Paşayevlər seçki məsələsində Mehdiyevə qalib gəldi

İlham Əliyevə vəkillik məsələsi gündəmdən çıxdı; seçki qərargahına isə Əli Əhmədov rəhbərlik edəcək

Qarşıdan gələn prezident seçkisinin keçirilməsinə nəzarət uğrunda hakimiyyət daxilində gedən qruplararası savaş Paşayevlərin qələbəsi ilə başa çatıb. Yada salaq ki, əsas mübarizə də elə Paşayevlərlə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev arasında gedirdi.

Seçkinin keçirilməsinə nəzarət, daha doğrusu seçki prosesini uğurla başa çatdırmaq növbəti mərhələdə hakimiyyətdə söz sahibi olmaq deməkdir. Heydər Əliyevin vəfatından sonra seçkilər Ramiz Mehdiyevin nəzarəti altında keçirilib.

Ramiz Mehdiyev və komandasının rəqiblərini zəiflətməsi də məhz seçkilərdən sonra baş verib. PA rəhbəri bu dəfə də seçki prosesini nəzarətə götürməyə cəhd elədi. Lakin Paşayevlərin səyləri nəticəsində bu baş tutmadı. Ramiz Mehdiyevə müavinlərin təyin edilməsilə onun nəzarətə götürülməsi, ona qarşı hücumların təşkil edilməsi, YAP-ın kurasiya edilməsinin prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova (Paşayevlərin komandasına daxildir) tapşırılması PA rəhbərinə güclü zərbə oldu. YAP Əli Əsədova tapşıralanda “Azadlıq” yazmışdı ki, partiyanın rəhbərliyində ikitirəlik yaranıb. Əli Əhmədov Paşayevlərin adamı kimi çıxış etsə də, müavinləri yeni kuratoru qəbul etmirdi. Məhz bu səbəbdən idi ki, Əli Əhmədov YAP-ın yerli təşkitlatlarındakı konfranslara tək gedirdi. Artıq Əli Əhmədov Ilham Əliyevin seçki qərargahının rəhbəridir. Görünür, Ramiz Mehdiyev bu məsələdə uduzmasının fərqinə varıb və Paşayevlərlə razılığa gəlməyə məcbur olub. Əli Əhmədovun seçki qərargahının rəhbəri olmasını isə Siyavuş Novruzov deyib. O, modern.az-a açıqlamasında bildirib ki, prezidentin səlahiyyətli nümayəndəsi kimi MSK-ya verilən və digər sənədlərə YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov imza atır. “Əli Əhmədov ümumi işə rəhbərlik edir. Partiyanın strukturu, icra aparatı, seçki qərargahı əvvəlki qaydada öz işini davam etdirir”,- deyə YAP funksioneri qeyd edib.

Bu, faktiki olaraq Əli Əhmədovun Ilham Əliyevin seçki qərargahına rəhbərlik etməsinin etirafıdır. Bu həm də o deməkdir ki, seçki prosesinə Paşayevlər nəzarət edəcək.

Bununla belə Ilham Əliyevə vəkillik məsələsində Ramiz Mehdiyevlə razılaşmaq mümkün olmayıb. Bu barədə Siyavuş Novruzovun mediaforum.az-a açıqaması belə düşünməyə əsas verir: “Prezidentliyə namizəd Ilham Əliyevin vəkili Azərbaycan xalqıdır, bütün seçicilərdir. Görülən işlər, həyata keçirilən islahatlar xalq və dövlət üçün edilib. On səkkiz yaşı tamam olmuşlardan başlamış yaşı yüzü ötənlərədək hər bir vətəndaş Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd Ilham Əliyevin vəkili olmaq istəyir, belə bir arzuları var. Ona görə də biz hesab edirik ki, hər bir vətəndaş prezidentin vəkilidir. Bütün bunlara görə vəkillik institutunu məhdudlaşdırmaq olmaz. Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizədin yalnız 50 vəkili ola bilər. Bu müddəanın məcəllədən çıxarılması üçün parlamentdə məsələ qaldıracam, təkliflə çıxış edəcəm. Vəkillik məsələsini sərbəst buraxmaq lazımdır, nə qədər adam istəyir, vəkil olsun”.

O daha sonra qəti olaraq bildirib ki, Ilham Əliyevə vəkilliklə bağlı hər hansı siyahı hazırlanmayacaq: “Belə bir niyyətimiz yoxdur. Hər bir seçici prezidentin vəkilidir”.

Görünür, Paşayevlər seçkiyə nəzarəti əldən verməmək üçün vəkillik məsələsində dirəniş göstərmək istəməyiblər. Bununla da vəkillik məsələsi gündəmdən çıxıb. ("Azadlıq” qəzeti).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar