Dollar kreditləri: Konstitusiya Məhkəməsi hansı qərarı çıxaracaq? - EKSPERTLƏR DANIŞIR

Bildiyiniz kimi artıq 7 May tarixində Konstitusiya Məhkəməsində dollarla verilmiş kreditlərin hansı məzənnə ilə qaytarılması ilə bağlı qərar qəbul olunacaq.

Ölkənin hüquqşünas və ekspertləri bu haqda öz fikirlərini Banker.az portalına bildiriblər.

Ekspert Vüqar Bayramov bildirir ki, Konstitutsiya Məhkəməsinin vətəndaşların xeyrinə qərar çıxarmasını istərdi:

"Konstitusiya Məhkəməsinin hansı bir qərarın qəbul ediləcəyi əvvələdən müəyyən etmək təbii ki, mümkün deyil. Nəzərə alsaq ki, dollarla kredit götürən vətəndaşların sayı kifayət qədər çoxdur və manatın dollara nisbətən məzənnəsi aşağı düşdüyü üçün onların həmin vəsaiti geri qaytarmasında xeyli çətinliklər olub.

O baxımdan biz əslində Mərkəzi Banka təklif etmişdik ki, Mərkəzi Bank banklara orta məzənnə olan 0.92 manatla kreditlərin geri qaytarılmasını tövsiyyə etsin. Lakin Mərkəzi Bank kommersiya Banklarına tövsiyyə məktubu göndərmədiyi üçün bu məsələyə kommersiya bankları tərəfindən baxılmadı.

Təbii ki, burada iki məsələ var. Birincisi, vətəndaşların ödəmə qabiliyyətidir. Çünki hazırda mövcud olan yeni kurs dollarla kredit götürən şəxslərin borclarını geri ödəməyə problem yaradır və onlar ödənişlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bu da həm onların ödəmə qabiliyyətinə mənfi təsir göstərir, həm onların bütövlükdə xərclərinin artmasına həm də problemli kreditlərin artmasına gətirib çıxarır. Çünki artıq yeni kursla böyük məbləğdə kredit götürən vətəndaşlar həmin kreditləri ödəməkdə çətinlik çəkəcəklər.

Digər tərəfdən isə bankları da diqqətə almaq lazımdır. Çünki bankların xarici valyuta və eləcə də dollarla öhdəlikləri var. Və köhnə məzənnə ilə götürülməsi, bankların həmin öhdəlikləri yerinə yetirməsinə ciddi təsir yaradacaq. Bu bir neçə bankın dollar ilə öhdəlikləri olan bankların fəaliyyətinə ciddi mənfi təsir göstərəcək."

Vüqar Bayramovun sözlərinə görə banklar hazırki vəziyyətdən çıxa bilər, ancaq əhalinin belə bir imkanı yoxdur.

"Təbii ki, bütün hallarda qəbul edilən qərar, nə bank sektoruna mənfi təsir göstərməlidir nə də ki, vətəndaşların ödəmə qabiliyyətinin kəskin aşağı düşməsinə xidmət etməlidir. Ona görə də nəzərə alsaq ki, bütün hallarda vətəndaşların ödəmə qabiliyyəti olduqca əziyyətlidir. Hər halda Konstitusiya Məhkəməsinin vətəndaşların xeyrinə olan bir qərar çıxaracağını ümid edirəm. Çünki əgər kommersiya bankları öz ziyanlarını kompensasiya etmək üçün bir sıra digər maliyyə mənbələri tapmaq imkanlarına malikdirlərsə, vətəndaşların əksəriyyəti üçün belə bir imkan yoxdur. Ona görə təəssüf ki, qərarı indidən proqnozlaşdırmaq mümkün olmasa belə, daha məqsədəuyğundur ki, Konstitutsiya Məhkəməsinin qəbul edəcəyi qərar vətəndaşların xeyrinə olsun."

Ekspert Samir Əliyev isə Konstitusiya Məhkəməsinin kreditlərin yeni məzənnə ilə ödənişi barədə qərar çıxaracağını ehtimal edir:

"Konstitusiya Məhkəməsinin dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmasına aydınlıq gətirmək təşəbbüsü təqdirə layiqdir. Gec də olsa bu addımın atılması aylarla davam edən kredit mübahisələrinə son qoya bilər. Banklar təzə məzənnə ilə ödənişi tələb edir, müştərilər isə köhnə məzənnə ilə ödəmək niyyətlərini bildirilər. Hər iki yanaşmada qanunvericiliyə istinad edilir.

Qanunvericilik isə bu məsələdə birmənalı mövqe ortaya qoya bilmir. Əhalini haqlı sayanlar əsas diqqəti Mülki Məcəllənin 439.7-ci maddəsinə yönəldərək xarici valyutada olan kreditlərin müqavilə bağlanan vaxt olan məzənnə, yəni köhnə məzənnə əsasında ödənilməli olduğunu bildirir. Bank “tərəfdarları” isə Mülki Məcəllənin 439.2-ci maddəsinə istinad edərək “ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır” fikrini əsas götürürlər və yeni məzənnə ilə ödənilməli olduğunu qabardırlar. Ali Məhkəmənin Plenumunun 4 saylı 24 noyabr 2005-ci il tarixli Qərarı da banklara əlavə üstünlük verir. Həmin Qərarda xarici valyutada olan borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmalı olduğu qeyd edilir. Problem əslində qanunvericilikdəki boşluqdan və qanunların dilinin qüsurlu olmasından qaynaqlanır.

Bütün nəzərlər Konstitusiya Məhkəməsinin mayın 7-də keçiriləcək iclasına yönəlib. Hamı səbirsizliklə Məhkəmənin hansı qərar çıxaracağını gözləyir. Qərar çıxarmaq səlahiyyəti ancaq Konstitusiya Məhkəməsinə məxsus olduğundan bu barədə konkret fikir söyləmək çətindir. Ancaq ehtimal edə bilərik. Fikrimcə, bu məsələdə banklar daha şanslı görünür. Çünki qeyd etdiyimiz kimi qanunvericilik aktları borcun hər bir halda yeni məzənnə ilə qaytarılmasını nəzərdə tutur. Digər tərəfdən Konstitusiya Məhkəməsinin əhalinin xeyrinə qərar çıxarması təkcə bankların yox, həmçinin dollarla əmanət yatıran əmanətçilərin mənafeyinə toxuna bilər. Bu halda banklar da borclu olduğu xarici valyuta əmanətçilərinə borcunu köhnə məzənnə ilə qaytarmalı olacaq. Ona görə də Konstitusiya Məhkəməsinin kreditlərin yeni məzənnə ilə ödənişi barədə qərar çıxaracağını ehtimal edirəm."

Hüquqşünas Əkrəm Həsənov da Konstitusiya Məhkəməsinin bankların xeyrinə qərar verəcəyini düşünür:

"Məsələ ilə əlaqədar əvvəlki (fevral ayında dediyim) fikrimdə qalıram. Buna görə də hesab edirəm ki, Konstitusiya Məhkəməsi əsasən bankların xeyrinə qərar verəcək. Həm hüquqi, həm məntiqi, həm də xarici təcrübə baxımdan bu düzgün olardı. Ümumiyyətlə isə bu məsələnin Konstitusiya Məhkəməsinə belə tez çatması müsbət haldır. Bəlkə bundan sonra devalvasiya nəticəsində zərərə məruz qalanlar daha düzgün alətdən istifadə etməyə başladılar. Həmin yol xarici valyutada kredit müqaviləsinin etibarsız olması tələbinin irəli sürülməsidir (Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən). Nəticədə borc alanlar dollarla da olsa, ödədiyi faizləri çıxaraq banklara borclarını qaytaracaqlar. Bu da müəyyən qədər kompensasiyadır.

Dollarda olan borc hansı məzənnə ilə ödənilməlidir? Bəzi hörmətli həmkarlarım əhaliyə müjdə verib ki, xarici valyutada olan kreditlərini krediti aldıqları tarixdə olan valyuta məzənnəsi əsasında manatla ödəyə bilərlər. Əslində, bu belə deyil! Çox güman ki, həmkarlarımı Mülki Məcəlləmizin qüsurlu dil üslubu və zəif qanunvericilik texnikası çaşdırıb. Belə ki, onlar Məcəllənin 439.7-ci maddəsinə istinad edirlər. Orada deyilir: “Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış, azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir”. Əlbəttə, müddəa çox primitiv şəkildə ifadə olunub. Amma hər bir halda məgər burada xarici valyutadan söhbət gedir? Xeyr. “Xarici valyuta” ifadəsi heç xatırlanmır da.

Əslində, burada söhbət pul vahidinin öz dəyərindən, yəni nominal dəyərindən gedir, digər valyutalara nisbətindən yox. Pul vahidinin nominal dəyərinin dəyişməsi nədir? Denominasiya! Yəni, məsələn, Azərbaycanda 2006-cı ildə baş vermiş son denominasiya nəticəsində 5 000 manat 1 manata bərabər tutulmuşdur. Yəni pul vahidinin nominal dəyəri azalmışdır. Ümumiyyətlə, sözügedən müddəanın pul vahidinin xarici valyutaya nisbətinin, yəni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünki pul vahidi eyni zamanda bir valyutaya nisbətdə bahalaşa, digərinə nisbətdə isə ucuzlaşa bilər. Onda necə olmalıdır bəs? Yaxşı, bəs sözügüdən maddədə xatırlanan “valyutanın dəyişməsi” nə deməkdir? Bu, ümumiyyətlə, pul vahidinin yox olması deməkdir. Məsələn, tutaq ki, sabah Azərbaycan Avropa Birliyinə qoşuldu və manatı avro əvəz etdi. Yəni valyuta dəyişdi. Beləliklə, Mülki Məcəllənin 439.7-ci maddəsinin şərh edilən məsələyə heç bir aidiyyatı yoxdur.

Bəs onda bu məsələ hansı norma ilə tənzimlənir? Mülki Məcəllənin 439.2-ci maddəsi ilə. Orada deyilir: “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”. Yəni təbii ki, xarici valyutada olan borc manatla ödənilə bilər, amma ödəniş gününə mövcud olan məzənnə əsasında. Bu, beynəlxalq aləmdə də, xarici ölkələrdə də belədir. Yeri gəlmişkən, Mülki Məcəlləmizin bu müddəası Almaniya Mülki Qanunnaməsinin 244-cü maddəsinin 2-ci bəndi və Hollandiya Mülki Məcəlləsinin 124-cü maddəsi əsasında tərtib edilib.

Məsələnin məntiqi təhlili də bizi eyni nəticəyə gətirir. Əgər borcun ödənilməsi əvvəlki məzənnə əsasında həyata keçirilirsə, onda borcun xarici valyutada ifadə edilməsinə nə ehtiyac var? Axı eyni ilə banklar da deyə bilər ki, məsələn, dollarda olan əmanətləri əmanəti qəbul etdikləri gündə olan məzənnə əsasında manatla ödəyəcəklər. Təbii ki, əmanətçilər bundan haqlı olaraq narazı qalacaqlar. Əlbəttə, Məcəllənin qüsurlarından yararlanmağa cəhd edərək banklarla mübarizə aparmaq olar. Amma böyük ehtimalla söyləmək olar ki, bu cəhd uğursuz olacaq. Konstitusiya Məhkəməsi Mülki Məcəllənin açıq-aydın olan 439.2-ci maddəsini ən azı qeyri-müəyyən olan 439.7-ci maddədən üstün tutacaq. Buna görə də nə qədər ağır olsa da, vətəndaşlarımıza bəd xəbər verməliyəm: xarici valyutada olan borclarını yeni məzənnə əsasında ödəməli olacaqlar."

Ekspert Rəşad Həsənov də hesab edir ki, Konstitusiya Məhkəməsinin bildirəcəyi fikir vətəndaşın xeyrinə olmayacaq:

"Məsələ ondadır ki, KM-si devalvasiyadan sonra ictimayətdə ciddi şəkildə çaşqınlığa səbəb olan Mülki Məcəllənin 439-cu maddəsinin bəndlərində pul öhdəliklərinin icrası ilə əlaqədar tələblərin izahını verəcək. Yəni bu maddənin xüsusi ilə 2-ci bəndində nəzərdə tutulan nisbətən anlaşıqsız yazılan ifadənin əslində hansı anlam daşıdığını təsdiqləyəcək.

Lakin mən bu fikri bildirərkən təəssüf hissi keçirsəm də bildirməliyəm ki, KM-nin bildirəcəyi fikir vətəndaşın xeyrinə olmayacaq. Çünki bəhs edilən maddə əslində iqtisadi prinsiplərə uyğundur və konkret olaraq xarici valyutada kreditin, borcun və yaxud da digər pul öhdəliklərinin öhdəliyin yarandığı günə-yəni ödəniş gününə və ödənişi qəbul edən tərəfin müəyyən etdiyi məzənnəyə uyğun həyata keçirilməli olduğunu göstərir. Bu maddədə ifadə olunan “xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa” ifadəsi digər valyutaların istifadə edilmədiyi və yaxud tərkibində valyutadəyişmə şöbəsi olmayan təşkilatlara şamil edilir.

Lakin, banklar valyutadəyişmə ilə məşğul olduğu üçün siz xarici valyutada olan kredit borcunuzu cibinizdə olan hər hansı digər valyuta ilə ödəyə bilərsiniz ki, bu zaman bank sizə günün məzənnəsinə uyğun məbləği bildirir və siz ödənişi həyata keçirə bilirsiniz. Yox əgər siz bankın məzənnəsinin yüksək olmasını, sizə sərfəsiz hesab edirsinizsə, istədiyiniz yerdə lazım olan məbləği konvertasiya edib banka olan borcunuzu öhdəliyin yarandığı valyuta ilə ödəyə bilərsiniz.

Bildirmək istədiyim odur ki, KM may ayının 7-də vətəndaş üçün sosial poket, güzəşt və yaxud kompensasiya qərarı çıxarmaq üçün qərar qəbul etməyəcək. Bu qərarların qəbulu yalnız hökumətin səlahiyyətləri daxilindədir və bu zaman banklara dövlət tərəfindən kompensasiya edilməlidir. Beynəlxalq praktika göstərir ki, bu kimi vəziyyətlərdə vətəndaşın yaranış çətin vəziyyətdən xilası dövlətin üzərinə düşür. Bəzən isə banklar müştərinin inamını qazanmaq və gələcəkdə yaranacaq problemli kreditlərin həcmini azaltmaq məqsədi ilə müəyyən güzəştlər edir. Lakin, bu hal korporativ sosial məsuliyyət hesab edilsə də, məcburi öhdəlik deyil və bankları buna məcbur edəcək hüquqi formul yoxdur.

Hazırki situasiyada isə onu deyə bilərəm ki, hökumət hansısa formada güzəştə getmək fikrində görsənmir və bank sektorunu o cümlədəndə vətəndışı ciddi çətinliklər gözləyir. Bir daha bildirmək istəyirəm ki, KM -dən güzəşt gözləmək sadəlövlükdür və hökümətin hər hansı şəkildə kompensasiya dəstəyi olmadığı təqdirdə xarici valyutada olan kreditlər hazırki məzənnəyə uyğun ödəniləcək."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar