Rza Zərrabın “rəisi”nin sirli həyatı – Babək Zəncani kimdir?

Babək Zəncani hazırda İranın ən varlı adamı sayılır, şəxsi kapitalı 14 milyard dollar təşkil edir

Türkiyədə səs-küyə səbəb olan “Böyük rüşvət” əməliyyatında açar şəxs hesab olunan Rza Zərrabın ortağı olduğu iddia edilən iranlı milyarder Babək Zəncani bu ilin sentyabr ayında İranda yayımlanan “Aseman” adlı həftəlik jurnala Türkiyə ilə əlaqələrindən bəhs edib.

O, Türkiyədə qeyri-qanuni yolla milyonlar qazandığını, eləcə də Türkiyə vətəndaşı olduğunu iddia edib.

Zəncaninin Türkiyə ilə bağlı fikirlərindən bəzi hissələr:

“1974-cü ildə dünyaya gəlmişəm. İranda Konservatoriyanı oxudum. 13 -14 yaşında ticarətə qoşuldum, zərgərlik və valyuta bürosu ilə məşğul oldum. Atam “eBay”ın qurucularındandır. Ailəm varlı idi.

Əsgərlikdə Mərkəzi Bankın sədri Mohsen Nourbahın sürücüsü işlədim. Hər gün 17 milyon dollar əlimdən keçirdi.

Nourbah öləndən sonra Türkiyəyə qoyun dərisi satmağa başladım. Yarım dollara alıb 19 dollara satırdım. İranlı birinin yardımı ilə heç tanımadığım bir kişiyə 4 milyon dollarlıq mal göndərdim, pulumu ala bilmədim və müflisləşdim. Evin həbsxanasına salındım. Orada türkcə öyrənməyə başladım. İkil ildən sonra azadlığa çıxdım. Qeyri –qanuni yollarla Türkiyəyə girərək pulumun izinə düşdüm. İzmirə getdim. Bütün pullarımı geri aldım. Geri qayıdanda İnqilab Gözətçiləri tərəfindən saxlanıldım və yenidən həbxsanaya düşdüm. 16 gün həbsdə qaldıqdan sonra pul müqabilində sərbəst buraxıldım. Daha sonra İzmirə getdim. Burada Böhran İdarəçiliyini oxudum, eyni zamanda idxal –ixrac biznesinə qoşuldum. Diş pastası, saqqız, ətir, şampun kimi ləvazimatları İrana göndərdim. Türkiyə pasportu aldım. Onlarla kiçik şirkətlər qurdum. İzmirdə çox böyük anbar kirayələdim, biznesim 150 milyon dollara yüksəldi.

İranda kosmetika fabrikası qurmaq istədim, lakin banklar icazə vermədilər. Mən də bir türkiyəli bankçı ilə tanış oldum. Ticarəti banklar vasitəsilə etməli olduğumu söylədi. Mənə bu işin yollarını, bankdan necə kredit götürə biləcəyimi izah etdi. Türkiyədəki şirkətlərimi böyütdüm, “Kont Kozmetik” şirkətini qurdum.

İnqilab Gözətçilərinə məxsus “Ghadir” adlı investisiya şirkəti 40 milyon dolları xaricə çıxarmağı təklif etdi. Mən də bir neçə gün ərzində bu işi həll etdim. İran hökuməti ilə iş görməyin yollarını öyrəndim. Türkiyədəki şirkətlərdən qazandığım pullarla Tacikistanda “Kont Bank”ı, daha sonra Malayziyada “Firs İslamic Bank”ı qurdum. Bu ilin aprel ayında ABŞ və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyalar nəticəsində qara siyahıya salındım. Türkiyə pasportumu itirdim".

İran İslam Respublikasına qarşı Birləşmiş Millətlər Təşkilatı, ABŞ və Avropa Birliyi müxtəlif tipli iqtisadi sanksiyalar tətbiq ediblər. Bu isə öz növbəsində İran iqtisadiyyatına böyük ziyanlar vurur. Elə buna görə də İran daxilində vergilər qaldırılır, qiymətlər bahalaşır, vəziyyət çətinləşir. İranlı jurnalist Rza Zəndin bildirdiyinə görə, sanksiyalar İran iqtisadiyyatını çətin vəziyyətə salıb. Lakin bu vəziyyətdən yararlanaraq külli miqdarda pul qazananlar var ki, onların da başında elə Babək Zəncani gəlir.

Babək Zəncani hal –hazırda İranın ən varlı adamı sayılır. Onun şəxsi kapitalının 14 milyard dollar olduğu bildirilir. Amerika və Avropada yaşayan İran əsilli milyarderlər çoxdur. Ancaq onların heç birinin kapitalı Babək Zəncaninin var- dövləti ilə müqayisə edilə bilməz. Xaricdə yaşayan İran əsilli milyarderlər içərisində ən varlısı 1967-ci il təvəllüdlü Fransa doğumlu məşhur “eBay” şirkətinin qurucusu Pyer Ümidiyyardır. Onun kapitalı 8 milyard dollardır. Ondan sonra gələn milliyətcə yəhudi olan Kanadalı Hermezian ailəsinin 4 milyard, Rusiyalı milyarder Alişır Usmanovla birlikdə “Metalinvest” şirkətinin və “Arsenal” futbol klubunun səhmlərinə pay sahibliyi edən Fərhad Moşirinin 2,8 milyard dollar pulu vardır.

Əslən İranlı olan və İranda yaşamayan milyarderlərin siyahısını genişləndirmək olar. Babək Zəncanidən başqa İran ərazisində yaşan yeganə milyarder hesab edilə biləcək və iqtisadçı mütəxəssislərin fikrincə təxminən bir milyard pulu ola biləcək şəxs İranın keçmiş prezidenti Haşimi Rəfsəncanidir. İnformasiyalardan da bəlli olur ki, birdən-birə İranda milyarder olmaq asan iş deyil. Necə olub ki, İran kimi bir dövlətdə belə bir millyarder peyda olub? Bəlkə Babək Zəncani xüsusi bir innovativ yenilik edib? Əsla yox! Bu şəxsin adı son günlər mətbuatda Türkiyədə baş verən korrupsiya skandalı və çirkli pul transferi hadisələri ilə əlaqədər hallanır. Rza Zərrab əlaqədə olduğu adamların adını açıqlayıb və bunlardan biri də Babək Zəncanidır. Babək Zəncani kimdir? Bilindiyi kimi Türkiyədə Organize Suçlarla Mücadilə Şubesi bir ildir ki, Daxili İşlər naziri Müəmmar Gülərin oğlu Barış Güləri, biznesmen Rza Zərrabı və onlarla əlaqədə olanları izləyirmiş. Bu işlərdə Rza Zərrabın “Rəisim” adlandırdığı Babək Zəncani də çox böyük rol oynayıb. Aparılan gizli əməliyyat zamanı Zəncaninin də həbs olunması planlanmışdı. Belə ki, Zəncani ilə Zərrabın Antalya otellərinin birində görüşü olacaqdı. Razılığa əsasən, görüş dekabr ayının sonlarında baş tutacaqdı. Zəncani saxta bir pasport ilə Livandan Antalyaya uçmalıymış. Lakin Müəmmar Gülərin öğlunun izləndiyindən şübhəyə düşməsi və yuxarı instansiyaların da nə isə hiss etmələri səbəbindən əməliyyat məcburən tezləşdirilib.

Babək Mörtəzə Zəncani 12 mart 1974 cü ildə anadan olub. Əslən Cənubi Azərbaycanın Zəncan şəhərindəndir. Onun həyatındakı ən xüsusi yer tuta biləcək hadisə Rəfsəncani hakimiyyəti zamanı 1999-cu ildə İran Mərkəzi Bankının rəhbəri Möhsen Nourbahın şəxsi sürücüsü olduğu dövrdən başlayıb. İrana sanksiya qoyulduğuna görə, Mərkəzi Bank İran realının səviyyəsini sabit tutmaq üçün daxili bazara gün ərzində 17 milyon dollar pul buraxırdı. Bank rəhbərinin yaxınlığını və etibarını qazanan Zəncani bu işdən mində bir komissiyon qazanırmış. Yəni 17 min dollar. Xeyli pul əldə edən Zəncani Türkiyəyə qoyun dərisi və yun satmağa başlayıb. Ancaq özünün etiraf etdiyi kimi, biznes tərəfdaşı ona külli miqdarda pul atdığından iflas edən Zəncanini həbs edirlər. Həbsdən çıxandan sonra Zəncani Türkiyədə İqtisadiyyat üzrə təhsil almaga başlayır. Zəncani kosmetika biznesinə girişir. Amma bütün bunlar - dəri, kosmetika alveri və sairə, qısa müddətdə ona milyardlar qazandıra bilməzdi. Zəncaninin kəskin varlanması sanksiya üzündən İrandakı dollarların xaricə çıxarılması ilə başlayıb. İlk dəfə inqilab mühafizəçılərinin 40 milyonunun xaricə çıxarılmasına nail olmuş Babək Zəncaninin sonrakı həyatı yeni istiqamətdə dəyişməyə başlayıb.Onun İran rəhbərliyi ilə görüşü təşkil edilir. İran filmlərinin birinin təqdimat mərasimində Zəncani İranın keçmiş prezidenti Əhmədi Necat və məclis sədrinin qardaşı Fazil Laricanı ilə görüşür.Həmin görüşdən sonra da Zəncani İran neftinin xaricə çıxışını həyata keçirməyə başlayır. Beləliklə Zəncani sürətlə varlanır. Hal-hazırda onun hökmranlığına Sorinet Group, Rah Ahan futbol klubu , Qeshem Airlines aviasiya kompaniyası ilə yanaşı finans, bank, inşaat materialları, tikinti sektoru, kosmetika, informasiya texnologiyası, daşınmaz əmlak və tankerlər da daxil olmaqla, 64 şirkət aiddir. Bu şirkətlər İrandan başqa Malayziya, Çin, BƏƏ,
Tacikistan, Türkiyədə də fəaliyyət göstərirlər. Türkiyənin Onur Air şikətini ən əvvəl Dubayda yaşayan İran əsilli biznesmen Mehdi Şəms almış və sonradan isə onu Zəncaninin Qeshm Air şirkətinə satmışdır .Zəncani isə bu qədər mürəkkəb sistemi Dubaydakı Sorinet Group adlanan mərkəzdən idarə edir. Onun qarmaqarışıq şırkətlər yaratmaqda əsas və başlıca məqsədı onların köməyi ilə İran neftinin ixracına nail olmaqdan ibarət olub. Sanksiyalara görə o bunu açıq formada edə bilmədiyindən dolayı vasitələrin köməyi ilə həyata keçirib. Məsələn, milyonlarla barel İran nefti Malayziyanın Lubuan portunda bir tankerdən digər bir tankerə tökülür. Bu neftin alıcıları isə əsas etibarı ilə Malayziya , Çin və Sinqapurdur. Çox güman ki, bu ölkələr nefti nisbətən ucuz- dempinq qiyməti ilə alırlar. Əldə olunan gəlirlər isə Malayziya banklarından Zəncaninin şırkətinə, oradan isə İran bankına transfer olunurmuş. Avropa Birliyi sanksiyalara məhəl qoymayan Zəncaniyə xüsusi ittihamlar irəli sürsə də, o bunları qəbul etməyərək bildirir ki, mənim şirkətim böyük olduğundan Avropa Birliyi bu cür əməliyyatlar keçirə biləcəyimi düşünərək yanlışlığa yol verir. İranın “Baztab” informasiya portalı Zəncaninin Danimarka pasportu əldə etdiyini iddia etsə də, o bu məlumatın yalan olduğunu söyləyir. Ancaq bu ittihamlara baxmayaraq, Zəncanı özünün facebook səhifəsində İnqilab Mühafizəçilərinə bağlı olan “Bəsic”in rəhbəri Həsən Mirkazımi ilə olan şəkillərini öz səhifəsinə yerləşdirərək onunla dost oduğunu elan edib. Babək Zəncani eyni zamanada özünü “iqtisadi bəsic” adlandırmağı xoşlayır. Onu da qeyd edək ki, keçən həftə Zəncani İran bankına satdığı neftdən 2,8 milyard dollar pul keçirmişdir.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar