İranlı nazir Qarabağ üçün gəlib?

Ötən həftə Moskvada olan Hüseyn Dehqanın Bakıya bir günlük səfər edərək ölkə başçısı və müdafiə naziri ilə görüşməsi müəmmalı qarşılanır

Aprelin 20-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan Azərbaycana 1 günlük səfər edib. Səfər Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dəvəti əsasında baş tutub. İranlı nazir ilk olaraq Azərbaycan Müdafiə Nazirliyinə gedib və burda Z.Həsənovla görüşüb.

Azərbaycana səfəri ərəfəsində Tehran hava limanında iranlı jurnalistlərə açıqlama verən Hüseyn Dehqan bildirib ki, Azərbaycana səfəri azərbaycanlı həmkarının İrana səfərinə cavab olaraq onun dəvətilə baş tutub. Dehqan bildirib ki, Azərbaycana səfəri zamanı regional və beynəlxalq səviyyədə müdafiə məsələləri və həmçinin ikitərəfli əməkdaşlıqlar mövzusunda müzakirələr aparacaq. Bundan başqa iranlı nazir bildirib ki, Azərbaycanda rəsmi şəxslərlə İslam dünyasında ifratçı və təkfirçi cərəyanların artması və regionda terror problemləri də müzakirə olunacaq. Nazir bildirib ki, birgə hərbi əməkdaşlıq sahəsində anlaşmalar əldə edəcəklərinə inanır.

Ötən gün müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini prezident İlham Əliyev də qəbul edib. APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycanla İran qonşu ölkə olsa da, iki dövlət arasında hərbi sahədə ciddi əməkdaşlıq mövcud olmayıb. Bundan başqa iki ölkə arasında mübahisəli mövzular, Xəzər məsələsində anlaşmanın olmaması əməkdaşlığa mane olan məqam idi. Ancaq son bir neçə ildə Azərbaycan İranla normal, isti münasibətlər qurmaqda maraqlı olduğunu büruzə verir. Eyni zamanda İran hakimiyyəti də Azərbaycanla isti münasibətlərin qurulmasında maraqlı olduğunu nümayiş etdirir. Bir sıra müşahidəçilərə görə, Azərbaycan regionda hərbi-siyasi vəziyyətin gərginləşməsi fonunda Rusiya kimi, İranla da münasibətləri yaxşılaşdırmağa çalışır. Bundan başqa Qarabağ münaqişəsinin hərbi həllini istisna etməyən Azərbaycanın güclü qonşu kimi İranla münasibətləri yaxşılaşdırması anlaşılandır.

Yeri gəlmişkən, ötən həftə İran müdafiə naziri Moskvada dünyanın 80-nə yaxın ölkənin hərbi rəhbərliyinin iştirak etdiyi beynəlxalq konfransda iştirak edib, bir sıra görüşlər keçirib. Bu konfransdan əvvəl Rusiya prezidenti İrana S-300 raket sistemlərinin satışına qoyulan embarqonu götürüb. Moskva konfransında əsas müzakirə mövzularından biri isə regional hərbi münaqişələr, o cümlədən Qarabağ münaqişəsi olub. Belə ki Rusiya hərbi rəhbərliyi Qarabağda yeni müharibənin başlaması ehtimalına xüsusi vurğu ediblər. Rusiya baş qərargah rəisi isə münaqişələrin Qərbin təhriki ilə yenidən alovlanması ilə bağlı xəbərdarlıq edib. Heç şübhəsiz ki, Bakıda iranlı nazirlə müzakirə olunan əsas məsələlərdən biri də Qarabağ münaqişəsi, daha dəqiqi münaqişənin yenidən alovlanması məsələsi olacaq. Təbii ki, İran Qarabağda yeni münaqişə başlamasına ehtiyatlı yanaşır və Bakıdakı danışıqlarda terror təhdidi, hərbi əməkdaşlıqla yanaşı, Qarabağda atəşkəsin tez-tez pozulması və olası müharibə də müzakirə olunub. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar