AVROPANIN PUTİNƏ ƏKS HÜCUMU – “Qaz şantajı”na son qoyulur

Avropa komissiyası “Qazprom” şirkəti ilə bağlı anti-inhisar kampaniyasına başlamaqla, Rusiya prezidenti Vladimir Putinin ən güclü təsir mexanizminə ciddi zərbə vurur. Çünki Putin, kiçik və zəif ölkələrə qarşı “Qazprom” şirkətindən təzyiq vasitəsi kimi istifadə edir. Hazırda Avropanın mavi yanacağa olan tələbatının 30%-i “Qazprom” şirkəti tərəfindən qarşılanır. Həm də ki, Avropa qitəsinin səkkiz ölkəsinin istifadə etdiyi qazın 50%-i Rusiyadan alınır.

Rusiyanın bu nəhəng enerji şirkəti təbii qaz bazarındakı vəziyyətdən sui-istifadə etməkdə günahlandırılır. ”Qazprom”a qarşı irəli sürülən ittihamlarda bildirilir ki, bu şirkət Rusiyanın “qara siyahısı”na daxil olan ölkələrə hədsiz yüksək, Rusiyanın siyasətini müdafiə edən ölkələrə isə aşağı qiymətlərlə qaz satır. Rusiya qazına görə daha yüksək məbləğ ödəyən dövlətlər, əsasən öz idxallarının böyük hissəsini bu ölkədən təmin etməyə məcbur qalanlardır. Rusiyanın təzyiqləri qarşısında daha kövrək durumda olan ölkələr istehlak etdikləri qazın 100%-ni “Qazprom” şirkətindən alan Bolqarıstan, Estoniya, Finlandiya və Litvadır.

Avropa Komissiyasının başlıca məqsədi Rusiyanı öz qazını bütün ölkələrə ayrı-seçkilik qoymadan, hamıya eyni qiymətə satmağa məcbur etməkdən ibarətdir. Bəllidir ki, bu iddianın təməlində son on il ərzində “Qazprom”un Rusiyanın Avropadakı xarici siyasətinin başlıca aləti olması faktı dayanır. Lakin buna baxmayaraq, çox qəribədir ki, həmin iddia ərizəsində Ukrayna və Gürcüstanın adı keçmir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, ”Qazprom” Putinin ən zəif yerlərindən biridir. Çünki çıxardığı qazın 60%-ni Avropaya satan “Qazprom”şirkəti, Rusiya büdcəsinin 5%-ni təmin edir.

“Qazprom” şirkətinin bütün alıcılara qarşı eyni münasibət göstərməsini israr edən Avropa Birliyi, Putinə öz əsas təzyiq silahlarından birini kənara qoymağa çağırır. Ekspertlərin fikrinə görə, Rusiya liderinin bu məsələdə güzəştə getməsi üçün xeyli illər keçməlidir. Atlantik Şurasının enerji məsələləri üzrə eksperti Con Roberts hesab edir ki, bəzi vaxtlarda təbii qazın satışındakı sövdələşmlərdə öz istəyinə nail olmaq üçün, Rusiya hətta, zorakı metodlara da əl atır. Con Hopkins Universitetində keçirilən konfrans zamanı Con Roberts bildirib ki, 2006-2009-cu illər arasında boru kəmərlərində baş verən naməlum partlayışlardan sonra Gürcüstan, Moldova və Türkiyəyə verilən elektrik enerjisi və qaz təchizatında kəsintilər yaranmışdı.

Putinin Avropadakı başlıca hədəfi bu yaxınlaradək öz qazının hamısını Rusiyadan almağa məcbur qalan, müstəqil düşünən Litvadır. Stokholmdakı arbitraj məhkəməsinin gedişində Litva iddia edir ki, 2004-2012-ci illər arasında “Qazprom” təzyiq üsulları ilə onları əlavə 1,6 milyard dollar ödəməyə məcbur edib. Onu da xatırlatmaq yerinə düşər ki, Vilnyus Rusiya ilə müharibədə Ukraynanı müdafiə etdiyinə görə, Moskva cavab tədbiri kimi Litvadan idxal olunan süd məhsullarına qadağa qoyub. Hazırda Polşa da Rusiyanın hədəfindədir. Beləki, 2012-ci ildə Polşa 1000 kub metr təbii qaz üçün Rusiyaya 526 dollar ödəyib. Halbuki, polşalıların daha uzaq məsafədəki Böyük Britaniyadan aldıqları qazın müvafiq qiyməti 313 dollar təşkil edib.

Əgər Avropa Komissiyasının “Qazprom”a qarşı qaldırdığı iddia müvəffəqiyyətlə yekunlaşarsa, onda Rusiyanın bu məsələdəki çoxgedişli kombinasiyalarına son qoyulacaq. Amma Con Robertsin sözlərinə görə, bundan sonra Avropaya təsir etmək üçün çox böyük ehtimalla Putin digər yollar axtarıb tapacaq.

(“Quartz”-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar