RUSİYA VƏ ÇİN TƏHLÜKƏSİNƏ QARŞI ABŞ-YAPONİYA İTTİFAQI - "Amerika ordusunu bir anda iflic edə bilər"

“Rusiya və Çin ABŞ peyklərinə qarşı təhlükə yaradırlar”

Yaxın Şərqdəki böhran, terrorla mübarizə və sairə bu kimi digər təhlükələrə qarşı ABŞ tez-tez koalisiyalar yaradır. Hazırda belə bir ittifaq kosmosda da baş tuta bilər. Bu sahədə Yaponiya ilə yaradılacaq ittifaqa, ABŞ çox böyük əhəmiyyət verir. ABŞ və Yaponiya Çinin aktivləşməsini nəzərə alaraq, dənizdəki müdafiə sistemlərini möhkəmləndirmək və kosmik sahədəki əlaqələrini genişləndirmək qərarına gəliblər.

ORDUNUN ANİ İFLİC EDİLMƏSİ

Yaponiya Senkaku adası da daxil olmaqla, özünün bütün ərazilərinin müdafiəsi ilə ciddi şəkildə maraqlanır. Amerikan hərbçilərini isə daha çox kosmik sferadakı ABŞ-Yaponiya əməkdaşlığı düşündürür. Çünki məhz kosmosdan gələ biləcək hər hansı hücum, Amerika ordusunu iflic edə bilər. Məlumdur ki, ABŞ öz peyklərinin köməyi ilə donanmanı idarə edir, raketlərin uçuş trayektoriyasını istiqamətləndirir və müxtəlif səpgili kəşfiyyat əməliyyatları həyata keçirir. Əgər bütün bu peyklər məhv edilərsə, onda qabaqcıl silahlar, naviqasiya cihazları və ordu birləşmələri demək olar ki, tamamilə iflic vəziyyətinə düşər. Müasir dünyamızda isə belə halın baş verməsi ehtimalı real ssenari sayılır. Həmin məsələ ilə əlaqədar yüksək rütbəli ABŞ hərbi məmuru bildirib: ”Çin peyklərin necə məhv edilməsi texnologiyasını sınaqdan çıxarır. Həmçinin, Rusiya da bu cür imkanlara malikdir. Hazırda kosmos heç də təhlükəsiz yer deyil”.

ABŞ-ın kosmik kibernetika üzrə aparıcı mütəxəssislərindən biri Con Şeldonun sözlərinə görə, 2007-ci ildən Çin raketlər vasitəsilə peyklərin məhv olunması üzərində dörd dəfə təcrübə-sınaq işi aparıb. Rusiyanın da keçən il bu cür sınaqlar keşirməsindən şübhələnilir. Beləliklə, bu tip təhlükələrin yarana biləcəyini nəzərə alan ABŞ hakimiyyəti kosmik sahə üzərində islahatlar aparmağa qərar verib. Əvvəllər kosmik sferadakı istehsal işlərinin tam məxfi qalması üşün ABŞ hər şeyi yalnız öz ərazisində aparırdı. Kosmik tədqiqatçılar və hərbi ekspertlərin sözlərinə görə, yeni nəsil peyklərin və mürəkkəb qurğuların işlənib hazırlanmasının bir hissəsi dost ölkələrlə müştərək şəkildə aparılacaq. Burada əsas məqsəd ondan ibarətdir ki, əgər Amerikan peykləri vurularsa, onda ordu birlikləri ilə əlaqələr digər ölkələrin peykləri vasitəsilə qurulsun. Ümumiyyətlə isə, söhbət kosmosda “Xoş məramlar koalisiyası”nın yaradılmasından gedir və Yaponiya bu sferada ABŞ-ın başlıca əməkdaşı rolunda çıxış etmək fikrindədir. Hazırda Yaponiya yeni kosmik proqram çərçivəsində, ən müasir peyklər üzərində çalışır.

Yaponiya mütəxəssisləri 2023-cü ilə qədər “Kvazizenit peyk sistemləri”nin (Quasi-Zenit Satellite System) sayını birdən yeddiyə çıxarmağı planlaşdırırlar. Vaşinqton Tokio ilə birlikdə yaponların “Kvazizenit peyk sistemləri” ilə amerikanların “GPS” (Global Positioning System) sistemi ilə qarşılıqlı əlaqələrin necə qurulması barəsində fəal müzakirlər aparırlar. ABŞ həmçinin, avroplıların “Qalileo” sistemi ilə də əməkdaşılıq etmək niyyətindədir.

İNFORMASİYA MÜBADİLƏSİ

Bütün bunlarla yanaşı, ABŞ kosmik müdafiə şəbəkəsi də yaratmaq istəyir. Həmin ideyaya əsasən, şübhəli bilinən peyk və obyektlər barəsində alınan informasiyalar mübadilə olunacaq. Keçən ilin sentyabrında ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada kosmosda əməkdaşlıq etmək barədə niyyət protokolu imzalayıblar. Hal-hazırda Amerika öz ərazisində yerləşən radar və teleskopların köməyi ilə peyklərin hərəkətlərini izləyir. Con Şeldonun sözlərinə görə, bu cür bazalar B.Britaniya, Avstraliya və Kanadada inşa ediləcək. Bu ölkələr öz aralarında müxtəlif gizli informasiyaları paylaşırlar və indi belə bir qarşılıqlı mübadilə sistemi kosmik sferaya da şamil ediləcək. Artıq Yaponiya ilə ABŞ öz aralarında kosmik informasiya mübadiləsinin aparılması haqqında müqavilə imzalayıblar. Elə məhz bu səbəbdən də, Yaponiya özünün “Aeorokosmik təhqiqatlar agentliyi” tərəfindən əldə edliən informasiyaları ABŞ-la paylaşır. Amerika bu plan çərçivəsində Hindistan, Fransa, Almaniya və İtaliya ilə əməkdaşlığı möhkəmləndirmək fikrindədir.

Amerika Birləşmiş Ştatları Ukrayna problemi və həmçinin də dəniz qaydalarının pozulması ilə bağlı Rusiya və Çinlə qarşıdurma vəziyyətindədir. Əgər Rusiya Federasiyası və Çin Xalq Respublikası Amerika silahlı qüvvələrinə qarşı təzyiq mexanizmi əldə etmək üçün kosmik sahədəki potensiallarını möhkəmləndirəcəklərsə, onda kosmosdakı vəziyyət daha da gərginləşəcək.

("Nikkei" - Yaponiya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar