Vüsal Şilder qətlinin məhkəməsi qalmaqalla başladı

Bu ilin mayında yaşadığı evin yaxınlığında qətlə yetirilən alman vətəndaşı Vüsal Şilderin işi ilə bağlı bu gün növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi ilə bağlı “Qafqazinfo”ya açıqlama verən vəkil Aslan İsmayılov Vüsal Şilderin qətlindən bir neçə gün əvvəl ona qarşı planlı şəkildə təşkil edilən avtomobil qəzası və onun üzərinə atılan narkotik ittihamı ilə bağlı keçirilən məhkəmə prosesini şərh edib. Vəkilin sözlərinə görə, hadisədə şübhəli qismində saxlanılan və barələrində həbs qətimkan tədbiri seçilən 3 şəxsdən biri (sürücü Qurban Novruzov, iş adamı Yaşar Sunar və polis zabiti İlham Məmmədov), özünü Prezident Administrasiyasında çalışan Tariel Ağayevin qohumu kimi təqdim edən Binəqədi polis idarəsinin mühafizə işçisi, polis zabiti İlham Məmmədova qarşı hakimin tutduğu mövqe qərəzli olub:

“Birinci vəsatət verdik ki, iş üzrə iki polis zabiti İlham Məmmədov 7-ci bölmənin rəis müavini Kənan Babayevin şəxsiyyətlərini xarakterizə edən materiallar demək olar ki yoxdur. Müəyyən etmək mümkün deyil ki, onlar polisə nə vaxt gəliblər, hansı vəzifələrdə işləyiblər. Xüsusən də İlham Məmədov. Materiallarda gedir ki, o mayordur, lakin ifadələrdən görünür ki, bunun polkovnik- leytenant formasında da görüblər. Bundan başqa, Bakı Şəhər Baş Polis idarəsindən tutmuş vəzifəsi kiçilə-kiçilə Binəqədi Mühafizə Xidmətinə gedib düşüb. Nəyi olub, niyə bunu vəzifələrdən azad ediblər? Xahiş etdim ki, hər ikisinin şəxsi işləri məhkəməyə gətirilsin. Lakin heç bir əsas göstərmədən məhkəmə bu iddiaları rədd etdi.

Əslində xasiyyətnamə də aydınlıq gətirən deyildi. Çünki Binəqədidəki rəisi İlham Məmmədov işə çıxmadığına görə öz müavininə töhmət verir, lakin məhkəməyə təqdim edilən işdə onun haqqında müsbət xarakteristika verilir. Hakim də qərəzli mövqe ortaya qoyur. Keçən məhkəmə iclasında 3 nəfər təqsirləndirilən şəxsdən biri olan, qrup rəhbəri İlham Məmmədovun barmaqlıqlar arasında deyil, zalda oturmasına etiraz etdik. Biz etiraz etdik ki, niyə görə hər üçü barəsində həbs qətimkan tədbiri seçilibsə bir yerdə deyillər. Hakim mənə bildirdi ki, bunlar arasında düşmənçilik var. Bundan sonra hakim hər dəfə İlham Məmmədova “İlham müəllim” deyə müraciət edirdi. Mən ona bununla bağlı etirazımı bildirdim ki, təqsirləndirilən şəxsə “müəllim, bəy” deyə müraciət etmirlər. Bunun əvəzində hakim “Aslan İsmayılov, əyləş” - deyə mənim üstümə kobud şəkildə qışqırmağa başladı.

İlham Məmmədov ifadə verərkən məhkəmə zalında onu yönləndirən köməkliklərin hakim qarşısını almırdı, əksinə özü İlham Məmmədova yönləndirici suallar verirdi. Bir də ki, hakimin də İlham Məmmədov və Kənan Babayevlə eyni bölgədən olması bizə əsas verdi ki, buna etiraz edək. Hakim etirazı rədd etdi və prosesə baxmaq istəyəndə zərəçəkən, qətlə yetirimiş Vüsal Şilderin anası və atası zalı tərk etdilər, mən də tərk etdim.

Biz çıxandan sonra guya biz məhkəmə zalında qayda-qanunu pozmuşuq deyə akt tərtib ediblər. Bunların hamısı hakimin bu işdə maraqlı olmasına dəlalət edir”.

Aslan İsmayılov bu işin Vüsal Şilderin qətli ilə bağlı açılan digər cinayət işində əsas açar rolu oynadığını bildirib və Məhkəmə Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədova bu işi nəzarətə götürməsi ilə bağlı müraciət etdiyini bildirib.

Vəkilin sözlərinə görə, dindirilən şahid ifadələrindən aydın olur ki, İlham Məmmədov türk iş adamı Yaşar Sunarın bəzi işlərini həll etdikdən sonra bunun müqabilində qohumu olduğunu iddia etdiyi Tariel Ağayevin qızı Lalə Ağayevaya “sataşan” Vüsal Şilderin “dərsini vermək üçün” onun maşınını vurmaq tapşırığı verir. Binəqədi rayon polis idarəsindən isə sürücü Qurban Novruzova qəzadan sonra Vüsalın maşınına narkotik atmaq tapşırılır:

“Lakin qəza planlaşdırılandan ağır olur, Yaşar Sunar xəsarət alır. Bu səbəbdən Vüsalın maşınına narkotik ata bilmirlər. Onlar Vüsala dəyən ziyanı ödəmək üçün onu Binəqədi rayon ərazisinə çağırırlar.

Daha sonra 7-ci polis bölməsinin rəis müavini Kənan Babayev çəkiliş aparılması üçün ANS-ə zəng vurur. Qurban Novruzov buna razılıq vermir, bundan sonra rəis müavini İlham Məmmədova zəng vurur və ikinci Qurbanovu 3 min manat müqabilində çəkiliş aparmağa razı salır”.

Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar