PUTİNƏ İKİ SUAL- ... İrəvana nəyə gedirsiniz?

Türk dünyası həm Rusiyanın qonşuluğunda, həm də içərisində bərqərardır...

Rusiya və Azərbaycan KİV-nin bu gün yaydığı məlumata görə, Rusiya Federasiyasının Prezidenti, çox hörməli Vladimir Vladimiroviç Putin aprelin 24-də İrəvana getmək və geydirmə «erməni genosidi»nin 100 illik «yubiley» tədbirlərində iştirak etmək qərarına gəlib. Nə deyə bilərəm? Gedib-getməmək hörmətli Putinin şəxsi işi, Rusiya dövlətinin isə özəl siyasətinin bir epizodudur.

Onu da qeyd etməliyəm ki, tarixdə heç vaxt olmamış «genosid» barədə ermənilərin qopardığı hay-küy, ahu-nalə bütöv türk dünyasının izzəti-nəfsinə toxunun bir yaramaz çalışmadır. Odur ki, Azərbaycan xalqı da bu istiqamətdə cərəyan edən prosesləri diqqətlə izləyir və baş verənlərdən adekvat nəticələr çıxarmaq hüququnu özündə saxlayır.

Geydirmə «erməni genosidi» mövzusu ətrafında müşahidə olunan spekulyasiyalar və bu istiqamətdə Avropa dövlətlərinin əksəriyyətinin tutduğu riyakar mövqenin həm də Azərbaycan türklərinə qarşı yönəlmiş olduğunu təkrarlamağa ehtiyac yoxdur. O da var ki, artıq günümüzdə müşahidə olunanlar açıq-aydın göstərir ki, geydirmə «erməni genosidi» predmeti ilə həyata keçirilən spekulyasiyaların miqyası təhlükəli həddə qədər genişlənib və türk dünyasına qarşı sanki bir «xristian cəbhəsi» formalaşdırıb. Eyni zamanda, təhlillər göstərir ki, bu çalışmaları ilə «xristian dövlətlər» erməni xalqının qayğısına qalmaq, halına acımaq yox, özlərinin özəl geosiyasi maraqlarına xidmət edirlər. Roma papasının bir neçə gün əvvəl «erməni genosidi»ni 20-ci əsrin ilk genosidi adlandırması da sövgedən istiqamətdə xristian dövlətlərə bir xeyir-dua cəhdindən başqa bir şey deyil. Bütün bunları anlayırıq və gələcək həyatımızda yəqin ki, bu və ya digər nisbətdə, nəzərə alacağıq...

Amma Rusiya faktoru bir başqa məsələdir və bizi hər şeydən artıq düşündürür. Nədən ki, Rusiya bizim qonşumuzdur və 20-ci əsrin sonlarına qədər bu ölkə ilə bir dövlətin tərkibində müttəfiq olmuşuq. Odur ki, geydirmə «erməni genosidi» məsələsində Rusiyanın tutduğu (tutacağı) prinsipial mövqe bizə bütöv Avropadan önəmlidir. İstəməzdik ki, Rusiya da bizi təkləyən «xristian siyasəti»nə qoşulsun. Bunları yazarkən mən, üzü gələcəyə dayanmışam və ümid erdirəm ki, gözləntimiz olan həmin gələcək Rusiya dövlətinin də prioritetlərindən biridir. Heç istiəməzdim ki, Rusiya dövləti ardınca sürüdüyü «it quyruğu»na görə, özünün indiki və gələcək dostlarına arxa çevirsin. Bu, həm Rusiyanın, həm də türk dünyasının maraqlarına zidd olardı. Nədən ki, türk dünyası həm Rusiyanın qonşuluğunda, həm içərisində bərqərardır.

Mənim 61 yaşım var, yəni ki, cənab Putindən yaşca böyüyəm. Bu «imtiyaz»dan bəhrələnib də, Rusiya Prezidentinə müraciət etmək istəyirəm: Əzizim Volodya! İrəvana nəyə gedirsiniz? Olmayan «erməni genosidi»nin yubileyinəmi? Nə olar, bizdə belə bir atalar məsəli var, deyərlər «çağrılan yerdən ar eləmə, çağrılmayan yeri dar eləmə». Çağırıblar, Siz də getmək qərarına gəlmisiniz - olsun. O zaman Sizə iki sualım var:

Birincisi, qondarma «erməni genosidi»nin yubileyinə qatılacaq rəsmi şəxs kimi əlinizin altında, sərəncamınızda həmin uydurmanı təsdiqləyəcək bir dəlil-sübut, sənəd varmı? Bunu Ermənistan hakimiyyətindən istəmək Sizin haqqınızdır. Varsa, zəhmət çəkib ortalığa qoyun - biz də görək, bilək.

İkincisi, əgər yoxdursa, onda İrəvana nəyə gedirsiniz? Olmayanı «yad etməyə»?

Əzizim Volodya! Siz kifayət qədər prisipial və qətiyyətli adamsınız. İnanmaq istərdim ki, ermənilərin uydurmuş olduğu «yubiley» tədbirlərinə kor-koranə qatılıb da, illərlə çəkdiyiniz zəhmət bahasına formalaşmış reytinqinizə zərbə vurmayacaqsınız. Nədən ki, özünüz hamıdan yaxşı bilirsiniz - tarixdə heç vaxt «erməni genosidi» deyilən siyasət olmayıb. Di, salamat qalın!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar