“BANDOTDEL”İN “NURGÜN” ƏMƏLİYYATI – Avtosalon rəhbərləri tutuldu

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirib.AzNews.az xəbər verir ki, əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub. Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.

“Bandotdel” əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar.

Elə buna görə də, “Nurgün Motors”un bəzi salonlarının, eləcə də “Avto Line”, “Avto Qalareya”, “Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq “Bandotdel”ə aparılıb.

* * *

Nurgün Motors şirkəti şirkət əməkdaşlarının həbsi barədə yayılan məlumatlara dair açıqlama yayıb.

Şirkətdən “Marja”ya daxil olmuş açıqlamda, “Bu gün bəzi saytlarda şirkətimiz haqqında, guya şirkət əməkdaşlarının həbsi barədə yayılan cəfəngiyyat xarakterli məlumatlar həqiqətə uyğun deyil və heç bir fakta əsaslanmır” deyə bildirilir.

Açıqlamada qeyd olunur ki, 1996-cı ildən fəaliyyət göstərən və bu illər ərzində hər zaman müştərilərinə keyfiyyətli xidmət göstərərək böyük uğurlara imza atmış Nurgün Motors şirkəti bu gün də öz dəyərlərinə sadiqdir və yorulmadan müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək yolunda çalışır.

“Dəyərli oxucularımıza bildiririk ki, həqiqətə uyğun olmayan, şayə və böhtan dolu məlumatları oxumaqdansa satış salonlarımızı ziyarət edib xidmətimizin yüksək səviyyəsi və avtomobillərimizin keyfiyyətinin real şahidi ola bilərsiniz.

Əlavə olaraq bildirmək istərdik ki, şirkətimiz haqqında yalan və qərəzli məlumat yayan KİV haqqında qanunvericiliyə uyğun ölçü götürülməsi üçün müvafiq strukturlara müraciət olunacaqdır”.

Qeyd edək ki, bu gün yayılmış yalan xəbərdə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Bakıda bir sıra avtomobil satış mərkəzlərində, o cümlədən Nissan salonlarında gizli əməliyyat keçirdiyi, salonların rəhbərlərinin, eləcə də bəzi əməkdaşlarının saxlanılaraq “Bandotdel”ə aparıldığı bildirilirdi.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar