MİRMƏHƏMMƏD SEYİDOVUN TÜRK POLİSİNƏ ŞOK İFADƏSİ - Kimlərin adını çəkdi?

 Türkiyədə dekabrın 17-dən başlayan korrupsiya və rüşvət əməliyyatı AKP iqtidarında 12 ballıq zəlzələ effekti yaradıb. Prokurorluq orqanlarının 2 gün boyunca apardıqları dindirmələrdə ölkə gündəminə bomba kimi düşən korrupsiya və rüşvət cinayətinə bulaşan hökumətin 4-cü üzvünün adı açıqlanıb. Bu, Avropa Birliyi ilə danışıqlar üzrə nazir postunu tutan Egemen Bağışdır. İstintaqa bəlli olub ki, iş adamı Rza Zərrab həyata keçirmək istədiyi əməliyyatlara yardımçı olması üçün E.Bağışa 1,5 milyon dollar rüşvət verib.

Türkiyədəki antikorrupsiya və rüşvət əməliyyatının izləri artıq Azərbaycana uzanıb. Qarsda Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Sədərək Gömrük Xidmətinin rəisi Mirməhəmməd Seyidov ən ciddi şəkildə sorğu-sual olunub. Türkiyədəki qaynaqlarımızın verdiyi xəbərə görə, həbsdəki gömrük rəisinin bu formada dindirilməsində əsas məqsəd Azərbaycan hakimiyyətində təmsil olunan bir neçə iri ranqlı məmurun çirkli pul daşımalarına nə dərəcədə bulaşdığını müəyyən etmək olub. M.Seyidova bir illik telefon danışıqlarının gizli dinlənilməsi zamanı müəyyən olunan çirkli pul yuyulması əməliyyatları haqda suallar verilib. Dindirmə zamanı gömrük rəisinə elə məsələlərlə bağlı suallar verilib ki, o, bu məlumatların haradan əldə edilməsindən şoka düşüb və danışmağa başlayıb. M.Seyidovun Azərbaycanın gömrük, sərhəd, hava nəqliyyatı və hüquq-mühafizə orqanları sistemində yüksək vəzifə tutan bir sıra şəxslərin adlarını çəkdiyi və sensasion ifadələr verdiyi iddia olunur.

Həbsdəki gömrük rəisinin ifadələrinin ittiham tərəfinin əsas sübutları siyahısına daxil olacağını indidən söyləmək olar.

M.Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb. Yaxın zamanlarda ona başqa ittihamların veriləcəyi və Azərbaycanla əlaqəli həbslərin miqyasının böyüyəcəyi də gələn şok xəbərlər sırasındadır. Qeyd edək ki, vəzifəli məmurumuzun xarici bir ölkənin polisləri tərəfindən həbs olunması ilk hadisədir və kifayət qədər ciddi skandaldır. İşin qəribə tərəfi də budur ki, rəsmi Bakı bu hadisəyə lazım olan qədər ciddi reaksiya vermir və bu da beyinlərdə ciddi suallar yaradır.

Xatırladaq ki, artıq Azərbaycandan bəzi məmurlar da daxil, bir sıra konkret şəxslərin adı bu məsələlərlə əlaqəli hallanır. Onların adlarının rəsmi ittihamda yer alacağı da istisna deyil.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu Türkiyədə Azərbaycan məmurunun həbsinə özünün facebok statusunda maraqlı yazıb: “Təsəvvür edirsiniz, Türkiyədə həbs olunmuş Sədərək Gömrük İdarəsinin rəisi indi Türkiyə istintaqçılarına nələri danışdı? Yox, məncə biz bunu heç təsəvvür də edə bilmərik. Amma bir şeyi dəqiq təsəvvür edə bilərik: PKK-ya dəstəkdən tutmuş narkotiklərin qaçaqmalçılığına qədər, hər cinayətə batmış bir neçə Azərbaycan rəsmisinin neçə gecədir gözünə yuxu getmir...”

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış isə Türkiyədə həyata keçirilən həbsləri bütün sivil dünyanın xeyrinə olan hadisə hesab edir. Onun sözlərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul şəxsinin həbsi birbaşa qurumun nə dərəcədə korrupsiyalaşdığının göstəricisidir: “Hamıya bəllidir ki, Azərbaycanın dövlət orqanları, xüsusilə Dövlət Gömrük Komitəsi korrupsiya bataqlığında boğulur. Əgər ortaya siyasi iradə qoyulsa belə, bütün dövlət qurumlarında korrupsiyanın kökünü kəssələr də, Dövlət Gömrük Komitəsində bu mümkün olmayacaq. Bu baxımda Mirməhəmməd Seyidov vəzifəlisi olduğu quruma tam layiq kadr olub. Həmin şəxsin ifadələri bilinəndən sonra Azərbaycanda həbslərin olub-olmayacağını söyləmək olar".

M.Baxış qeyd etdi ki, M.Seyidovun ifadələri əsasında adları Türkiyə istintaqçılarına bəlli olan Azərbaycanın vəzifəli şəxslərinin Türkiyəyə verilməsi Konstitusiyamıza ziddir. Buna baxmayaraq, Türkiyə istintaqçılarının həmin korupsioner məmurları həbs etmək səlahiyyəti qalır:

 “Türkiyə həmin şəxsləri 3-cü dövlətin ərazisində həbs edə bilər və ya barələrində İnterpol vasitəsilə axtarış elan edə bilər. Bundan başqa Türkiyə tərəfi həmin məmurlarla bağlı istintaq materiallarını ayırıb araşdırlması və hüquqi qiymət verilməsi üçün Azərbaycana verməlidir. Belə olduqda isə həmin cinayət işini sadəcə batıracaqlar. Çünki Azərbaycanda istintaq aparılarkən əgər bir ucu hansısa vəzifəli məmura gedib çıxarsa, belədə müstəntiqə sadəcə ”dayan!" əmri verilir və iş həmin istiqamətdə araşdırlmır.

Məsələn Mirməhəmməd Seyidov ifadə versə ki, həmin cinayətləri Dövlət Gömrük Komitəsinin rəhbərliyinin razılığı ilə edib, cinayət yolu ilə əldə olunan pulu onlarla bölübsə həmin şəxslər istintaqa cəlb olunmalıdır".(musavat.com)

Yeri gəlmişkən, AzPolitika.info-ya daxil olan məlumata görə, Mirməhəmməd Seyidovun bacanağı Akif Rzayev Respublika Prokurorluğunda yüksək vəzifədə çalışır. Onun qardaşı Mirələkbər Seyidov isə Binəqədi rayonunun prokuroru olub və Elşad Abdullayevin şikayəti əsasında dələduzluq maddəsi ilə məhkum olunub.

Mirməhəmməd Seyidovun həbsindən ən çox narahatlıq keçirən isə, bizə verilən məlumatlara görə, Naxçıvan MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovdur. Çünki hamı bilir ki, Mirməhəmməd Seyidov sadəcə icraçıdır və uzun illərdir Sədərək Gömrüyündə aparılan qanuni-qanunsuz, bütün əməliyyatların başında birbaşa Asəf Məmmədov durub. Bu baxımdan Mirməhəmməd Seyidovun türk polisinə ifadəsində çəkə biləcəyi birinci ad Asəf Məmmədov olacaq.

Azərbaycan Gömrük Komitəsi rəhbərliyinin bu işdə zərər çəkəcəyi ehtimalı isə aşağıdır. Çünki Naxçıvan Gömrük Komitəsi faktiki olaraq müstəqil qurum kimi fəaliyyət göstərib və Bakının ora hər hansı tapşırıq vermək, nəzarət hüququ uzun illər əvvəl aradan qaldırılıb.

V.Nəsibov 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar