38 ilin cərrahını məmurlar və məhkəmələr cana doyurub - ŞİKAYƏT

Bir müddət əvvəl, bəzi kütləvi informasiya vasitələrində bir ziyalının dövlət məmurları tərəfindən aldadılaraq mülkiyyənin əlindən alınması barədə xəbərlər yayılmışdı. Məlumatlara görə, tibb elmləri namizədi, 3 ixtira müəllifi Nizami Məmmədovun Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən torpaq sahəsi başqalarına satılmış və alimin bütün səylərinə baxmayaraq, pozulmuş hüququ bərpa olunmamışdır. Nizami Məmmədov problemlə bağlı müxtəlif instansiyalara, o cümlədən ölkə rəhbərinə yazdığı çoxsaylı məktubuna cavab ala bilməmiş, Xəzər rayon İcra Hakimiyyətinin təklifiylə məhkəməyə müraciət etmişdir.

Mülk davasının sonrakı inkişafıyla bağlı Strateq.az-a məlumat verən Nizami Məmmədov qaldırdığı iddia ərizəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (uzun süründürməçilikdən -1 il 4 aydan) baxıldığını, fəqət əleyhinə qərar verildiyi bildirdi. Onun sözlərinə görə, heç bir hüquqi əsasa söykənmədən verilən bu qərar Azərbaycan hüquq sisteminin nə qədər qərəzli fəaliyyət göstərdiyini və icra hakimiyyətinin iradəsinə tabe olduğunu sübut edir: “Vətəndaşın ən elementar azadlıqlarından sayılan mülkiyyət hüququna barmaqarası baxan məhkəmə sistemiylə Azərbaycanda sivil bir cəmiyyət qurmaq mümkün olmayacaq, ölkənin gələcəyi təhlükəyə atılır. Mülkiyyət toxunulmazlığının pozulması yalnız hansısa fərdin şəxsiyyət azadlığının tapdalanması deyil, həm də ölkənin iqtisadi potensialını məhvə aparan, onun siyasi imicinə kölgə salan addımdır. Xüsusilə ölkəmizin iqtisadi böhran keçirdiyi indiki çağda dövlətin mülkiyyət toxunulmazlığına təminat verməsi və bu istiqamətdə ciddi addımlar atılması günün başlıca tələblərindəndir. Əks halda, iqtisadiyyatımızın inkişafına xarici investorları cəlb edə bilməyəcəyimiz kimi, yerli investorları da ölkədən didərgin sala və Azərbaycanı sonu görünməz qaranlığıa sürükləyə bilərik. Odur ki, ölkə rəhbərliyi bu cür qanun pozuntunlarını diqqətdə saxlamalı, Azərbaycanı hansısa acgöz məmurların özbaşınalığı ucbatından sürükləndiyi uçurumdan xilas etməlidir”.

Həmsöhbətimiz daha sonra ölkənin müxtəlif rəhbər şəxslərinə məsələylə bağlı məktublar ünvanladığını bildirdi və onların saytımız tərəfindən ictimailəşdirilməsini istədi. Biz də ictimai əhəmiyyəti nəzərə alıb ixtiraçı alimin ölkə başçısı İlham Əliyevə ünvanladığı məktubu təqdim edirik.

Məktubda deyilir:

“Cənab Prezident!

Mən mülkiyyət hüququmun pozulmasıyla bağlı Sizə dəfələrlə müraciət etmişəm. 3 dəfə şəxsən Sizin rəsmi saytınıza məktub göndərmiş, heç bir cavab almadığımdan dəfələrlə mətbuat vasitəsilə giley-güzarımı Sizə çatdırmağa çalışmışam. Amma heç bir nəticə hasil olmayıb.

Sizə müraciət etməyimin başlıca səbəbi Azərbaycanın hüquq sisteminin vətəndaşların şikayətlərini həll edəcək gücdə olmamasıdır. Bunun ən bariz nümunəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mənim şikayətimlə bağlı çıxardığı qərardır. Təəssüf ki, məhkəmə bizə məlum olmayan səbəblər üzündən əleyhimə qərar verdi. 1 il 4 ay müddətində davam edən məhkəmə prosesində cavabdeh tərəf olan icra hakimiyyətinin nümayəndəsi yalnız 2 dəfə məhkəmədə iştirak etdi-bir məhkəmə işə başlayanda, bir də qərar veriləndə. Təkcə bu faktın özü icra hakimiyyətinin məhkəmə qarşısında özünü cavabdeh olaraq görməməsini sübut edir.

Cavabdeh tərəfin son çıxışı isə mülkiyyətin mənə məxsus olmadığını nəinki inkar etmədi, əksinə, təsqidlədi. İcra hakimiyyəti tərəfindən mənə verilən sənədə nümayəndənin cavabı belə oldu: “Nə edək? Bizə çoxlu kağızlar ötürürlər. Biz də təsadüfən onlara imza ata və möhür vura bilərik.” Dövlət adından çıxarılan sənədlərə icra nümayəndəsinin bu cür münasibət bildirməsi onların öz vəzifələrinin, atdıqları imzanın məsuliyyətini dərk etməmələrini ortaya qoyur.

Cənab Prezident!

Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün Sizə kiçicik bir arayış vermək istəyirəm. Mülkiyyətimdə olan ərazi 10. 05. 1994-cü il tarixində Əzizbəyov (indiki Xəzər) İcra hakimiyyəti tərəfindən 407/98 saylı sərəncama əsasən verilib. Bu ərazidə bir xeyli iş gördükdən sonra işimlə əlaqədar xaricə getmişəm. Geri qayıdanda mülkiyyətimin başqalarına satıldığını görmüşəm. Etirazlarıma cavab olaraq icra hakimiyyəti mənə başqa yerdə topraq təklif edib. Təklif olunan bu ərazi yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşdiyindən, qəbul etməmişəm. Beləcə, proses uzanıb, indiki hala gəlib çıxıb.

Mənidaha çox narahat edən isə başqa məsələdir: ixtiraçı alimə, 37 ilin cərrahına, Şuşadan Sədərəyə qədər cəbhə bölgələrində iştirak etmiş ziyalıya bu biganəliyin səbəbini öyrənmək istəyirəm. Qafan rayonunda mülkümüzü qəsb ednlərin və onların himayədarlarının erməni olduğunu bilirik. Öyrənmək istəyirəm ki, Xəzər rayonundakı Şağan qəsəbəsindəki 28 sotluq mülkiyyətimin 3 yerə bölüşdürülməsinin müəllifi və himayədarları kimdir?

Baxmayaraq ki, Siz dəfələrlə xalq qarşısında çıxış edərək həddini aşmış məmurlara ciddi xəbərdarlıq edibsiniz, lakin yenə heç bir dəyişiklik hiss olunmur. Məmurlarınızın Sizin siyasi xəttinizə sədaqəti budurmu? Əminəm ki, Siz, bir prezident kimi, şəxsiyyət və mülkiyyət toxunulmazlığının qarantısınız. Sizə dəfələrlə müraciətimin səbəbi də məhz budur.

Cənab Prezident!

Siz bəzi ziyalıların xarici dövlətlərə üz tutmasına pis baxırsınız. Bu mövqeyinizdə bəlkə də haqlısınız. Amma üç ixtira müəllifi olan alimin, ziyalının, yüksək təcrübəsi olan cərrahın müraciətinə reaksiya verilmirsə, ziyalı nə etməlidir?

Üstəlik, burada söhbət, təkcə vətəndaşın mülkiyyət toxunulmazlığının tapdanmasından yox, həm də onun şəxsiyyətinə böyük hörmətsizlikdən gedir. İstərdim ki, özünüz qərar verəsiniz: mənim kimi mütəxəssisi, alimi, ziyalını yetişdirmək üçün nə qədər, Sizin təbirinizcə desək, “qudurğan” məmurların ərsəyə gətirilməsi üçün nə qədər vaxt lazımdır?

Hörmətlə, Nizami Məmmədov,

Tibb elmləri namizədi”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar