RUSİYA ASİYADA DA MÜHARİBƏYƏ HAZIRLAŞIR - "S-400" raketlərinin sayı artırılır

Hal-hazırda Rusiya Uzaq şərq bölgəsindəki hərbi potensialını intensiv formada artırmaqda davam edir. Moskva o regiondakı ”S-400” zenit-raket sistemlərinin sayını iki dəfə çoxldıb. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatlarına istinadən Rusiya rəsmi KİV-lərinin bildirdiyinə görə, Moskva Kamçatka yarımadasında “S-400” zenit-raket sistemləri yerləşdirib. Kamçatka səmasını qorumaq üçün daha beş ədəd zenit-raket kompleksinin quraşdırılması planlaşdırılır.

“S-400” dünyadakı ən müasir zenit-raket sistemlərindən birdir. Bu komplekslər 120-400 kilometr məsafəyədək uçmaq qabiliyyətinə malik olan raketlərlə təchiz edilib. ”S-400” zenit-raket komleksləri kiçik aviasiyadan tutmuş, nüvə başlıqları daşıyan ballistik raketlərə qədər çoxsaylı uçan hava obyektlərini vura bilir. “S-400” raketləri Moskva, Sankt-Peterburq ətrafına və həmçinin də Rusiyanın şimal donanmasının Severomorsk bazasında yerləşdirilib. Bundan əlavə Rusiya “S-400” raketlərini Yaponiya ilə sərhəd rayonlarda da quraşdırıb.

Rusiya gələcəkdə bu tip zenit raket qurğularını Çinə satmaq üçün müqavilə imzalayıb. Bu isə öz növbəsində şübhəsiz ki, Tayvan və Yaponiyanın bərk narahatlığına səbəb olub. ”S-400” kompekslərini əldə etmək istəyən ölkələr sırasına Səudiyyə Ərəbistanı və Türkiyə də daxildir.

Bütün bu tədbirlərlə yanaşı, Rusiya həmçinin Sakit okean donanmasını da gücləndirir. Onlar bu məqsədlə “Borey” layihəsindən olan yeni atom sualtı qayıqların inşasına başlayıblar. İstifadəyə veriləcək həmin sualtı qayıqlar ballistik raketlərlə təchiz olunacaq. 2015-ci ildə Sakit okean donanmasının sıralarına “Borey” sinfindən olan ”Vladimir Monamax” sualtı qayığının əlavə edilməsi də nəzərdə tutulub. İndi bu tipdən olan yalnız bir gəmi - “Aleksey Nevski” sualtı qayığı fəaliyyət göstərir. 2014-cü ilin dekabr ayında “Aleksandr Nevski” qitələrarası “Bulava” raketlərini uğurla sınaqdan keçirib. Rusiyanın Sakit okean donanmasının qarşısında duran əsas məsələlərdən biri də Arktika şimal yolunu patrul gəmilərinin köməyi ilə nəzarətdə saxlamaqdır. Arktikanın Sakit okean hissəsi daha çox Rusiyanın ticarət və enerji sferasındakı başlıca qalası kimi qəbul olunmaqdadır.

ABŞ da Arktikada öz maraqlarını qorumağa çalışır. Rusiyanın Sakit okean donanmasının möhkəmlənməsi Arktika dövlətləri arasındakı gərginliyi getdikcə artırır.

Əlavə olaraq, qeyd etmək lazımdır ki, Hava Hücumundən Müdafiə (HHM) sistemləri və donanmanın gücləndirilməsi məqsədi ilə Rusiya 2013-cü ildə gözlənilmədən Uzaq Şərq bölgəsində 160 min əsgər, 1000 tank, 130 təyyarə və 70 gəminin iştirakı ilə geniş miqyaslı hərbi təlimlər keçirmişdi. Bu təlimlər Sovet İttifaqının dağılmasından sonra Rusiyanın keçirdiyi ən böyük hərbi təlim olub. Bu təlimlər müəyyən mənada Çın və Yaponiyada ciddi təlaş yaratmışdı. Yaponiya, təlimlərdə iştirak edən Rusiyanın strateji bombardmançı təyyarələrini izləmək üçün havaya qırıcı təyyarələr qaldırmışdı. Son illər Rusiya təyyarələri bu bölgədəki patrul uçuşlarının sayını da xeyli artırıb. Məsələ ilə əlaqədar olaraq, keçən il Yaponiya müdafiə nazırı İçunori Onadera bildirmişdi ki, indi bölgədə Rusiya hərbi təyyarələri, soyuq müharibə dövrünə nisbətən daha çox patrul uçuşları həyata keçirirlər.

2014-cü ilin sentyabrında isə Rusiya Uzaq Şərq bölgəsində “Şərq-2014” kod adlı daha bir böyük hərbi təlim keçirmişdi. Bu təlimlərdə 100 min əsgər, 1500-ə yaxın tank, 120 təyyarə və 70 gəmi iştirak etmişdi.

(The National İnterest)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar