PUTİNİN AZƏRBAYCAN QAZINI ƏNGƏLLƏMƏK PLANI - 5 milyard avro ayırıb

Yunanıstan baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə apardığı danışıqlara dair sensasion məlumat yayılıb.Virtualaz.org saytı xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı Yunanıstanın hakim SYRİZA partiyasındakı yüksək rütbəli mənbəyə istinadən yazdığına görə, Afina ilə Moskva arasında “Türk axını” qaz kəməri layihəsinə dair razılaşma imzalamağa hazırlaşır.

Bu razılaşmaya əsasən Yunanıstanın “Türk axını” layihəsinə qoşulması, Rusiyanın qaz tranzitinə görə əvvəlcədən ödəniş şəklində Yunanıstana 5 milyard avroya qədər vəsait ayırması nəzərdə tutulur. Razılaşma gələn həftənin çərşəndə axşamı imzalana bilər.

Yunanıstan Rusiya qazının öz ərazisindən Avropa İttifaqına tranzitinə görə avans şəklində 3 milyarddan 5 milyard avroya qədər vəsait alacaq. “Der Spiegel” bildirir ki, bu sövdələşmə Moskvada prezident Vladimir Putinlə Yunanıstan baş naziri Aleksis Tsipras arasında danışıqlarda əldə edilib.

Yunanıstanın “Aqora” qəzeti də belə sövdələşmənin olduğunu, Yunanıstan hökumətinin artıq Rusiya ilə sövdələşməni dəstəklədiyini yazır. Afinada ümid edirlər ki, Rusiyanın tranşı hesabına Avropa İttifaqı ilə borc öhdəliklərinə dair danışıqları təxirə salmaq mümkün olacaq.

Yunanıstan baş naziri Moskvaya aprelin 8-də səfər edib. Prezident Putin yunan baş nazirlər keçirdiyi brifinqdə onun ölkəsini “Türk axını” layihəsinə qoşulmağa çağırıb, bu layihənin Yunanıstan üçün necə sərfəli olacağından bəhs edib.

Bununla belə Putin vurğulamışdı ki, hələ tərəflər arasında konkret razılaşma yoxdur. Yunanıstan baş naziri isə ölkəsinin bu layihəyə maraq göstərdiyini, ancaq “Türk axını” adını qəbul etməyəcəyini deyib.

Tsiprasın Moskvaya səfərindən bir gün əvvəl isə Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyə xarici işlər nazirləri “Türk axını” kəmərinin tikintisində iştirak etmək barədə ilkin razılaşma əldə ediblər.

Türk axını” qaz kəməri layihəsi ötən ilin dekabrında Putinin Ankaraya səfəri zamanı Türkiyə prezidenti Ərdoğanla birlikdə elan edilib. Putin Rusiyanın Bolqarıstandan keçib Mərkəzi Avropa ölkələrinə uzanacaq “Cənub axını” layihəsini dayandırdığını, əvəzində Türkiyənin Yunanıstanla sərhədinə qədər eyni gücdə yeni kəmər çəkiləcəyini elan edərək Avrasiya regionunda bütün enerji kartlarını qarışdırıb. Əvvəlcə Avropa İttifaqı bu layihəyə şübhə edirdi və onu qeyri-real hesab edirdi.

Lakin Rusiya bir neçə dəfə qəti şəkildə bildirib ki, 2019-cu ildən etibarən Ukrayna ərazisindən qaz tranziti dayanacaq. Rusiya qazını almaq istəyən Avropa ölkələri indidən hərəkətə keçib “Türk axını” kəmərindən qazı təhvil almaq barədə düşünməlidir.

“Türk axını” ildə 63 milyard kubmetr Rusiya qazının nəqlini nəzərdə tutur. Kəmər Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP kəməri ilə eyni məntəqədə - Türkiyənin İpsala bölgəsində Yunanıstanla sərhədə çıxacaq.

Bu baxımdan Rusiyanın Azərbaycan qazının nəql marşrutunu təkrarlayan yeni qaz kəməri çəkmək səyləri analitiklər və rəsmilər tərəfindən şübhə ilə qarşılanır.

Rusiyanın məqsədi nədir? Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya nəqlini əngəlləmək? Yaxud Avropa İttifaqının və ABŞ-ın təzyiqləri nəticəsində “Cənub axını”nın tikintisini donduran Bolqarıstandan qisas almaq?

Belə görünür ki, Rusiya Yunanıstanın solçu hökumətini öz tərəfinə çəkə və onu 5 milyard avro avans hesabına ələ ala bilib. Ancaq Rusiya qazıYunanıstandan tranzitlə hara istiqamət alacaq?

Məsələ bundadır ki, Yunanıstandan ancaq Makedoniya və Albaniyaya tranzit mümkündür. Bu ölkələr isə o qədər kasıb və balacadır ki, ildə 63 milyard kubmetr qaz nəqli üçün çəkiləcək kəmərin son nöqtəsi ola bilməzlər.

Analitiklərin qənaətinə görə, bu səbəbdən sonrakı marşrutu planlaşdırmaq lazımdır: Makedoniya-Serbiya-Macarıstan-Avstriya, yaxud Albaniya-Çernoqoriya-Bosniya-Xorvatiya-Sloveniya-Avstriya.

Lakin heç bir variant iqtisadi baxımdan real deyil. Mərkəzi Avropaya qaz nəqli üçün hansısa sayda Cənubi Avropa ölkəsinə ildə yüz milyonlarla dollar tranzit haqqı ödəmək kimə lazımdır? Axı bu cənub ölkələrinin özlərinin qaza tələbatı çox cüzidir.

Digər tərəfdən, Yunanıstan Rusiyadan avans alıb “Türk axını” kəmərinə qoşulursa, o zaman Cənub Qaz Dəhlizinin bir hissəsi olan, tikintisi artıq başlayan TAP kəmərinin aqibəti necə olacaq? Bəlkə Rusiya kəmərin Yunanıstandan keçən hissəsinin tikintisini ləngitməyi qarşıya məqsəd qoyub?

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında ilk dəfə bildirib ki, TAP kəməri layihəsinə qarşı müəyyən əngəllər yaradılır və bu əngəllərin aradan qaldırılması ilk növbədə Avropa İttifaqının vəzifəsidir.

Prezident hansı əngəllərdən söhbət getdiyini deməyib. Lakin məlumdur ki, Yunanıstanda Moskvaya yaxın solçular hakimiyyətə gələn kimi Afina TAP kəməri layihəsinə dair tranzit müqaviləsinə yenidən baxılmasını tələb etməyə başladı. Habelə Yunanıstanın qaz kəmərləri operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə ikisinin SOCAR-a satılmasına dair müqaviləyə yenidən baxa biləcəklərini bildirdi.

O cümlədən İtaliyada da TAP kəmərinin tikintisinə qarşı ətraf mühit müdafiəçilərinin və Rusiyaya yaxın qrupların əli ilə müəyyən əngəllər törədilir.

Doğrudur, TAP kəməri ilə Avropaya nəql olunacaq 10 milyard kubmetr Azərbaycan qazının satışına dair müqavilələr artıq bağlanıb, bu qazın alıcıları artıq bəllidir. Müqavilələrin pozulması,yaxud onlara yenidən baxılması ehtimalı cüzidir.

“Qazprom” rəhbəri Aleksey Miller isə bu günlərdə deyib ki, Rusiya Azərbaycandan ildə 10 milyard kubmetr qazın Avropaya nəqlindən narahat deyil. Çünki bu həcm Avropanın qaza olan tələbatı fonunda çox cüzidir və Rusiya qazı üçün alternativ ola bilməz.

Bununla belə Yunanıstanla sövdələşmə Rusiyaya imkan verə bilər ki, TAP kəmərinin tikintisini müxtəlif bəhanələrlə ləngitsin. Nəticədə Azərbaycan qazının Avropa bazarlarına çıxışı planlaşdırılan vaxtda baş tutmasın. Rusiya qazı isə “Türk axını” kəməri ilə daha tez Cənub və Mərkəzi Avropaya nəql edilsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar