VİTSE-ADMİRALA QARŞI AĞIR İTTİHAMLAR - "Deyir ki, məni Putin tapşırıb"

"Sultanov cinayətləri Səfər Əbiyevin himayəsi altında həyata keçirib”

Hüquq müdafiəçisi vitse-admiralın ekoloji cinayətini açıqladı; Bəxtiyar Məmmədov: “Onun razılığı ilə 1 ton 800 yüz kiloqram ”ŞZ" markalı partlayıcı maddələr brakonyerlərə satılıb"

“İnamla Hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov hazırda Bakı Hərbi Məhkəməsində məhkəməsi davam etdirilən Hərbi Dəniz Qüvvələrinin (HDQ) vitse-admiralı Şahin Sultanovun bəraət almaq istəyində olduğunu deyib. Bildirib ki, apardığı araşdırmalar zamanı Ş.Sultanov və digər vəzifəli şəxslərin törətdiyi - ictimaiyyətin, cəmiyyətin və hüquq-mühafizə orqanlarının bu günə qədər bilmədikləri cinayətlər üzə çıxıb.

B. Məmmədov deyir ki, Telman Sultanov adlı zabit HDQ-nin “N” saylı silah anbarında vəzifəni təhvil verib, komandanının arxa cəbhə üzrə müavini vəzifəsini qəbul edərkən əvvəlki xidmət yerində 1 ton 800 yüz kiloqram “ŞZ” markalı partlayıcı maddənin çatışmazlığını aşkar edib. B.Ş.Sultanov vəzifə borcuna uyğun olaraq cinayət işi başlanması məqsədi ilə sənədləri təhqiqat orqanına və hərbi prokurorluğa göndərmək əvəzinə bu cinayət faktının ört-basdır edilməsi tapşırığını verib: “Bu ört-basdırdan sonra isə Şahin Sultanov adıçəkilən Telman Sultanovu özünə arxa cəbhə üzrə müavin təyin etdirib. Çatışmayan 1 ton 800 yüz kiloqram ”ŞZ" markalı partlayıcı maddələr isə Şahin Sultanovun özünün razılığı və göstərişi əsasında müxtəlif vaxtlarda Abşeron yarımadasında qanunsuz fəaliyyət göstərən və balıq ovu ilə məşğul olan brakonyerlərə satılıb. Sonrakı müddətlərdə MN tərəfindən HDQ Silah Anbarında yoxlamalar aparılarkən çatışmazlığı gizlətmək məqsədilə HDQ-yə məxsus digər anbarlardan partlayıcı maddələr müvəqqəti olaraq daşınaraq komissiya göstərilərək, yeni cinayətlər törədilib. Şahin Sultanov cinayətləri Səfər Əbiyevin himayəsi altında həyata keçirib".

B.Məmmədov deyir ki, brakonyerlər Ş.Sultanovun razılığı ilə satılan həmin partlayıcı maddələrdən istifadə etməklə Xəzər dənizində ekoloji cinayətlər törədiblər, kütləvi balıq qırğınına nail olublar: “Heç kim də deyə bilməz ki, gələcəkdə həmin partlayıcı maddələr istənilən vaxt naşı əllərə düşməyəcək, yaxud da ölkəmizdə vətənimizi sevməyən qrupların əlinə keçməyəcək. Bir çox ölüm hadisələri baş verməyəcək və terror hadisələri törədilməyəcək. Bütün bunlardan sonra Şahin Sultanov bəraət almaq arzusu ilə yaşayır.

O, HDQ-yə məxsus, Əhmədlidə yerləşən ”N" saylı anbarın ərazisini tabeçiliyində xidmət edən onadək hərbi qulluqçu ailəsinə rüşvət almaqla satıb, həmin şəxslər də orada ev tikiblər. Onlardan misal olaraq HDQ avtomobil anbar rəisi Əşrəf adlı baş miçmanı, yanacaq anbarının rəisi Qulu Quliyevi və ehtiyat hissələr anbarının rəisi Amid Rzayevi göstərmək olar. Bu şəxslərə qanunsuz şəkildə MN-in balansında olan torpaq sahələrini rüşvət alaraq satmaqda Şahin Sultanov dövlət əmlakını talayıb. Şahin Sultanovun və digər şəxslərin yuxarıda sadaladığım və bu günə qədər ictimaiyyətin, hüquq-mühafizə orqanlarının məlumatsız olduğu bu cinayət əməlləri CM-in 309, 311,312, 313, 348 və 349-cu maddələrinin təsirinə

düşür. Şübhəsiz ki, bütün bu cinayət əməllərini Şahin Sultanov hazırda adı bir çox cinayətlərdə, o cümlədən mərhum polkovnik C.Rüstəmovun qətlində sifarişçi kimi hallanan sabiq müdafiə naziri Səfər Əbiyevin himayəsi altında həyata keçirib. Bu gün Şahin Sultanov hər yerdə “məni Rusiya Prezidenti Vladimir Putin tapşırıb” kimi şayiələr yaymaqla istintaq orqanlarını və ictimaiyyəti çaşdırmaq məqsədini güdür".

B.Məmmədov Ş.Sultanovun azad olunması ilə bağlı maraqlı fikirlər işlədib”: “Onu ev dustaqlığına buraxdılar və Fəxri Xiyabanı ziyarət edən zaman yanında Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olan, hazırda Rusiya Federasiyasının Ali Məhkəmə sədrinin tələbə yoldaşı Tatyana

Sultanova vardı. Sultanovun azad edilməsində onun xüsusi rolu var. Putin barədə sızdırılan şayiələr isə Şahin Sultanov tərəfindən piar məqsədilə dövriyyəyə buraxılıb. Ş.Sultanov, onunla bərabər cinayətlər törətmiş HDQ-nin sabiq qərargah rəisi Y.Məmmədov, baza komandiri S.Hüseynov və digər təqsirləndirilən şəxslər bu gün Bakı şəhərinin mərkəzi küçələrində vurnuxurlar. Ev dustaqlığında olan Y.Məmmədov tez-tez Bayıl qəsəbəsində görünür, S.Hüseynov Kukla Teatrının ətrafında dolaşaraq dəniz havası udur. Ş.Sultanov isə ev dustaqlığında olan təqsirləndirilən şəxslərlə görüşərək onları dövlətdən oğurladığı pullarla ələ alır, təzyiqlər edir, üzə durmayın, mən tezliklə bəraət alacam və hamınızı qurtaracam" tipli vədlər verir. İnzibati orqanların bu faktları araşdırmaq məqsədləri olsa, qeyd etdiyim ünvanlarda müşahidə kameralarını təftiş etmələri kifayətdir. Onda sual olunur? Belə olduğu halda Bakı Hərbi Məhkəməsində aparılan məhkəmə zamanı hansı real məhkəmə istintaqından söhbət gedə bilər?"

B.Məmmədov Hərbi Prokurorluğa müraciət edərək sadalanan cinayət faktlarının araşdırılmasını istəyib.

Qeyd edək ki, ötən ilin aprelində həbs olunan Ş.Sultanov və başqaları 2 ay sonra Bakı Hərbi Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıblar.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar