“HEYDƏR ƏLİYEV YALTAQ VƏ SATQINLARA BEL BAĞLAMAZDI” - Rəsul Quliyev

“Öz mövqeyindən geri çəkilməyənlərə isə xüsusi simpatiyası vardı”

Bir müddət əvvəl YAP-ın yaradıcılarından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Rəsul Quliyevin Azərbaycan parlamentinin sədri olduğu vaxtlarda YAP-a ərizəsiz qəbul olunması və Heydər Əliyevi narazı salan bir müsahibə verməsi barədə fikirlər səsləndirmişdi. Həmin müsahibənin müəllifi Eldar Sabiroğlu modern.az saytına müsahibəsində maraqlı açıqlamalar verib. O, Rəsul Quliyevlə müsahibənin ona ciddi problemlər yaratdığını deyib. Sitat:

“Doğrudur, Rəsul Quliyevdən müsahibə götürdüm. Amma bu müsahibə sonradan başıma bəla oldu. Guya, müsahibə mənim təşəbbüsümlə alınıb. Əsla, belə olmayıb. Əli Nağıyev o zaman YAP qərargahının rəhbəri idi. Bütün proseslərin necə baş verdiyini də çox yaxşı bilir. O, mənə dedi ki, prezident Heydər Əliyev Rəsul Quliyevdən müsahibə götürməyini istəyib.

Təbii ki, tərəddüdsüz qəbul etdim. Müsahibədən əvvəl YAP-ın İdarə Heyəti partiyanın qərargahında yox, Rəsul Quliyevin Milli Məclisdəki kabinetində yığışıb, onun partiyanın üzvü seçilməsi ilə bağlı çox böyük təmtəraqla iclas keçirdi. İndi o iclasda çıxış edən adamların adlarını çəkmək istəmirəm….”

E.Sabiroğlu Rəsul Quliyevin kabinetinə yığışan insanların indi də vəzifələrdə olduğunu deyib və onları “təhlükəli adamlar” kimi təqdim edib: “Həmin şəxslər bütün imkanlara malikdirlər. Vəzifədən tutmuş yaşayış tərzinə qədər hər şeyləri var. Təkcə özlərinin yox, övladlarının da adına ayrı-ayrılıqda villalar var. Təbii ki, zaman gələcək bu adamlar ifşa olunacaqlar. Cəsarətlə deyə bilərəm ki, həmin adını çəkmək istəmədiyim şəxslər Heydər Əliyevə sədaqətlə xidmət edən adamları vurub sıradan çıxarıblar.”

Maraqlıdır, söhbət kimlərdən gedir? E.Sabiroğlu 20 ildən sonra kimləri Rəsul Quliyev “kartı” üzərindən hədəfə çıxarır?

Oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq, bu suallara elə Rəsul Quliyevin öz dilindən cavablar eşitmək istədik.

Rəsul Quliyev bu səpgili açıqlamalar və ittihamlara cavab verməyə çox da həvəsli olmadığını bildirdi. Onun sözlərinə görə, hakimiyyətdaxili mübarizədə bəzi çevrələr bir-birinə qarşı belə “kompramat”lardan istifadə edirlər.

“Təəssüf ki, bu məsələdə də ən çox mənim adım hallandırılır. Qarşı tərəfi mənimlə münasibətdə günahlandıran maraqlı dairələr qəsdən “unudurlar” ki, mən o zaman Azərbaycan hakimiyyətinin əsas iki aparıcı şəxsindən biriydim və bütün hakimiyyət nümayəndələrini öz kabinetimdə qəbul edirdim. Burda nə var ki? Mən Milli Məclisi sədri kimi öz işimlə məşğul idim və hər gün müxtəlif nazirləri, nazir müavinlərini, hətta Prezident Administrasiyasının işçilərini çağırıb onlarla söhbətləşirdim. Aralarında Heydər Əliyevi tənqid edənlər də vardı. Bilirəm ki, Heydər Əliyevin yanında da mənim əleyhimə danışanlar çox olub. Buna da normal baxırdım. Nə edək ki, bizim məmur sinfinin əksəriyyəti bu xarakterdədir?”

Bu görüşlərdən “kompramat” kimi istifadə etməyin heç bir əsası olmadığını fikirləşən Rəsul Quliyev, belə cəhd göstərənləri daha ciddi işlə məşğul olmağa çağırır.

“Ölkənin indiki ağır çağında bu cür cılız mübarizə metodu sərgiləyən təkcə Əli Nağıyev və Eldar Sabiroğlu deyil. İqtidar komandasında çoxu bu cür mənasız işlə məşğuldur. Əminəm ki, sabah bir başqası da çıxıb eyni ittihamla, öz rəqibini mənimlə nə vaxtsa əməkdaşlıq etməkdə günahlandıracaq. Mən bütün bu ittihamlara cavab versəm, onda gərək bütün ömrümü mənasız işlərə sərf edəm”.

Rəsul Quliyevin fikrincə, belə “cılız kompramatlarla” siyasi iradənin etimadını qazanmağa ümid edənlər, ciddi şəkildə yanılırlar:

“İlham Əliyevi deyə bilmərəm, amma onun atasının belə adamları görməyə gözü yox idi. O, heç vaxt yaltaq və satqınlara bel bağlamazdı. Sadəcə, onlardan istifadə edirdi. Öz mövqeyindən geri çəkilməyənlərə isə xüsusi simpatiyası vardı. İndi köhnə metodlarla vəzifə almaq istəyənlər bu nüansı yadlarından çıxarmasınlar”.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar