ÇAR PUTİN VƏ ONUN TELEVİZİYA ŞOUSU - "Kafka sayağı imitasiya"

Putin Rusiyasında hər il prezidentin birbaşa televiziya efirindən telefon, internet və SMS vasitəsilə gələn sualları cavablandırması artıq ənənə halını alıb. Bu şounun ssenarisi sərt qaydada tərtib olunur. Əvvəlcə prezidentə imkan verilir ki, o, ölkədəki sosial-iqtisadi vəziyyəti geniş şərh edərək, qiymətləndirsin.

Çıxışın əsas məğzi isə ondan ibarət olur ki, istər ölkə daxilində, istərsə də xaricdə vəziyyətin nə qədər "gərgin və mürəkkəb" olmasına baxmayaraq, hər şeyin həmişəki kimi prezidentin nəzarəti altında olması fikri şüurlara yeridilsin. Bütün veriliş boyu Putinin öz xalqına necə rəhmli və şəfqətlə yanaşması durmadan tez-tez nümayiş etdirilir. Bundan əlavə prezident hamıya necə kömək göstərəcəyinə də söz verirdi. O, kəndlilərə, fəhlələrə, aviasiya sənayesi işçilərinə, kosmodrom inşaatşılarına, veteranlara, gələcək təqaüdçülərə, xəstələrə, Krıma getmək istəyən turistlərə yardım edəcəyini bəyan edirdi. Əlbəttə, məlumdur ki, siyasətçilərin öz seçicilərinə həvəslə vədlər verməsi Qərb ölkələrində də standart praktika sayılır. Ancaq indiki halda Rusiyanın mövcud siyasi sistemin xüsusiyyətlərinə uyğun olaraq, rus təbəəsi itaətkarlıq və dözümlə öz qayğıkeş çarından kömək diləyir. Putin isə öz böyük atalıq qayğısı manerası ilə söz verir ki, hər şey yaxşı olacaq!

Əslində Rusiya vətəndaşlarının başqa imkan və çıxış yolları da yoxdur. Çünki Rusiyada demokratik institutlar, siyasi partiyalar, seçkilər və bütün hüquq sistemi tamamilə mənasız və boş şeyə çevrilib. Çoxdandır ki, Rusiya əhalisi müxtəlif səpgili məsələlərin demokratik yolla həll olunması imkanlarından məhrum edilib. Elə məhz bunun nəticəsində də prezident, yaranmış güclü bürokratik aparat vasitəsilə milli lider rolunda ölkəni idarə edir. Beləliklə, "Vladimir Putinlə birbaşa əlaqə” şousu, ölkədəki siyasi proseslərə təsir etmək imkanı olmayan Rusiya vətəndaşlarının demokratik məmləkətdə yaşadıqlarının Kafka sayağı imitasiyası idi.

Birbaşa əlaqə zamanı Ukrayna və Qərb münasibətlərinə də toxunuldu. Öz xarici siyasətinə Putinin bəraət qazandırması təəccüblü deyil. Putinin danışdıqlarına diqqətlə qulaq asdıqdan sonra, onun sözlərindən belə bir nəticə çıxarmaq olar ki, deyəsən, Rusiya prezidenti Ukrayna və Qərbə qarşı münasibətini yumşaltmaq niyyətindən uzaqdır. Putin Qərbi düşmən gözündə gördüyünü inkar edərək, bildirir ki, Kreml, Donbasdakı münaqişənin yalnız sülh yolu ilə həll edilməsində maraqlıdır. Lakin Ukraynaya qarşı Putinin qərəzsiz və vicdanlı olmasına gəldikdə isə, artıq bu xüsusda Qərbin ona bəslədiyi inam, xeyli dərəcədə laxlayıb. Nəhayət, onu da qeyd etmək lazımdır ki, əslində Putin Ukraynanın suverenliyinə hörmət göstərməsi barəsində heç bir söz söyləməyib.

Rusiya ordusunun Ukraynaya müdaxiləsini təsdiq edən çoxsaylı fotaların, videoların və digər faktların olmasına baxmayaraq, hər şeyi inkar etməsi Putinə olan inamı bir daha sarsıdır. Qərbdə artıq Rusiya prezidentinin əməlinə qiymət verilir. Əslində, rusiyalılar sosial vəziyyətin yaxşılaşacağı sözünü verən Putinə qarşı da bu cür münasibət bəsləməlidirlər. (Deutsche Welle)

Çevirdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar