RUSİYANIN GEOPOLİTİK MARAQLARI: Qonşu xalqlara zülm etməyi nəzərdə tutur?!

Bu, cəlladın-iblisin «göz yaşı» tökməsinə bənzəyir...

Rusiya KİV-nin yaydığı məlumatdan görünür ki, «Rossiya 1» telekanalı ilə nümayiş etdirilən «Prezident» filmində Vladimir Putin xeyli maraqlı mətləblər barədə birbaşa və dolayısı, o qədər də maraqlı, hətta müəyyən mənada, ölkəsinin bəzi gizlinlərini ifşa edən fikirlər səsləndirib.

Rusiya prezidenti deyib ki, SSRi-nin dağılması ilə heç nə əsaslı şəkildə dəyişməyib. Sovet adamlarında belə bir illüziya yaranmışdı ki, SSRİ-nin dağılması nəticəsində Qərb ölkələri ilə aramızda mövcud olan ideoloji fərqlər yox olacaq. Amma Qərb Rusiyanı «sevincək qarşılamağ»a tələsmədi: «SSRİ-nin mövcudluğuna son qoyulandan sonra Qərb ölkələri anlamalı idilər ki, Rusiyanın özünün geopolitik maraqları var və həmin maraqlara hörmətlə yanaşmaq, maraqlar arasında balans axtarmaq lazımdır...»

Filmdə Rusiya prezidenti daha sonra xeyli açıq danışmağa üstünlük verib: «Bizə də elə gəlirdi ki, SSRİ ilə dünyanın qalan kəsimi arasındakı ideoloji fərqlər aradan qalxandan sonra «qandallar» açılacaq və azadlıq bizi öz kəndarında sevincək qarşılayacaq, «qardaşlar»ımız əlimizə qılınc verəcəklər. Fəqət, «qardaş»lar nəinki bizə qılınc verməyə tələsmədilər, həttə SSRİ-dən qalma nəyimiz vardısa, hamısını məmnuniyyətlə əlimizdən almağa hazır idilər...»

Amma Rusiya prezidentinin fikrincə, heç bir əsaslı dəyişiklik baş vermədi: «Artıq demişəm, demək olar 20 il DTK-da işləmişəm - xarici kəşfiyyat sektorunda. Hətta mənə də elə gəlirdi ki, barəsində danışdığım ideoloji maneənin aradan qalxması ilə hər şey kökündən dəyişəcək. Yox, köklü dəyişiklik baş vermədi. Sən demə, hər saat ağıla gəlməyən sadə mətləblər varmış - heç bir ideologiya ilə əlaqəsi olmayan geopolitik maraqlar varmış...»

Prezident fikrini bu sözlərlə yekunlaşdırıb: «Bax, burda bizim həmkarlarımız anlamalı idilər ki, Rusiya kimi bir dövlətin geopolitik maraqları var və olmaya da bilməzmiş. Maraqlar arasında balans axtarıb tapmaq, bir-birinə hörmətlə yanaşmaq, tərəflər arasında məqbul sayıla biləcək həll yolları axtarıb tapmaq lazımdır...».

Əslində, bu etirafı ilə Rusiya prezidenti Vladimir Putin qonşu ölkələrə yönəlik Rusiyanın imperialist, təcavüzkar, ziyankar siyasətinin başlıca səbəbini açıb ortaya qoymuş oldu. Deməli, dünyaya bir daha aydın oldu ki, yaranışdan şər yuvası olmuş Rusiya hələ də imperiya ambisiyalarından imtina etməyib və etmək fikrində də deyil! Belədə, məntiqi sual yaranır: Bəs, qonşu ölkələrin geopolitik maraqları yoxdurmu? Nə üçün dünyaya «ağıl dərsi keçən» Rusiya öz qonşularının gepolitik maraqlarına anlaqla-hörmətlə yanaşmır?!

Aydındır ki, belə məsələlərdə Rusiya mehriban qonşuluq, dostluq amillərindən yox, güc amilindən çıxış edir. Yeri gəldi-gəlmədi, sağa-sola - dörd tərəfinə diş qıcamağın başqa izahı ola bilməz. Güc amilinə söykənib də bölgə dövlətlərinə qarşı naqis siyasət yürüdən Rusiya, özü güclə qarşı-qarşıya qalanda, gərəkdir ki, bunun ziyanlı nəticələrini ört-basdır etmək əvəzinə, səbəblərini aradan qaldırmaq barədə düşünsün. Fəqət, görünən odur ki, Rusiya sadəcə, bunu etmək iqtidarında deyil! Bu məqamda yenə də məşhur-dəmdəməki Jirinovskinin sözləri yada düşür: «Ruslar respublika sözünü anlamırlar. Onların bildiyi imperiya anlayışıdır...»

Buradan olduqca maraqlı nəticələr çıxarmaq olar. Məsələn, «Rusiyanın geopolitik maraqları» söz birləşməsini önə çəkməklə, Putin əslində, tarixən ölkəsi tərəfindən qonşu xalqlara qarşı işlənmiş və işlənməkdə olan «genosid siyasəti»nə haqq qazandırmaq cəhdi göstərməklə, məhz nə üçün «erməni genosidi ağısı»na bu dərəcədə valeh olduqlarını (erməninin özündən də çox canfəşanlıq etdiyini) açıb-ağardır. Məlumdur ki, aprelin 24-də qədim Azərbaycan şəhəri olan İrəvanda ermənilərin təşkil etdiyi geydirmə «soyqırım»ın 100 illik yubileyi tədbirində çıxış edən Putin deyib ki, «erməni genosidi»ni dünyaya tanıdan məhz Rusiya olub.

Necə də olmasın? Ermənini öyrədib, silahlandırıb türkün üstünə qısqırdmaqla, onu bir növ, gedər-gəlməzə göndərən Rusiya, məsuliyyətdən yayınmaq üçün «genosid şousu»nu ortaya atıb, sadəcə, erməninin qılığına girir. Bu, cəlladın-iblisin «göz yaşı» tökməsinə bənzəyir...

Amma gərəkdir ki, 100 il bundan əvvəl baş vermiş faciəvi hadisələri öz siyasi məqsədləri naminə təhrif etmək əvəzinə, Rusiya dövlətinin siyasi rəhbərliyi çox da uzaq tarix olmayan 1992-ci ildə ölkəsinin törətmiş olduğu Xocalı genosidini etiraf etsin, ötən əsrin əvvəlində erməninin əli ilə yüz minlərlə Azərbaycan türkünün qətlə yetirilməsinin, torpaqlarımızın bir hissəsində zorla erməni dövləti yaradılmasının, zaman-zaman bu torpaqlardan aborigenlərin - türk tayfalarının deportasiya edilməsinin, Azərbaycan SSR-nın özündən xalqımızın qaymaq təbəqəsinin Orta Asiya çöllərinə sürgün edilməsinin, Qarabağın işğal edilib, erməniyə «təhvil» verilməsinin, Şimali Qafqaz xalqlarına və Krım tatarlarına (müsəlman-türk tayfalarına) qarşı işlətmiş olduğu «genosid siyasəti»ni etiraf etsin, məsuliyyətini öz üzərinə götürsün. Necə ki, SSRİ dağılan kimi, Rusiya bu dövlətin nüvə arsenalına sahib çıxmaqi məqsədilə, özünü əlüstü SSRİ-nin hüquqi varisi elən etdi. Halbuki bu arsenal bütün SSRİ xalqlarının sərvəti və zəhməti bahasına ərsəyə gətirilmişdi...

Bütün bu sadaladığım gerçəkləri konkret faktlarla ortaya qoymaq məqsədilə «Rusiyanın törətmiş olduğu genosid əməlləri» başlığı altında silsilə məqalələr hazırlamaq qərarına gəldim. Yaxın günlərdə yazılarımı oxucuların diqqətinə çatdıracam.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar