar aktiv şəkildə İranın ”Şanxay Əməkdaşılıq Təşkilatı”na daxil olmasına çalışacaqlar. Şübhəsiz ki, Kremlin İrana “S-300” raketlərinin verilməsi barəsində çıxardığı qərar, Vaşinqtonu bərk qıcıqlandırır. Ancaq ruslar öz tərəflərindən israrla bəyan edirlər ki, bu tip müdafiə xarakterli silahların İrana verilməsi əldə edilmiş ara razılaşmanı pozmamaqla yanaşı, məsələnin tam şəkildə nizama salınması perspektivinə də heç bir zərbə vurmur. Həqiqətən də, əgər Amerika İrana qarşı zərbə endirmək qərarına gələrsə, onda “S-300” raketləri onları qoruya bilməyəcək. Bütün bunlardan belə bir nəticə çıxarmaq mümkündür ki, qeyri rəsmi formada ruslar amerikanlara anlatmaq istəyirlər ki, soyuq müharibədən sonrakı əməkdaşlıq dövründə Rusiyanın ABŞ-a etdiyi bütün güzəştlər indiki qarşıdurma şəraitində, olduğu kimi qalmayacaq.

Çoxlarının ehtiyat etməsinə baxmayaraq, Rusiya indiyədək 5+1 qrupunun fəaliyyətini pozmaq üçün heç bir cəhd göstərməyib. Çünki Tehranın nüvə silahı əldə etməsi və eləcədə amerikanların İrana qarşı zərbə vurması Moskvanın marağında deyil. Lakin S-300, tamamilə başqa bir mövzudur.

Daha bir mühüm fakt ondan ibarətdir ki, Putinin verdiyi qərar, Moskva ilə İsrail arasındakı münasibəti xeyli gərginləşdirə bilər. Onu da qeyd etmək gərəkdir ki, İran məsələsi ilə bağlı Moskva və Təl-Əvivin fikir ayrılıqları çoxdandır ki, mövcuddur. Rusların fikrinə görə İsrail, İran təhlükəsini hədsiz şişirdir. Təl-Əviv belə hesab edir ki, Rusiya İran təhlükəsinə, sadəcə göz yumur. Heç şübhə yoxdur ki, Moskva İsrail ilə yaxşı münasibətlərin tərəfdarıdır. Lakin hər necə olsa da, Moskva ilə Vaşinqton arasında yaranmış münaqişə sayəsində, Amerikanın bir sıra müttəfiqləri Rusiyaya qarşı neqativ münasibət bəsləməyə başlayıblar. Həm də Moskva belə düşünür ki, əgər ABŞ-Rusiya münasibətləri bir qədər də kəskinləşərsə, onda İsrail başda olmaqla, Vaşinqtonun müttəfiqlərinın hamısı amerikanların istədiyi mövqedə dayanacaqlar.

Suriyada vətəndaş müharibəsi başlayandan sonra, bir çox ərəb ölkələri (əsasən körfəz ölkələri) Bəşər Əsədi müdafiə etdiyinə görə, Rusiyanı açıq şəkildə tənqid atəşinə tutdular. Körfəz ölkələrinin əksinə olaraq, Suriya məsələsində İran Rusiya ilə faktiki müttəfiqə çevriliblər.

Bu yaxınlarda Moskva ABŞ-ın xeyr-duası ilə Yəməndəki iranmeyilli husi tayfasına qarşı hərbi əməliyyatlar həyata keçirən Səudiyyə Ərəbistanını sərt şəkildə qınayıb. Əlbəttə, Yaxın Şərq regionunda Rusiya-İran alyansının yaranmasını iddia etmək düzgün deyil, amma buna baxmayaraq, bir çox hallarda Moskva ilə Tehranın maraqları üst-üstə düşür.

Beş il bundan öncə cəsarətlə demək olardı ki, Rusiyanın Yaxın Şərqdə kommersiya əlaqələri, soyuq müharibə dövründən qalma ənənəvi silah satışı və rus turistlərini cəlb edən çimərliklərdən başqa hər hansı marağı yoxdur. İndi vəziyyət kardinal şəkildə dəyişib. Suriya məsələsi, rusların Yaxın Şərqə qayıtmalarının simvoluna şevrilib. Misir isə köhnə münasibətlərin bərpa edilməsi üçün ümid yeri kimi görünür. Türkiyə Rusiyanın Avropa Birliyi ilə enerji sahəsində əlaqələr qurulmasında mühüm rol oynaya bilər. Əgər Kreml yaranmış mövcud regional ziddiyyətlər içərisində özünü dolaşığa salmayan strategiya işləyib hazırlamağı bacararsa, onda İran, Rusiyanın Yaxın Şərq siyasətinə strateji dərinlik qatacaq ölkə ola bilər.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar