VERGİLƏR NAZİRLİYİNDƏ QARŞIDURMA - "Tərəflər silaha əl ata bilər..."

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində kadr təyinatı ilə bağlı ciddi qalmaqal yetişir

Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində (VCİAD) silahlı insident ola bilər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, VCİAD-da son vaxtlar baş verən hadisələr orada çalışan hər kəsin əsəblərini tarıma çəkib. Qaynağımız qeyd edir ki, aprelin 15-də VCİAD İstintaq İdarəsinin rəisi, polkovnik Şahin Rüstəmov çox hörmətsiz şəkildə təqaüdə göndərilib: “Departamentin rəisi Vidadi Məmmədov qocaman istintaqçı, 20 ildən çox istintaq orqanlarında rəhbər vəzifələrdə çalışmış Şahin Rüstəmovu növbəti məzuniyyət vaxtı təqaüdə göndərib. Vidadi Məmmədov Departamentin təməlini qoyan ağsaqqalı bir iclas edib hədiyyə verməklə hörmətli şəkildə yola salmadı. Şahin Rüstəmov 40 ildir ki, hüquq-mühafizə orqanlarında işləyirdi, peşəkar, savadlı idi”.

[caption id="attachment_111779" align="alignleft" width="247"]

Vidadi Məmmədov[/caption]

Mənbə bildirir ki,  Vidadi Məmmədov Şahin Rüstəmovun yerinə 1986-cı ildə anadan olmuş, heç 1 il belə müstəntiq işləməyən, mayor rütbəsini nəyə görə vaxtından əvvəl aldığı bilinməyən Elmir Şirinovu hazırlayır:  “Bu şəxs olduqca orta səviyyəli hüquqşünas, əvvəllər Vergilər Nazirliyində Məmmədovla birlikdə işləmiş, sonradan VCİAD-da vəziyyətin daxildən öyrənilməsi üçün onun tərəfindən göndərilib. Elmir Şirinov VCİAD-da müstəntiq işləyib, 1 neçə aydan sonra Vidadi Məmmədov onu bölmə rəisi, sonra şöbə rəisi, az sonra isə idarə rəisinin müavini vəzifəsinə təyin etdirib. Onun yerinə isə yenə də Məmmədovun yaxını, qrup yoldaşı Tariyel Tağıyev gətirilib. Yəni Elmir Şirinov toparlayıb öz yanına yığdığı müstəntiqləri yenə rəisin favoriti olan Tariyel Tağıyevə təhvil verib. Tariyel və Vidadi Məmmədov hüquqşünas diplomlarını bir neçə il əvvəl alıblar”.

Qaynağın sözlərinə görə, hazırda Departamentin İstintaq İdarəsi 2 yerə bölünüb: “Bizimlə işləyən” və bizim olmayan müstəntiqlər var. Şirinovun dəstəsində Nəriman Məcidov, Zamiq Bağırov, Taleh Mənsimov və s.-dir. Lakin onlar heç də yalnız büdcəyə işləmirlər. Bu gün guya dövlət büdcəsini doldurmaq məqsədi ilə sabiq gömrük rəisi Tahir Əliyev demişkən “rüsum da, pul da yığırıq”. Amma yığılan məbləğlərin hansının özlərinə götürdükləri, hansının isə dövlətə ödənilən rüsum olduğunu kimsə bilmir. Hazırda hamı Vidadi Məmmədovu gözləyir. Rəsmi olaraq Qurban Mehrəliyev rəisi əvəz etsə də, müstəntiqlərə onun otağına getmək qadağan olunub".

Mənbəmiz bildirir ki, yaranmış vəziyyət hər an silahlı münaqişəyə çevrilə bilər: “Bu gün İstintaq İdarəsi rəisinin 3 müavini var və onlardan ikisi formaldır - Ruslan Səfər oğlu Əbiyev və Qurban Mehrəliyev. Əlbəttə ki, bütün iş yükünü öz çiyinlərində Elmir Şirinov vətənə böyük sevgi ilə daşıyır. E.Şirinovun polkovniklərə, polkovnik-leytenantlara rəis təyin etmək səlahiyyətində olması V.Məmmədovun Vergilər Nazirliyi üzərində böyük bir qələbəsidir. E.Şirinovla müstəntiqlərin münasibətləri kəskindir, otağında daim qışqır-bağırdır”.

Qaynağımız əlavə edir ki, VCİAD əsassız həbslərlə bağlı dəfələrlə gündəmə gəlib. Bundan sonra da qurumun diqqət mərkəzində olacağı şübhəsizdir: “Məsələ ondadır ki, belə bir cavan kadrın - Elmir Şirinovun təyinatından sonra vergi cinayəti törətmiş oğulun əvəzinə anası da tutula bilər. Onu demək lazımdır ki, artıq Şirinova rəis deyə müraciət edənlər də var...” (musavat.com)

Vergilər Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar