Kamal attestatı ala bilməyən Nobel ödüllü yazıçı

O, müharibə zamanı, amerikan düşərgəsində Roma Papası ilə zər atıb gələcəyi müəyyən etmək istəyib

Etibar Əliyev,

Fəlsəfə doktoru

Bu ilin aprel ayının 13-də böyük alman yazıçısı, Nobel mükafatı laureatı Günter Qrass dünyasını dəyişdi. Qrass 32 yaşında yazdığı “Tənəkə təbil” romanına görə Nobelə layiq görülüb. Bu romanın baş qəhrəmanı Oskar Maserat dünyaya göz açandan cəmiyyətlə, dünya ilə şəxsiyyətin üz-üzə durduğunu, bir-birinə qənim kəsildiyini sövqi-təbii dərk edir və dünyanın heç bir işində iştirak etməmək qərarına gəlir. O, 3 yaşına çatanda böyüklərin ürəkbulandırıcı hərəkətlərinə etiraz əlaməti olaraq böyümək belə istəmir. Yalnız anasının ona hədiyyə etdiyi ucuz təbil onu həyatla barışdırır. Təbil çubuqları ilə ətrafdakı bütün əşyaları döyəcələyən Maserat bununla dünyaya mənfi münasibətini ifadə edir. Başqa sözlə, bu yeniyetmə öz dünyagörüşünü sözdə, poeziyada, rəssamlıqda yox, çubuqların arasıkəsilməz şəkildə döyəcələməsində təcəssüm etdirir.

Günter Qrassın məktəblə bağlı problemləri olmuşdur, o, sinifdə qalmış, kamal attestatı ala bilməmişdir. Lakin əvəzində sonralar bir sıra universitetlərin və akademiyaların fəxri professoru və akademiki olmuş, Berlin incəsənət Akademiyasının prezidenti vəzifəsində çalışmışdır. Bu, ona təhsil islahatları, xarici və daxili siyasətin aparıcı problemləri, ekologiya, inkişaf etməkdə olan ölkələrə yardım kimi qlobal mövzularda çıxış etməyə mane olmamışdır. Qrassın bu və ya digər məsələ ilə bağlı rəyini öyrənmək üçün ən nüfuzlu dünya forumları, məsələn, Roma klubu, nüfuzlu ixtisas cəmiyyətləri (məsələn, müəllimlər cəmiyyəti), partiya qurultayları onu öz məclislərinə dəvət edirdilər.

Onun intellektual bioqrafiyası Almaniyada müharibədən sonrakı ictimai dialoq kimi, yazıçının özünün təşəbbüskarı olduğu mühüm kütləvi disskusiyyaların tarixçəsi kimi oxunur. Yeri gəlmişkən, Qrass başqa auditoriyalar ilə də təmas yarada bilirdi. O, seçki kampaniyaları dövründə, xüsusilə 1965 və 1969-cu illərdə, yüzlərlə şəhər gəzmiş və çoxsaylı seçicilərlə görüşlər təşkil etmişdir. Qrass həmişə həmfikirlərinin yox, əleyhdarlarının olduğu yerlərə getməyə üstünlük verirdi. O, əleyhdarlarının mövqeyini dəyişməyə, heç olmasa düşünməyə sövq etməyə cəhd göstərirdi. İnadkarlıq, natiqlik istedadı, polemik ehtiras onun opponenti üzərində qələbəsini təmin etməsə də, ona hörmət qazandırırdı.

Almaniyanın kansleri Villi Brandt bir tərəfdən Qrassa ona dostcasına “sən”lə müraciət etməyi xahiş edir və onun yardımından istifadə edir, digər tərəfdən ona hər hansı siyasi vəzifə təklifinə risk etmirdi.

Onun axırıncı kitabı ətrafında yaranmış münaqişələr səngimək bilmir. Roman “Yaddaşın soğanağı” adlanır. Əsər iki sualın cavabının axtarışına həsr olunmuşdur: onlardan birincisi yazıçını bütün yaradıcılığı boyu izləmiş, onun bütün kitablarında öz əksini tapmış və hal-hazırda da aktuallığını saxlamışdır. Dunyaya böyük maarifçilər və humanistlər vermiş, dünyada ən yaxşı hesab olunan klassik məktəb təhsili və pedoqogika sistemini yaratmış Almaniya, ideyaları bu günün özündə də gənc almanlar arasında tərəfdar tapmaqda olan nasional-sosializmə necə yuvarlanmışdır?!

Əsərdə qoyulan ikinci sual daha maraqlıdır: əyalətdə yaşayan xırda dükançı ailəsində doğulmuş, ətrafdakıları öz qeyri-adi qabiliyyəti ilə heyrətləndirməyən, zəif oxuyan, sinifdə qalan, hətta məktəbdən xaric olunan, müharibənin maneçiliyi ucbatından hətta kamal attestatı ala bilməyən adi danışıqlı yeniyetmənin həyatını, taleyini döndərən nə olmuşdur? İlk baxışdan meşşan təbiətli, intellektual səviyyəsi ilə fərqlənməyən ətrafdakı adamlar, müharibə illərinin və müharibədən sonrakı dövrün çətinlikləri onun sənətkar və yazıçı olmasına maneçilik törədirdi. Lakin axi nə isə və yaxud kim isə onu incəsənətə meylə sövq etmiş, onda yaradıcılıq qığılcımı, vətəndaşlıq hissi formalaşdırmışdır? Axı özünügerçəkləşdirmədən ötrü lazım olan enerji haradansa peyda olmuşdur?! Qrassın “Bütün mənə həyat dərsi demişlərə həsr olunur” sözləri ilə başlayan “Yaddaşın soğanağı” kitabında yazıçı bu məsələlər üzərində düşünür.

Son dövrlər Günter Qrassı faşizmə xıdmət etməsi ilə bağlı qınamağa başlamışdılar. Lakin yazıçı hesab edir ki, on yeddi yaşlı yeniyetmənin SS qoşunları sırasına çağırılması kifayət qədər adi hadisədir. Müharibənin sonlarına yaxın o, həmyaşıdlarından çox nadir hallarda hansı hərbi hissədə qulluq etdiyini xəbər alırdı: çünki döyüşmək istəmədiyinə, qorxduğuna, fərarilik etdiyinə, bəzən də elə-belə, hərbi hissəsindən ayrı düşdüyünə görə on minlərlə insanı güllələmişdilər. Bəli, ön hissədə keçirdiyi bir neçə gün onun yaddaşına möhkəm həkk olunmuşdu, başlıcası isə onda “yalnız təsadüf nəticəsində sağ qalmaq hissini” doğurmuşdu.

Qrassın Roma papası ilə zər atması

“Yaddaşın soğanağı”nda başqa bir epizod da var: Qrass hərbi əsirlər üçün amerikan düşərgəsində bir yerdə olduğu dostu ilə zər atır. Zər atmaqla onlar müəyyən etmək istəyirdilər ki, kim böyük kilsə xadimi, kim isə məşhur yazıçı olacaq. Hal-hazırkı Papa Yozef Ratsingerin zərdə bəxti gətirir. Sonralar bu səhifələri oxuyan jurnalistlər cavab üçün dəfələrlə Vatikana müraciət etmiş olsalar da, kilsə şərh verməkdən boyun qaçırmışdı.

Bəs zərda uduzan Qrass necə? On iki ildən sonra isə o, həqiqətən dünya şöhrətli yazıçı oldu. Ancaq Qrass papadan fərqli olaraq saxta “soyqırım”la bağlı vicdansızlığa yol vermədi. Özü də yazıçılıq statusunun ona böyük sərbəstlik verməsinə baxmayaraq o, bunu etmədi.

Allah ona rəhmət eləsin.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar