Hazırki və sabiq prezidentlər sabahdan Bakıya toplaşır

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda bir sıra ölkənin hazırkı prezident, baş nazir və xarici işlər nazirinin iştirak planlaşdırılır. Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, foruma qatılmaq məqsədilə Azərbaycana bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri gələcək. Beynəlxalq forumda, həmçinin bır sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər - ümumilikdə 75 ölkədən 350-yə yaxın nümayəndə iştirak edəcək. Onların arasında 6 ölkənin hazırkı prezidenti, 41 keçmiş prezident, 24 sabiq baş nazir, bir neçə ölkənin isə indiki və sabiq xarici işlər nazirləri olacaq.

Məsələn, Ukraynanın keçmiş dövlət başçıları Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko qonaqlar arasında olacaq.

Forumda, Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, Qırğızıstan prezidenti Almazbek Atambayev, Makedoniya prezidenti George İvanov, Bolqarıstan prezidenti Roşen Plevneliyev, eləcə də Andorranın baş naziri Antoni Marti, Maltanın Baş naziri Jozef Muskat, Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya da iştirak edəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Mərkəz Azərbaycanda təsis olunmasına baxmayaraq, onun qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir. NGBM-in əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın, o cümlədən Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri daha geniş miqyasda dünyaya təbliğ etməkdir. NGBM unikal və beynəlxalq mandata malik milli qurumdur. Azərbaycan Prezidenti tərəfindən dəstəklənən, Himayədarlar Şurası tərəfindən yaradılan, Beynəlxalq Qəyyumlar Şurası tərəfindən idarə edilən, dostları və üzvlər ilə daimi təmasda olan Mərkəz Azərbaycan və dünya üçün qürur mənbəyi olacaq bir qurum olmaq istiqamətində addımlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar