Azərbaycan-Türkiyə: korrupsiya keçidləri - VİDEO
Türkiyədəki kompromat savaşının Azərbaycan izləri
(Azərbaycan Saatı. Surxay Hüseynli ilə birlikdə)
Türkiyədə həyata keçirilən “böyük rüşvət” əməliyyatı və burada həbs olunan çoxsaylı adamların kimliyi haqqında məlumatlısınız. Bu əməliyyatı kimin hazırladığı və həyata keçirdiyi də aydındır. Bu hadisələrin əvvəli və sonu, iştirakçılar, qazananlar, itirənlər... Hər kəs və hər şey aydındır və bunlar Türkiyə cəmiyyətinin, dövlətinin problemidir. Amma nəticələr elan edir ki, bunlar yalnız Türkiyənin problemi deyil, həm də və bəlkə daha çox Azərbaycanın problemidir. Bizsə bir suala cavab tapmağa çalışacağıq. Bu, bizim iş adamlarının, dövlət məmurlarının Türkiyəyə gətirdiyi rüşvətxorluq, korrupsiya və çirkli pulların yuyulmasında iştirakı ilə bağlıdır.
Bu həbslər ərəfəsndə Türkiyədə baş verənlərə diqqət yetirək. Azərbaycan mənşəli Türkiyə kriminalları - Atatürk hava limanından 1 milyon dollarlıq telefon keçirmək istəyən iki azərbaycanlı saxlanılır. Bundan bir az əvvəl Türkiyədə saxta dərmanlar satmaqla məşğul olan 50 nəfər həbs edilir. Gəlin bu hadisənin bir qədər içinə girək. İnsanlığa sığmayan bu əməllərlə məşğul olan dəstənin başənda Azərbaycanlı həkim dayanırdı. Türkiyə mətbuatı haray salırdı:
“Azəri doktor təmin etdi. Saxta dərman satan dəstə mətbəə açıb qutular hazırladı! Saxta dərmanlar depolara paylandı, onsuz da əlacsız olan xərçəng xəstələrinə satıldı. Əli heç yerə çatmayan ümidsiz insanların cibinə girildi. İstanbul polisinin apardığı araşdırmalar nəticəsində saxta dərmanların Azərbaycandan gətirildiyi məlum oldu. Bu saxta dərmanlar Türkiyənin az qala yarısında yayılırdı. Saxta dərmanların azərbaycanlı doktor N.Rəhimovun vasitəçiliyi ilə alındığı üzə çıxdı. Bu dəstə yalnız Türkiyədə deyil, İraq, Suriya və Liviyada da saxta dərmanlar satır, yaxud gətirilmiş ağ rəngli ovuntulardan olan həblər bu ölkələrdə də istehsal edilirdi".
Elə bu ərəfədə başqa bir azərbaycanlı Bakıdan İstanbula, buradan da Moskvaya uçur. Orada çantasında olan 2,7 milyon dolar oğurlanır. Atatürk hava limanında araşdırmalar aparılır, ilk nəticələrə görə, bu yolla uzun müddət çirkli pullar yuyulurmuş.
Dilucu və dəhşətli cinayət şəbəkəsi
Və nəhayət, Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun Naxçıvanla sərhəddəki Dilucu gömrük-keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs edilməsi məsələsinə diqqət yetirək. Mirməhəmməd Seyidov dekabrın 17-də Türkiyədə saxlanılıb. Türkiyə mətbuatında yayılan məlumatlara görə, gömrük rəisini təyyarə ilə İstanbuldan Qarsa gələrkən Türkiyənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları həbs edib. Həbs olunduqdan sonra onu Qarsdan İğdıra aparıblar və orada 3 ay həbs veriblər. Elə həmin gün Dilucu sərhəd-keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə əməliyyat keçirilib. Əməliyyat zamanı yeddisi gömrük işçisi, onu daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.
“Mirməhəmməd Seyidovun işlədiyi müddətdə gömrükdə millətə qan uddurulub”
Bütün həyəcanlı xəbərləri bir yana atın da, sadəcə bir faciəni xatırlayın: Həbs olunduqları bildirilən iş adamı Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun harada saxlanıldıqları barədə yaxınlarına məlumat verilmir. Bu olayı unutmaq olmaz. Çünki hökumətin yaratdığı aclıqdan və fəlakətdən qurtulmaq üçün ən ağır şərtlər altında xırda bizneslə uğraşan bir ailənin başına gətirilən oyunlar bir müddət əvvəl ölkə mətbuatının gündəminə sıçramışdı. Naxçıvanlı hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin dediklərinə diqqət yetirək. Sədərək gömrüyündə baş verən qanunsuz əməllərdən lap əvvəllərdən hamının məlumat olub. Hüquq müdafiəçisinin dediyinə görə, o bu pozuntularla bağlı bir neçə dəfə araşdırmalar aparmaq istəsə də, buna imkan verilməyib. O deyir ki, hətta 2011-ci ildə araşdırma apararkən keçid məntəqəsinin əməkdaşları tərəfindən döyülüb. Təkcə gömrük deyil. Naxçıvan adlı qapalı ərazidə fövqəladə vəziyyət kimi bir rejim hökm sürür. Vasif Talıbovun firmalarının bişirdiyi çörək satışının bazarı rəvac olsun deyə, hətta təndir qalamaq da qadağan edilib...
Hələ 2 il öncə həmin bu Mirməhəmməd Seyidov qəzaya düşmüşdü. beli qırılmışdı. Türkiyədə müalicə olundu. İndi Türkiyədə beli yenidən qırılıb deyəsən...
Onun işlədiyi müddətdə gömrükdə millətə qan uddurulub. Hər gün yüz tonlarla yanacaq keçirilirdi Türkiyəyə. Kasıb camaatın uşaqlarına aldığı ərzaqları da əllərindən alıb, bazarlarda satırdılar. Maşınlardan zorla yanacaq çəkib, «zapravka»larda satdırırdılar.
Heroin yolu - ağ yol
Türkiyə mənbələri xəbər verir ki, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməliyyatçıları 1 ilə yaxındır Mirməhəmməd Seyidov da daxil olmaqla Naxçıvanla sərhəddəki gömrük məntəqəsində işləyənləri izləyirmiş. Həbs olunanların telefon danışıqları dinlənilib və hərəkətləri izlənilib. Seyidovun İstanbula hansı məqsədlə getdiyi məlum deyil. Ancaq istisna deyil ki, gömrük rəisinin Türkiyəyə hansısa iş üçün dəvət edilməsi onun həbsi üçün qurulmuş əməliyyatın bir hissəsi olub. Burada ötən illərdən bir faktı xatırlatmaq istərdik.
2007-ci ildə "Azadlıq" qəzetində Naxçıvan gömrüyündən, Türkiyə- Naxçıvan sərhəddindən keçirilərək Ermənistana və MDB-nin başqa ölkələrinə aparılan narkotika və silah haqqında müfəssəl məlumat verilmişdi. Koordinatlara və koordinatorların adlarına qədər hər şey aşkar şəkildə yazılmışdı. Bir il sonra Türkiyədən və Azərbaycandan keçərək 1 ton heroin aparan yük maşını Ukraynada saxlanılmışdı...
Yenidən İğdıra qayıdaq. Polis basqınını görən türkiyəli gömrük məmuru içərisində 71 min Türk Lirəsi məbləğində valyuta olan paketi pəncərədən küçəyə atıb. Əməliyyat Dilucu sərhəd-keçid məntəqəsində, İğdırda və Aralıq qəsəbəsində 280 polisin iştirakı ilə keçirilib. Həbs olunanlardan biri qadındır. Həbs olunanların evlərində və iş yerlərində axtarış aparılıb. Nəqliyyat firmalarının sahiblərinin evlərindən yüz minlərlə dollar, çoxlu sayda imzalı, ancaq üzərində məbləğ göstərilməyən ödəmə sənədləri, neft məhsullarının qaçaqmalçılığını təsdiqləyən sənədlər və silah tapıblar. İlkin dindirmə zamanı bəzi gömrük məmurları iddia ediblər ki, rüşvəti məcburən alıblar. Çünki nəqliyyat firmasının sahibləri rüşvət almayan gömrük məmurlarını döydürürmüş. Qeyd edək ki, uzun illərdir Naxçıvandakı Sədərək gömrüyü qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan olaraq qalır. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə benzin və dizel yanacağı qaçaqmalçılığı üçün əsas məntəqə olub. Bu məntəqədə heç bir qanun işləməyib və rüşvət verməkdən imtina edən iş adamları döyülüb, oğurlanıb, malları müsadirə olunub və həbs edilib. Həmçinin Sədərək gömrüyündən İrana qarşı beynəlxalq sanksiyaların “dəlinməsi” üçün istifadə edildiyi barədə “WikiLeaks”in yaydığı Amerika diplomatik teleqramlarında geniş bəhs edilirdi. Başqa sözlə, Sədərək gömrüyü beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərib. İran pullarının marşrutu ilə Seyidovun “ İğdır turizm” şirkətinin sahibi Turqay Arasla kirvə olduğu da aydınlaşıb. Turqay Aras onlarla şirkətin sahibidir. Rza Zərrabın qızılı və çirkli pulları bu firmalar vasitəsi ilə İrana və Türkiyəyə daşınıb.
Seyidovun həbsi Azərbaycanda korrupsiyaya qarşı mübarizə adlandırılan kampaniyanın yeni ştrixlərini üzə çıxarır. İlk dəfədir ki, Azərbaycan məmuru ölkə hüdudlarından xaricdə həbs edilir. Bəs Azərbaycan tərəfi öz qaçaqmalçı və rüşvətxor məmurunu müdafiə edəcəkmi? Yeri gəlmişkən, bir məsələ də diqqəti cəlb edir. Bu, çirkli pulların yuyulması ilə bağlıdır.
Bir neçə il çirkli pulların yuylması ilə məşğul olan bir dəstə Moskvada həbs edildi. Rusiyalı müstəntiqlər dəstənin başında nağdılaşdırma krallarından Fəzail Ələkbərovun dayandığını müəyyənləşdirdilər. Amma Azərbaycan hakimiyyəti nəinki tədbir gördü, onun ölkədən qaçması ilə bağlı informasiya ilə kifayətləndi. Bizdə olan məlumata görə, F.Ələkbərov bundan sonra çirkli pulların Azərbaycan bankları vasitəsi ilə yuyulması marşurutunu dəyişib. Çox güman ki, Türkiyədən keçən yollardan birinin başında bu qara maliyyə kralı dayanır. Biz bu istiqamətdə araşdırmalarımızı davam etdiririk. Yaxın zamanda onun Vergilər Nazirliyi və banklarla birlikdə əmliyyatları haqqında məlumat verəcəyik.
“Turkiyədə baş verən hadisələr Azərbaycanda kütləvi həbslər yarada bilərmi” sualına hələ ki, birmənalı cavab vermək mümkün deyil. Cənubi Azərbaycandan olan Rza Zərrab 81-100 milyard avro arası çirkli pul nağdılaşdırıb. İran mənşəli bu pulların nağdlaşdırılmasında bir zamanlar Azərbaycan məmurları və ictimai xadimləri də iştirak edib. Bəzi məlumatlara görə, bu kampaniyada nağdlaşdırma əməliyyatçıları İlham Əliyevə də atıblar. Onlar Əliyevə nağdlaşdırmanı 10 faizə apardıqlarını desələr də, əslində bu,16 faiz olub. Faizin yüksəldiyini görən İranlı işbazlar isə əməliyyatın coğrafiyasını dəyişərək Ermənistan və Türkiyə dəhlizlərinə üstünlük veriblər. Amma bu barədə sonrakı proqramlarımızda.
PKK xəritəsi
Milli Məclisin eks-spikeri Rəsul Quliyev müsahibələrinin birində bildirmişdi ki, hələ 1995-ci ildə Türkiyə Böyük Millət Məclisinin sədri Hüsaməddin Cindoruq özü ilə PKK strukturlarını təsvir edən xəritə gətirmiş və onu Heydər Əliyevə göstərmişdi. Həmin xəritəyə görə PKK-ya silah Ermənistan və Naxçıvandan ötürülür. Hər dəfə bu məsələ qaldırılanda Azərbaycan hüquq mühafizə orqanları elə də mühüm əhəmiyyət kəsb etməyən PKK-çıları sərhəd pozucusu adı ilə həbs edir və onları Türkiyəyə təhvil verirdilər. Amma bu terrorçu təşkilatın Azərbaycandakı özəyinə toxunulmurdu. Abdulla Ocalanın özü Azərbaycanda PKK-nın güclü strukturlarının olduğunu etiraf edirsə, bunu necə danmaq olar? Abdulla Ocalan İmralı həbsxanasında yatarkən Şəhid Analarının hüquqlarını qoruyan vəkil Zəki Hacıibrahimoğlu ona PKK-nın türk respublikalarında, o cümlədən Azərbaycanda bölmələrinin olub-olmadığını, Bakıda kimlərdənsə dəstək alıb-almadığı barədə sualla müraciət edir. Abdulla Ocalan PKK-nın ən güclü özəklərindən birinin Azərbaycanda olduğunu söyləyir. “Ergenekon2 əməliyyatı zamanı həbs edilən təqaüdçü minbaşı Fikrət Əməyin evində tapılan sənədlər arasında PKK-nın Azərbaycandakı fəaliyyəti ilə bağlı bir məlumat çıxıb. Məlumata görə, Azərbaycandakı “A” adlı holdinq PKK-ya yardım edən özəl bir strukturdur. Holdinqin Moskvada da bir filialı var. Filial ticarətlə məşğul olmur, yalnız hər ay 1 milyon dollara qədər vəsaiti Moskvadan Bakıya köçürür. Bu vəsaitin PKK-ya yardım vəsaiti olduğu qeyd edilir. Bü günlərdə Öcalanın vəkili Türkiyədə çıxan “Zaman” qəzetinə müsahibə verib. O bu müsahibədə çox şeydən danışıb. Amma bir məqam diqqəti xüsusi ilə özünə cəlb edir. Vəkil bildirir ki, Ocalan Atatürk ideyalarını bəyənir, özünü “Kamalçı” sayır. Birdən Ocalan da Azərbaycanla bağlı bir kitab yazmaq eşqinə düşdü. Və o da özünə bu sualı verdi: Azərbaycanda PKK varmı?..
Diaqnoz: yolsuzluq
Amma Türkiyə ünvanlı korrupsiya proyektlərinin ifşası davam edəcək. Orada iç savaşın doğurduğu kompromat yağışı Azərbaycandan oraya uzanan yolsuzluq yollarının üzərini hələ çox işıqlandıracaq. Neft qoxulu korrupsiya Türkiyədə zövqləri necə qarışdırıb deyə şok faktlar üzə çıxarılacaq. Məsələn, bəlli olacaq ki, şəxsən İlham Əliyevə aid olan bir şirkət hansı yollarla Türkiyədə dəyəri milyard dollarla ölçülən tenderi ələ keçirərək... diaqnostika mərkəzləri tikir. Maraqlıdır, elə deyilmi?..(azadlıq.info)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.