MEHDİYEV MAHİR ABDULLAYEV CİNAYƏTİNİ AÇMAĞA ÇALIŞIB? – Kriminal Azərbaycan

Elşad Abdullayevin açıqlamalarında Ramiz Mehdiyev müəmması

Son illər Azərbaycan hakimiyyətinin sözün həqiqi mənasında başağrısına çevrilən, yaydığı ifşaedici videolarla hakim düşərgəni fakt qarşısında qoyan, «qurban» verməyə məcbur edən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev, kiçik fasilədən sonra yenidən hücuma keçib. Seçkidən sonra verdiyi müsahibələrində hakimiyyət mənsublarına qarşı ittihamlarını davam etdirən sabiq rektor qardaşı Mahir Abdullayevin oğurlanması cinayətinin iştirakçıları sırasına bəzi yeni adlar da əlavə edib.

Belə ki, sabiq rektor əvvəllər qardaşının oğurlanması faktının arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dayandığını, digərlərinin onun tapşırıqlarını icra etdiyini bildirirdi. Onun bütün müraciətlərinin, müsahibələrinin ana xəttində Ramiz Mehdiyevin vəzifəsindən götürülməsi və məsuliyyətə cəlb edilməsi tələbi dayanırdı. Əslində bu tələbin indi də dəyişdiyini söyləmək olmaz. Elşad Abdullayev «AzPolitika.info»-ya göndərdiyi son məktublarında da Prezident Administrasiyasının rəhbərinə qarşı ciddi ittiamlar irəli sürüb. Bunlardan bəziləri şəxsi xarakter daşıdığından dərc etməyimiz mümkün deyil. Ancaq Elşad Abdullayev cənab Mehdiyevin vəzifədə saxlanılmasının Azərbaycan dövlətinə ziyan vurduğunu, yaş həddinin dövlətdə vəzifə tutmasına imkan vermədiyini qeyd edərək, onun istefaya göndərilməsini tələb edir.

Elşad Abdullayevin son açıqlamalarında diqqəti cəlb edən məqamlardan biri isə onun qardaşının oğurlanması cinayətinə bir sıra yeni adlar əlavə etməsidir. Belə ki, o, son məktubunda bu işlə bağlı dövlət başçısının şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun və türk iş adamı kimi təqdim edilən Səlcuq Ağlayanın da adını çəkib. Düzdür, Elşad Abdullayev bu işdə Bəylər Əyyubovun şəxsən özünün deyil, ona yaxın adamların iştirak etdiyini bildirib. Ancaq o da məlumdur ki, Əyyubovdan xəbərsiz onun adamları belə bir məsələyə qarışmazdı...

Maraqlıdır ki, E.Abdullayev bir tərəfdən Mahir Abdullayev cinayətinin təşkilatçısı kimi Ramiz Mehdiyevi göstərir və onu ittiham edir, bir tərəfdən də bu iddianı şübhə altına alan açıqlamalar verir. Məsələn, sabiq rektor «Yeni Müsavat»a son müsahibəsində deyir: «Baş prokuror Zakir Qaralov mənim qardaşımın oğurluq hadisəsini bilir və vəzifə səlahiyyətlərindən istifadə edərək bunu gizlədir. O, bunu özbaşına edə bilməz, siyasi sifarişi icra edirlər. QARDAŞIMIN OĞURLANMASININ SİFARİŞÇİSİ PREZİDENTİN ƏMİSİ OĞLU İLQAR ƏLİYEVDİR, bu müstəvidə də daha ağır söküntü işləri (?) olub. Çünki İlham Əliyev bu məsələyə görə Ramiz Mehdiyevi yanına çağırıb. Deyib ki, istəyirsən İlqar Əliyevi həbs edək? Ondan sonra məsələni qoyub qaçıblar. Mahirin oğurlanması cinayətində bütün subyektlər, detallar məlumdur».

Əlbəttə, Elşad Abdullayevin bu fikirlərinin nə qədər həqiqət olduğunu söyləyə bilmərik. Ancaq onun bu dediklərindən belə qənaət yaranır ki, E.Abdullayevin fikrincə, qardaşı Mahirin oğurlanmasının birbaşa sifarişçisi İlqar Əliyevdir. Ramiz Mehdiyev isə bu məsələnin üzərinə gedib, işi açmağa çalışıb, ancaq prezidentin müdaxiləsindən sonra geri çəkilməli olub...

Belədə isə ortaya sual çıxır: Ramiz Mehdiyev Mahir Abdullayev cinayətini açmaq istəyibsə, lakin bəlli səbəbdən buna nail olmayıbsa, Elşad Abdullayev nəyə əsaslanaraq bu cinayətə görə Ramiz Mehdiyevi ittiham edir?

Qeyd edək ki, Elşad Abdullayev ziddiyyət yaradan bu səpgili fikirləri ilk dəfə deyil ki, səsləndirir. Hələ bu ilin mayında Elşad Abdullayev hadisələrin şahidi kimi adını hallandırdığı Məmmədəli Əliyevlə söhbətinə əsalanaraq yazırdı:

“Elşad müəllim, Əli Nağıyev (o zaman Milli Təhlükəsizlik nazirinin müavini olub, hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsində işləyir) deyir ki, Hilal Əsədovu Ramiz Mehdiyev bir günə salıb ki... Bu gün Ramiz Mehdiyev Hilal Əsədovu qəbul edib, yaman günə qoyub. Ramiz Mehdiyev Hilal Əsədova bildirib ki, Elşad Abdullayev mənə ərizə göndərib. Bu nə deməkdir, sən adam oğurluğu ilə məşğulsan! Sən bu respublikanın təhlükəsizlik generalısan, amma adam oğurlayıb satırsan, bundan ötrü Qubanın Xınalıq kəndində dağa yaxın təzə çəkilmiş yolun üstündə restoran saxlayırsan, sənin bu ölkədə yaşamağa haqqın yoxdur...

...Ramiz Mehdiyev Hilal Əsədova deyib ki, sənin adamların müğənni Mətanət Isgəndərli və Sənan İbrahimov bildiriblər ki, biz Hilal Əsədovun tapşırığı ilə Mahirin oğurlanması işində iştirak etmişik.

...Hilal Əsədov Ramiz Mehdiyevə deyib ki, bunları Əli Nağıyev öyrədib. Ramiz Mehdiyev isə əsəbləşərək bildirib ki, sən nə danışırsan, Elşad Abdullayev mənə yazılı ərizə göndərib, hər şeyi də konkret adı ilə açıq yazıb, bütün ərizələrində sənin adını çəkib. Sən nə danışırsan?! Əli Nağıyev qapı-qapı gəzərək caamatın yaxasından yapışır ki, gəlin, Hilal Əsədovun əleyhinə yazın?! Bu nə deməkdir?!

...Ramiz Mehdiyev nazir Eldar Mahmudovu, Əli Nağıyevi və Hilal Əsədovu qəbul edəcək. Əli Nağıyev deyir ki, Hilal Əsədov Ramiz Mehdiyevin yanından ölü çıxdı, bir neçə gündür əlini başına tutub dilxor-dilxor fikirləşir".

Elşad Abdullayevin bu və digər fikirləri qardaşı Mahirin oğurlanması cinayətinin arxasında kimin dayandığına dair sualları açıq qoyur. Məsələ ondadır ki, sabiq rektor əsas hədəf kimi Ramiz Mehdiyevi göstərsə də, eyni zamanda onun bu cinayəti aşmağa çalışdığına dair də açıqlamalar verir.

Bu isə Mahir Abdullayevin oğurlanması məsələsinin birbaşa Ramiz Mehdiyevlə bağlı olmadığını düşünməyə əsas yaradır. Mahir Abdullayevin niyə oğurlandığını bilmədiyimizdən (ortada səslənən versiyaların hansı birinin düz olduğunu söyləmək üçün konkret fakt yoxdur-müəl.) bu işin arxasında kimin dayandığını da barmaq tuşlayaraq göstərmək mümkün deyil.

Yalnız deyilənlərə əsasən, ehtimal etmək olar ki, Mahir Abdullayevin oğurlanması cinayətinə Mehdiyevin bağlılığı yoxdur və hətta o, əvvəlcə bu işi açmaça da çalışıb. Ancaq sonradan hansısa səbəblərdən bu işin ört-basdır edilməsinin iştirakçısına çevrilib. Həm də tək o yox, dövlətdə yüksək vəzifə tutan bir çox şəxslər. Elə qardaşını qaytarmaq üçün Elşad Abdullayevə deputat mandatı almağın tövsiyyə edilməsi, müxtəlif qurumlarda çalışanların onunla bu istiqamətdə danışıqlar aparması da sadəcə baş qatmaq, vaxt uzatmaq məqsədi daşıyıb. Məsələnin ciddiliyinə Elşad Abdullayevi inandırmaq üçün hər dəfə ondan külli miqdarda pul alınıb. Axırda da məbləği elə səviyyəyə (10 milyon manata) qaldırıblar ki, Elşad Abdullayev pulu verə bilməyib, işdən birdəfəlik kənarlaşsın, qardaşını axtarmaqdan əl çəksin.

Ancaq Elşad Abdullayev ağıllı tərpənərək bunların ağlına gəlməyən bir iş görüb - bütün danışıqlarını çəkib, verdiyi pulları sənədləşdirib. Bu isə hakimiyyəti çətin vəziyyətə salıb. İşdə «vasitəçilik» edən bəzi şəxsləri - deputat Gülər Əhmədovanı, iş adamı Arzu Kazımovu «qurban» verməyə məcbur edib.

Lakin nə bu həbslər, nə də hakimiyyət mənsublarının söylədikləri Mahir Abdullayevin oğurlanması cinayətinin ört-basdır edilməsinə, gündəmdən çıxmasına səbəb ola bilməz.

Mahir Abdullayevi kim və niyə oğurlayıb? Öldürülübmü, yoxsa sağdır? Sağdırsa özü, öldürülübsə məzarı hardadır?

Bu suallara rəsmi cavab tapılmayınca Mahir Abdullayev cinayəti gündəmdə, Azərbaycan hakimiyyəti isə şübhə altında qalacaq.

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar