Bank müdirinin öldüyü davada yaralanan məşqçi də danışdı - "Mənə sual verdi ki, polissən?"

“Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirildiyi hadisənin əsas iştirakçılarından biri, mərhumun müəllimi, qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyev ilk açıqlamasını verib. Döş qəfəsindən yaralanan Ruslan Əfəndiyev azxeber.com-a müsahibəsində cinayəti törədən şəxsin vəkilinin hadisəni tamamilə təhrif etdiyini bildirib.

- Ruslan bəy, həbs edilən Mövludun vəkili iddia edir ki, onlar tatami üzərinə ikinci dəfə çıxdıqları zaman “bir də belə qanacaqsızlıq eləməyin” demisiniz. Hadisənin əsas iştirakçısınız. Bu haqda nə deyə bilərsiniz?

- Vəkilin hadisə ilə bağlı dediklərinin çoxu təhrif edilmiş məlumatlardır. Mən tələbələrimlə birlikdə (red: qətlə yetirilən Azər Məmmədovda onlardan biridir) zala daxil olduğumda, onlar artıq tatminin üstünə çıxmışdılar. Onlardan birinin ayağında “borisovka” ayaqabbısı, digərində isə “şəpit” var idi. Mən bunu görəndə, bir müəllim kimi onlara dedim ki, bu formada tatimi üzərinə çıxmaq olmaz. Çünki orada məşq edilir və tatimi çirklənir. Onlar mənə yaxşı deyib getdilər. İkinci dəfə balacaboy saqqallı oğlan (red: Mövlud Səfərov) yenidən əşyalarını götürmək üçün tataminin üstündən keçərək əlcəklərini götürdü. Mən buna ikinci dəfə başa saldım ki, bunun üzərinə ayaqqabı ilə çıxmaq olmaz. Bəyaq da bu sözü ona dediyimi xatırlatdım. O da mənə cavabında “sənin mənim ponyatkama şübhən var?” deyə cavab verdi. Mən də dedim ki, uzatmayın, məşqimiz var. Çıxın gedin. Onlar da çıxıb getdilər.

- Məşqə başladıqdan sonra siz onları bir də gördünüzmü?

- Biz 40 dəqiqə məşq etdik. Bu müddətdə Mövlud Səfərov zalın ətrafında gəzir, bizə baxıb gedirdi. Məşqi qutardıqdan sonra məni kənara çağırıb nəsə deyəcəyini söylədi. Mən də yaxınlaşdım. Yaxınlaşan kimi mənə sual verdi ki, bəs sən polis əməkdaşısanmı? Mən də cavabında polis işçisi olmadığımı və ümumiyyətlə bunun nə əhəmiyyət daşıdığını ondan soruşdum. Sonra yenidən söhbəti başladı. Mən də yenidən başa saldım ki, sənin ora çıxmağın düz deyil. Həm də mən sənə iki dəfə xəbərdarlıq etdim. Yenə mənə qayıtdı ki, “sənin mənim ponyatkama şübhən var?”. Mən yenə təmkinlə onu başa salmağa çalışdım. Bu zaman mənim ünvanıma təhqiramiz ifadə işlətdi (red: etik ifadə olmadığı üçün qeyd etmirik). Gördüm ki, bu sözü dediyi vaxt dodaqları titrəyir. Bildim ki, mənə yumruq atacaq. O yumruğu atdığı zaman aşağı əyildim və zərbə məndən yan keçdi. Yanındakı da (red: Mövlud) bu zaman mən əyiləndən sonra yumruq atdı. Onu da dəf etdim. Bu zaman ikisi də qaçmağa başladı.

- Azər Məmmədov sizin yanınızda idi?

- Azər duş kabinindən çıxandan sonra hadisəni gördü. İkisinin də mənim üstümə gəldiyini görən kimi mənə köməyə gəldi. Və Sənanı itələməyə başladı. Emin də qaçaraq yanımıza gəldi və Azərlə bir yerdə onları məndən uzaqlaşdırmağa çalışdılar. Sənan məni söyə-söyə qaçmağa başladı. Bizim uşaqlar da arxalarınca qaçdılar. Zala çatanda o mənə tərəf qaçaraq yumruq atdı. Və hər şey bir anın içində oldu. Azərin qışqırtısını eşitdim. O mənə Sənanın əlində bıçaq olduğunu qışqıraraq dedi. Bıçaqla döş qəfəsimə vurdu. Mən də ona yumruq vurdum və o zərbədən yerə yıxıldı. Digəri isə qolumdan tutmuşdu. Əgər mən onu vurmasaydım o məni dəlik-deşik edəcəkdi. Bu zaman mən tək idim. Çünki Emin bizi qorumaq üçün dəmir gətirməyə getmişdi. Azər isə orada yox idi. Divara tərəf çəkildim. Bu zaman Emin dəmirlə gəldi və onlar bunu görən kimi zaldan qaçdılar.

- Bəz Azərin vurulmasından nə zaman xəbər tutdunuz?

Biz artıq içəri girdik və bu zaman Azəri gördüm. Azər mənə yaxınlaşıb “deyəsən məni ürəyimdən vurdular” dedi. Maykasını qaldırıb baxdıq. Gördüm ki, iki zərbə qoltuğunun altına dəyib. Elə bu zaman huşunu itirib yerə yıxıldı. Biz naşatr turşusu ilə onu ayıltmağa çalışdıq. Ayıltdıq da. Özünə gəlib bizə baxdı, sonra yenə huşunu itirdi. Bir də oyada bilmədik.

- Təəccili tibbi yardıma zəng vurmuşdunuz?

- Bəli, artıq zəng vurulmuşdu. Onlar da gəlib bir xeyli Azəri oyatmaq üçün cəhd göstərdilər. Amma, alınmadı.

- Bəs son söz olaraq nə demək istərdiniz?

- Son olaraq onu deyə bilərəm ki, mən bu hadisənin baş verməməsi üçün çalışdım. Mən müəlliməm və hər zaman danışıq yolu ilə insanları başa salmağa çalışıram. Onların ikisinin də idmançı olmadıqları, təsadüfən zala gəldikləri ilk görünüşdən bəlli idi. Amma o da aydın idi ki, onlar dalaşmaq istəyirdilər. Məqsədləri ora gəlib bu cinayəti törətmək idi.

Xatırladaq ki, Azər Məmmədovun ölümündə şübhəli bilinən Sənan Quliyevin vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında insidentin Ruslan Əfəndiyev tərəfindən başlandığını, hadisədə Sənan və onun dostu Mövludun da döyüldüyünü bildirmişdi.

Qeyd edək ki, artıq hər iki şəxs-Sənan və Mövlud haqda həbs-qətimkan tədbiri seçilib. Səbail rayon məhkəməsinin qərarı ilə Sənan Quliyev 4 ay, Mövlud isə 3 ay müddətinə həbs edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar