“İstərdim ki, prezident İlham Əliyev haqqı nahağa verməsin”- Akif Muradverdiyev

"Mən Rüstəm İbrahimbəyov və onun yaxınları ilə heç xeyir-şər mərasimlərində belə uzaqdan-uzağa görüşməmişəm"

Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev “Media forum” saytına müsahibə verib.Həmin müsahibəni təqdim edirik

Akif Muradverdiyev iyun ayında tutulub. Xəzər Rayon Məhkəməsinin 13 dekabr hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.

Akif Muradverdiyev ilk dəfə 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilərək həbs olunub.

- Səhhətiniz necədir? Sizə həkim nəzarəti varmı? Bu nəzarət kifayət edirmi?

- Onurğamda iki yırtıq əmələ gəlib. Biri bel nahiyəmdə, o biri isə boynumdadır. Boynumdakı xeyli vaxtdır var, bel nahiyəmdə təzə yaranıb. Boynumda olan yırtıq həyatım üçün çox təhlükəlidir, hər an məni iflic edə bilər. Digər tərəfdən, boynumdakı yırtıq beynimin qidalanmasına mane olur, çox ciddi əngəl törədir. Ondan başqa mədəaltı vəzimdə xroniki yara var. Xəstəliklərim ölkənin, Almaniya, Moskva, Kiyevin ixtisaslaşmış xəstəxanalarında təsdiq edilib və mən intensiv müalicə olunmuşam. Hazırda müalicə müəssisəsində həkimlər baxırlar. Ancaq onların xoş münasibətləri lazım olan müalicəni verə bilməz. İxtisaslaşmış tibbi mərkəzlərdə belə çox çətinliklə müalicə olunan xəstəlikləri burada müalicə etmək mümkün deyil.

- Sizə qarşı irəli sürülən ittihama münasibətiniz necədir?

- Mənə qarşı irəli sürülən qaçaqmalçılıq ittihamı çox gülünc və ağlasığmazdır.

- Prezident seçkisində dövlət başçısı İlham Əliyevi dəstəklədiyinizi bəyan etdiniz. Amma mətbuatda sizin də, sabiq nazir Nicat Quliyevin də müxalif Milli Şura ilə əlaqələrə görə həbs olunduğunuz yazılır. İstintaqda sizdən Milli Şura, onun sədri Rüstəm İbrahimbəyovla bağlı ifadə alınıbmı?

- Bəli, mən prezident seçkisində İlham Əliyevi dəstəklədiyimi sizin sayt vasitəsilə xalqa çatdırdım. Ona görə sizə təşəkkür edirəm. Onu da qeyd edim ki, mən prezident İlham Əliyevi həmişə dəstəkləmişəm. Şübhə olmasın ki, həmişə də dəstəkləyəcəyəm. Mətbuatda mənimlə bağlı yazılanı cəfəngiyat hesab edirəm. Mən Nicat Quliyevi son 15 ildə iki dəfə yas mərasimində uzaqdan görmüşəm. Heç əl tutub görüşməmişəm də. Eləcə də məni tanıyanlar çox yaxşı bilir ki, mən Rüstəm İbrahimbəyov və onun yaxınları ilə heç xeyir-şər mərasimlərində belə uzaqdan-uzağa görüşməmişəm. Rüstəm İbrahimbəyovun məşğul olduğu ədəbiyyat və incəsənət sahəsi ilə mən məşğul olmamışam. Ona görə də istintaqda məndən Rüstəm İbrahimbəyov və Nicat Quliyev haqqında hər hansı bir sorğu aparılmayıb.

Bəziləri mənim AMİP lideri Etibar Məmmədovla əlaqələrimin olduğunu yazır. Etibar Məmmədovu son dəfə 2003-cü ilin oktyabr ayında görmüşəm. Onunla nə siyasi münasibətlərimiz olub, nə də yoldaşlıq münasibətlərimiz. 1995, 2000-ci illərdə Milli Məclisin üzvü kimi onunla iclas zamanı kənardan-kənara salamlaşmışıq. Mən on ildən artıqdır ki, Etibar Məmmədovun nə ilə məşğul olduğunu bilmirəm.

- Sizcə, prezidentə etdiyiniz müraciətin cavabsız qalması nə ilə bağlıdır? Prezident sizin düşdüyünüz durumu bilirmi? Yoxsa həqiqətlər ona çatdırılmayıb?

- Mənim prezidentə müraciətimin ona çatdırılıb-çatdırılmadığını bilmirəm. Ancaq bu gün müalicə müəssisəsində olduğuma görə ona minnətdaram. Əgər o, icazə verməsəydi, mən indi MTN təcridxanasında şikəst olmuşdum. Çox güman, mənim haqqımda prezidentə verilən uydurma yalan və şayiədən sonra ona etdiyim müraciətin qarşısını almağa çalışan qüvvələr var. Ancaq ümid edirəm ki, çox qısa zamanda prezident hər şeyi olduğu kimi biləcək. İndi bəzi qəzetlər yazır ki, guya məni həbs etdirən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Mən o şayiələrə, riyakarlıqlara heç vaxt inanmamışam, inanmıram da. O məlumatları qəzetlərə köçürməklə əsl həqiqəti gizlətmək məqsədi güdülür. Ramiz Mehdiyevlə birgə işlədiyim 30 ildə onunla şərikli, mübahisəli, hər hansı maraqların toqquşmasına səbəb olan problemim olmayıb.

- Siz 2008-ci ildə həbsdən çıxandan sonra əsasən nə işlə məşğul olurdunuz?

- Son 5-6 ilimi yaradıcılıqla məşğul olmuşam.

- İctimaiyyətə mesajınız, müraciətiniz varmı?

- İctimaiyyətin sağlam qüvvələrini qarşıdan gələn yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Onları inandırıram ki, ömrüm boyu xeyirxahlıqla məşğul olmuşam. Çirkin əməllərdən həmişə uzaq olmuşam. Ömrümün sonuna qədər öz xalqıma ləkə gətirməyəcəyəm.

Suallarınıza cavab verdiyim gün, 24 dekabr prezident İlham Əliyevin doğum günüdür. Onu ürəkdən təbrik edirəm. Azərbaycan xalqının rifahı naminə uzun illər firavan və xoşbəxt ömür yaşamasını arzu edirəm. İstərdim ki, prezident İlham Əliyev ətrafında ona yaramaq istəyənləri tanısın və haqqı nahağa verməsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar