“Ümid edirəm ki, Sülhəddin Əkbər verdiyi sözə əməl edəcək” - Rəsul Quliyev

“Nailiyyəti olmayan partiya adını dəyişməklə izimi necə silə bilər”

Sabiq spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) qurucusu və keçmiş lideri, hazırda Amerikada yaşayan Rəsul Quliyev ACP-dəki proseslər, partiyanın adının dəyişdirilməsi, eləcə də onun yaratdığı deyilən “Gələcək Azərbaycan” Partiyası və digər məsələlərlə bağlı Publika.Az –a müsahibəsində danışıb. Həmin müsahibəni təqdim edirik.

“ACP-nin adını dəyişməsinə heç bir əhəmiyyət vermirəm”

-ACP-də partiyanın adının dəyişdirilməsi məsələsi gündəmə gəlib, buna münasibətiniz necədir?

-Azərbaycanda sivil inkişaf kontekstində, “xalq hakimiyyətin mənbəyidir” əsas prinsipinin həyata keçirilməsində partiyanın adının nə olmasının heç bir əhəmiyyəti yoxdur. Və həmçinin partiyanın neçə yaşı olmasının da heç bir fərqi yoxdur. Normal ölkələrdə demokratiyanın formalaşması dövründə yeni partiyaların yaranması və onların zaman-zaman adlarını dəyişməsi təbii bir proses olub. Yaranmış partiyalar müəyyən bir müddətdə, məsələn 10 il heç bir şeyə nail olmayıbsa, ölüb gediblər və yeni partiyalar, yeni adlarla yaranıblar. Məsələn, ABŞ-da Respublikaçılar partiyasının yaranması və formalaşmasına 54 il lazım olub. 1800-cü ildə prezident Cefersonun yaratdığı Demokrat- Respublikaçı və Hamiltonun yaratdığı Federalistlər partiyaları tədricən iki kifayət qədər fərqli siyasət üzərində qurulmuş güclü partiyalara çevriliblər. Bu istiqamətdə fikirlərimi bir qədər də genişləndirmək istəyirəm.

Məsələn, sovet məkanında Kommunist Partiyası (müxtəlif adlar altında yaranıb) ən qədimidir. İndi dünyada 2 və ya 3 dövlətdə kommunistlər hakimiyyətdədir, bu partiya tənəzzül edir və onun gələcəyi yoxdur. Baxmayaraq ki, bu partiyanın həm nəzəri həm də praktiki fundamenti vardır.

“İdeologiyası olmayan müxalifət naşı usta tərəfindən biçilmiş don rolunu oynayır”

Azərbaycanda olan partiyaların fundamentləri yoxdur. Çünki ideologiya bazası yoxdur. Hakimiyyətə olan YAP, Heydər Əliyev irsi, onun ideologiyası ilə getdiyini elan edir. Müxalifətdə olanlarda Rəsulzadə və Əbülfəz Elçibəy irsi və idealogiyasını qəbul etdiklərini və bu yolla getdiklərini deyirlər. Hər iki tərəf bu irsin, bu ideologiyanın nədən ibarət olduğunu deyə bilərmi, konkret yazsalar daha yaxşı olar. İdeologiyanın nə olduğunu istəyirəm sizə izah edəm.

Məsələn, ABŞ-da iki fərqli ideologiya və iki aparıcı partiya var. Respublikaçıların nəzəriyyəsinə görə, ölkədə dinamik inkişafı təmin etmək üçün daima vergini azaltmaq lazımdır. Bəziləri ümumiyyətlə, vergini ancaq satışdan yığmağa keçməyi təklif edirlər. Demokratlar isə inkişafı və sosial ədaləti vergilərin artırılmasında (xüsusilə varlılar üçün) görürlər. Respublikaçılar düşünürlər ki, dövlət biznesin işinə qarışmamlıdır, biznesə tam azadlıq verilməlidir. Demokratların fikrincə, əksinə hökumətin nəzarət funksiyası artırılmalıdır. Xarici siyasətdə hər iki partiya ABŞ-ın hegemon rolunu qəbul edir. Onların fikrincə, açıq cəmiyyət qurmuş ABŞ inkişafda xeyli qabağa gedib, ona görə də dünyaya nəzarət funksiyası onlarda olmalıdır. Respublikaçılar bu nəzarət funksiyasını yerinə yetirməkdə silahlanmaya, ölkələri işğal edib demokratik rejimlər qurmağa üstünlük verir, Demokratlar isə bununla yanaşı, başqa ölkələrlə dil tapmağa da çalışmağın lazımlığını qeyd edirlər. Bu, çox qısa (yəni sadalamağa çox şey var) şəkildə fərqli ideyanın nə olduğunu göstərməkdir. Məsələn, qonşumuz Gürcüstanın ideyası açıq cəmiyyətə yaxın bir ölkə yaradıb, Gürcüstanı xaricilər üçün cazibədar etmək və Qafqazın paytaxtına çevirməkdir. İndi heç bir şüarsız bu müstəqillik, azərbaycanlıların birləşib bir dövlət yaratması heç biri ideya deyil, bu ideologiyaların azı 2000 il ömürləri vardır.

Heydər Əliyev müəyyən bir ideologiya yaradıb. Hələ ki ideologiyası olmayan müxalifət naşı usta tərəfindən biçilmiş və tikilmiş don rolunu oynayır. Ona görə də ACP-nin adını dəyişməsinə heç bir əhəmiyyət vermirəm. Əsas məsələ bu komandanın necə formalaşmasındadır.

“Nailiyyəti olmayan partiyanın adını dəyişməklə mənim izimi necə silə bilərlər”

-ACP-nin Qaradağ və Suraxanı rayon təşkilatlarının rəhbərləri istefa verdi. Onlar bunu sizə görə etdiklərini və “Rəsul Quliyevin olmadığı yerdə biz də yoxuq” deyirlər. Maraqlıdır ki, onların etiraz etdiyi səbəblərdən biri də ACP-nin adının dəyişdirilməsidir. Buna “Rəsul Quliyevin izini partiyadan silmək istəyirlər” reaksiyasını verirlər. Bununla bağlı nə deyə bilərsiniz və sizin izinizin ACP-dən silinməsi kimi halları görürsünüzmü?

-Hələ ki heç bir nailiyyəti olmayan partiyanın adını dəyişməklə mənim izimi necə silə bilərlər. 17 ildir bu hökumət və müxalifətdən kimlərsə mənim izimi silmək üçün dəridən qabıqdan çıxır, bir şey alınmır, partiyanın adını dəyişməklə buna necə nail olmaq olar. Səbəb kimi məni göstərirlərsə, bu fikirlərini dəstəkləmirəm.

-ACP-də tərəfdarlarınızın yetərincə olduğunu müsahibələrinizdən birində demişdiniz. Son iki istefa ilə tərəfdarlarınızın ACP-dən getməsi prosesinin başladığı görünür, bəs bundan sonra yeni istefalar gözləyirsinizmi?

-Belə bir istəyim olsaydı onlar çoxdan istefa verərdilər. Əksinə mən partiyanın güclənməsinin tərəfdarıyam.

“Ümid edirəm ki, Sülhəddin müəllim verdiyi sözə əməl edəcək”

-ACP-ni siz yaratmışdınız. Sülhəddin Əkbər partiyanı yenidən quracağını açıqlayıb. Nə deyə bilərsiniz?

-Sülhəddin müəllimə uğurlar arzulayıram və ümid edirəm ki, camaata verdiyi sözə əməl edəcək.

-Siz bundan sonra öz dəstəyinizi Azərbaycanda yalnız yeni qüvvələrin yetişəcəyi təqdirdə verəcəyini açıqlamışdınız. Artıq “Gələcək Azərbaycan” partiyasının yaradılacağı ilə bağlı anonslar verilir. Bu partiyanı yeni qüvvə hesab etmək olarmı?

-Hələ ki heç bir şey söyləyə bilmərəm. Məramlarını, proqramlarını elan edəndən sonra müəyyən fikir söyləmək olacaq. Ancaq hər-halda bir cəhd, təşəbbüs kimi yüksək qiymətləndirirəm.

“Milli Şuranın sədri aldığı tapşırıqla Müsavatdan olanları aparata yığmaqla filiqran bir addım atıb”

-Milli Şura mitinq keçirdi, hazırda şura sədrinin aparatı formalaşıb ki, burda daha çox Müsavat üzvü və bu partiyaya yaxınlar təmsil olunur. Buna paralel olaraq Müsavat qurumdakı partiyalarla görüşlər keçirərək onlara əməkdaşlıq, yaxud da müttəfiqlik təklif edir. Ümumi olaraq bu düşərgədə baş verənləri necə şərh edərdiniz?

-Bu gün Milli Şura birbaşa Müsavat Partiyasının bu qurumda iştirak etməsindən asılıdır. Milli Şuranın sədri aldığı tapşırıq, məsləhətlə guya öz aləmində Müsavatdan olanları aparata yığmaqla filiqran bir addım atıb. Baxmayaraq ki, onun aparatına götürülən Güləliyev (bilmirəm o hansı partiyadandır) çox cəsarətli adamdır.

Müsavatın başqa partiyalarla iki tərəfli danışıqları aparması düzgün taktikadır. Azərbaycan şəraitində iştirakçıların sayı nə qədər az olsa bir o qədər tez dil tapmaq olar. Düzdür, bu iki tərəfli müqavilələrində heç bir perspektivi yoxdur, ancaq Milli Şuradansa, o daha konkretdir. İndiki ictimai siyasi vəziyyətin son bir neçə illik davamında Milli Şuranın, ümumiyyətlə müxalifətin perspektivi yoxsuzluğa gedir. Paralel olaraq hökumət də nüfuzunu itirməkdə davam edəcək. Müxalifət həddən artıq zəif olduğuna görə pat vəziyyətinin yaranması gözlənilmir, hökumətin həmişə bir neçə fiquru artıq qalacaq.

- Milli Şuraya paralel olaraq Demokratik Qüvvələrin Birliyi də -burda AMİP, Milli Şuradan istefa verən ALP və digər partiyalar var- güclənir. Düşərgədə iki alternativin olacağı görünür. Maraqlıdır ki, qarşıdakı iki ildə müxalifət düşərgəsində hansı proseslər yaşanacaq və bu necə nəticələnəcək?

-Bu suala cavab vermək çətindir. Parlament seçkiləri barədə fikir söyləmək çətindir. Çünki bir çox xarici faktorlardan, xüsusilə enerji resurslarının miqdarı və qiymətindən çox şey asılı olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar