Ərdoğan Şimali Kiprin yeni prezidentini sərt tənqid etdi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Respublikasının yeni seçilən prezidenti Mustafa Akıncı arasında narazılıq yaranıb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan bu gün Küveytə yola düşərkən hava limanında jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlər M. Akıncının “artıq yavru (bala) vətən yoxdur, iki qardaş ölkə var” şəklində bəyanatına onun münasibətini soruşublar. R. T. Ərdoğanın cavabı sərt olub:

“Hörmətli prezidentin ağzından çıxanı qulaqları duymalıdır. İki qardaş ölkəyik dediyi zaman çox fərqli şeylər ortaya çıxar. Yəni, qardaş olaraq əməkdaşlıq etməyin öz şərtləri var. Yavru və ana vətən olaraq çalışmağın da öz şərtləri və əvəzi var. Biz Quzey Kıbrısda bir əvəz ödədik. Ondan sonra oranın bərpası üçün xeyli pul xərclədik, indi də hər il 1 milyard dollar veririk. Əcəba, hörmətli Akıncı mübarizəni təkbaşına apara biləcəyini mi sanır?! Biz onların baxdığı rakursdan baxa bilmərik. Türkiyənin Quzey Kıbrısa baxışı, bəli, yavru vətəndir, bundan sonra da yavru vətən olaraq baxmağa davam edəcəkdir. Diqqətli olmaq lazımdır”.

R. T. Ərdoğanın çıxışı zamanı M. Akıncı “CNN Türk” telekanalının canlı yayınında olub. O, Ərdoğana belə cavab verib: “Biz elə həmişə yavru qalaq? Heç böyüməyəkmi? Ayaqlarımızın üzərində durmayaqmı? Prezidentliyimin ilk günündə belə bir mübahisənin içinə çəkilməkdən məmnun deyiləm. Türkiyəyə qarşı hər hansı fikir söyləmədim. Əksinə, bərabərhüquqlu münasibətlərdən söz açdım. Fərqli yanaşmalar ola bilər, oturub müzakirə edərik”.

Qeyd edək ki, aprelin 26-da Şimali Kiprdə növbəti prezident seçkiləri keçirilib. Prezident Dərviş Əroğlu 40% səs toplayıb. Solçu Mustafa Akıncı isə 60% səs alaraq qalib gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar