"Başıma xalta salıb gəzdirirlər, dözə bilmirəm" - "AMAY Abdulla"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə 13 nəfər zərərçəkmiş şəxs qismində dindirilib. Rəşad Quliyev, Rasim Cavadov, Yelena Axundova, Allahşükür Qurbanov, Yalçın Muradov, İbrahim Novruzov, Leyla Həmidova, Akif Yusifov, Ülviyyə Nadirova, Səid Balayev və Həsən Nəbiyev ifadələrində 2004-cü ildə Xudafərin MMC ilə müqavilə bağladıqlarını, binanın tam komplekləşdirilməməsini məhkəmənin nəzərinə çatdırıblar. Dindirilmə zamanı məlum olub ki, zərərçəkmiş şəxs kimi məhkəməyə dəvət olunan, yuxarıda adları hallanan şəxslərin heç biri ibtidai istintaqda Korrupsiya idarəsində ifadə verməyiblər. Bu da vəkillərin narazılığına səbəb olub. Vəkil Osman Kazımov bunun kobud prosesual pozuntu adlandırıb. Bildirib ki, məhkəmə buna qiymət verməlidir: "Sonra dövlət ittihamçısı məhkəmənin sonunda iki cümlə ilə deyəcək ki, ittiham sübuta yetirilib". Hakim isə məhkəmənin buna sonda qiymət verəcəyini bildirib: "Dindirilən zərərçəkənlərin məhkəmədə siyahısı var hamısı da protokola qeyd olunub".

Vəkil Yavər Hüseyn bildirib ki, istintaqın bu hərəkətinə qanunsuzdur. Əkbər Bağırov prokuror bu məsələyə münasibət bildirməsini istəyib.

Bundan sonra Abdulla Abdullayev qısa çıxış etdi: "1918-ci ildə baş verən soyqırımla bağlı 36 cild cinayət işi olub, mənimlə bağlı 80 cild iş düzəldiblər, amma içərisində heç nə yoxdur. Mən bu ölkədə bir nəfərə də xəyanət etməmişəm. Amma başıma xalta salıb meymun kimi gəzdirirlər. Heyvan kimi 4 divar arasında saxlayırlar. Nə qədər deyirəm ki, danışmayacam, dözə bilmirəm. 8 ildir ki, binanın tikilməməsinin səbəbi elə prokurorluqdur".

Məhkəmə prosesi aprelim 27-də davam edəcək.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub.

İttihama görə, onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar