BƏYLƏR ƏYYUBOVUN BACISI OĞLU MƏHKƏMƏDƏ "OD PÜSKÜRDÜ"- "Bir zənglə adamları məhv edirlər"

Generalın qohumları yaxınlarının Nərgiz Paşayevanın tapşırığı ilə həbs olunduğunu iddia edirlər

Əyyubovun qohumlarının həbsi ilə nəticələnən davada Kəmaləddin Heydərovun qardaşı oğlu da iştirak edib

Dekabrın 24-4ə Bakı Apelyasiya Məhkəməsində dünən Əmir Bayramovun sədrliyi ilə keçirilən proses bir neçə cəhəti ilə əlahmətdar idi. 4 nəfərin şikayətinə baxan məhkəmənin çıxardığı qərar ölkədə məhkəmə hakimiyyətinin azad olmadığını, sifarişlə işlədiyini göstərməklə yanaşı həm də hakimiyyətin yuxarı eşalonunda ciddi böhranın olmasını təsdiqləyirdi.

Hələlik bu adlara diqqət - Osman Isayev və Sultan Isayev, detallar isə daha ətraflı aşağıda olacaq. Kimdir bu adamlar? Onlar dünən mühakimə olunanlardan ikisi idi. Kimlikləri isə sizə maraqlı olacaq: 29 yaşlı Osman prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğludur, Sultan isə onun əmisi oğludur.

Onların hər ikisinə 16 sentyabr 2013-ci ildə Xətai Rayon Məhkəməsi 2 il iş kəsib. Isayevlə birgə mühakimə edilən Amil Şirəliyev və Rauf Həsənli uyğun olaraq 2 və 3 il yarım “iş” alıblar.

Cinayət işinin nəticəsi səhti qiymətləndirmədə təqdir oluna bilər. Adam az qala düşünsün, necə gözəl və ədalətli ölkədə yaşayırıq, burda hətta prezidentin “odda yanmaz-suda batmaz” sayılan ətrafı da mühakimə olunur, cəzalandırılır. Lakin bu ancaq səthi dəyərləndirmədir.

Bəs dərinliklərdə nə var?

Adı çəkilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1 maddəni törətməkdə təqsiriləndirirlər. Maddənin açılışı isə budur: Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər.

Ittiham olunanlar isə istər birinci instansiya məhkəməsində, istər Apelyasıya Məhkəməsində “xuliqanlığı” rədd edirlər, onlar sifarişlə həbs edildiklərini, günahsız olduqlarını bəyan edilər. Təəccüblüdür deyilmi? Ilham Əliyevin canını əmanət etdiyi şəxsin bacısı oğlu və onun dostlarını sifarişlə kim, hansı fövqəladə qüvvə həbs etdirə bilər ki?

Hadisənin rəsmi təsviri

21 apreldə Osman Isayev yuxarıda adıçəkilənlərlə gecə saat 2-də Nobel prosepektindəki “AZURE” biznes məkrəzindəki “Opera sky”də sərxoş olublar və liftə minmək istəyən Fuad Abdullayev adlı şəxsi müştərilərin gözü önündə səbəbsiz olaraq döyüb ona yüngül bədən xəsarəti yetiriblər. Döyülmə söyüşlə müşayiət olunub, bu isə restoranın iş rejimini pozub, onların işgüzar nüfuzuna xələl gətirib.

Siyasi nəhənglərin adı məhkəmə skandalında: Nərgiz Paşayeva və Kəmaləddin Heydərov

Məhbusların yaxınlarının “Azadlıq”a verdiyi məlumata görə, adı çəkilən restoran və biznes mərkəzi Nərgiz Paşayevanındır. Bu həbslər də qərəzlə Nərgiz Paşayevanın göstərişi əsasında baş verib.

Rauf Həsənlinin atası Orxan Həsənli deyir ki, uşaqların həbs edilməsinin vacibliyini Nərgiz Paşayeva Mehriban xanıma deyib, Mehriban xanım da Ilham Əliyevə: “Prezidentə elə təqdim olunub ki, guya bizim uşaqlar orda dava-dalaş salaraq müştəriləri ordan qaçırıblar. Sonra prokurorluğa verilən sifarişlə belə bir qurama işi uşaqların adına yazıblar”.

Hadisədə daha bir maraqlı ad var - biz cinayət işinin cilidlərində, məhkəmə sənədlərində o ada tez-tez rast gəlsək də hökm oxunanlar arasında o yoxdur. Bu, Sahib Heydərlidir. Onun soyadı sizə nəsə dedi? Bəli, yanılmırsız. Sahib fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumlarındandır. Daha dəqiqi, qardaşı oğludur.

Davanı Kəmaləddin Heydərovun qardaşı oğlu başlayıb

Məhkəmədə və istintaqda ifadə verən şəxslərin hər biri bildirir ki, restorana Sahibin dəvəti ilə gəliblər. Onlar birgə əylənərkən Sahibin qolu ordakı xanımlardan birinə toxunur, bu isə qızın yanındakı oğlanla qısa qarşıdurma yaradır. Sahib (o, resterana cangüdəni ilə gəlib) oğlanı itələyib yıxır, onun yanındakılar isə bu hadisəyə müdaxilə etmir, konflikt qısa müddətdə aradan qalxır.

Sonra Sahib xahiş edir ki, Osmangil maşınla olduğundan onu yaxınlıqdakı “Park Inn” hotelinə aparsınlar. Belə də edirlər. Sahib hoteldə yerləşir, bu dostlar isə şəhərdə gəzməkdə davam edir. Bir azdan Sahib Sultana zəng edib “Opera sky”də bir qohumunun döyüldüyünü deyir və xahiş edir ki, ora gəlsinlər. Sultangil ora gedir. Orda nəzarətçilər artıq deyir ki, dava-dalaş bitib, həm də o döyülən yox, döyən tərəfdir.

Geri qayıdanda liftin qabağında Fuad Abdullayevlə rastlaşırlar. Sultan və dostlarının ifadəsinə görə, lifti kim birinci çağırıb mübahisəsi yaranır, Abdullayev söyüş söyür. Isayev onun ağzını əli ilə yumur itələyib liftə minir.

Abdullayev də hadisəni təxminən eyni formada nəql edir. O, bildirir ki, Osman itələyib, amma sonra tanımadığı kimlərsə onu təpikləyib və burnundan qan açılıb. Buna görə də o, hadisənin səhəri günü şikayət verib.

Ittiham tərəfi isə iddia edir ki, Abdullayev “yuxarıların” təzyiqi ilə şikayətçi olub və bu prosesin ağırlaşmasında “Mütəşəkkil Cinayətkarlığa qarşı Idarə” xüsusi həvəs göstərib. Maraqlıdır ki, adı çəkilən şəxslərdən qabaq onların valideynlərini həbs edərək “Mütəşəkkil Cinayətkarlığa qarşı Idarəyə aparıblar. Məhkəmənin gedişində də, istintaq zamanı da Abdullayev şikayətindən geri durduğunu və tərəflərlə barışdığını elan edib. Lakin məhkəmə ittihamı əsaslı bilərək Osman və dostlarına cəza kəsib.

***

Yəqin diqqətli oxucudan bu məqamda sual yarandı, bəs Kəmaləddin Heydərovun qardaşı oğlunun aqibəti? Ona inzibati qaydada 15 sutka verib azad ediblər.

“Məhkəmə hökmü şərəfsizdir”

Indi isə gəlirik məhkəmədəki maraqlı hadisələrə.

Dünənki prosesdə Rauf Həsənlinin son sözü dinlənildi. O, Xətai Rayon Məhkəməsinin çıxardığı hökmü, ədalətsiz, vicdansız və şərəfsiz adlandırdı. Bu zaman hakim ona xəbərdarlıq etdi. Rauf Həsənlinin “o hökmün adı şərəfsizlikdi, başqa nə ad vermək olar ki” deyəndə hakim bu dəfə prokotola yazmaqla növbəti xəbərdarlığını etdi.

Belədə Həsənli dedi: “Keçən dəfə siz burda mənim atama irad bildirdiniz. O, siz gələndə ayağa qalxmamışdı. Mənim atam yaşlı və Qarabağda ”kontuziya" alan adamdı. Amma onun ayağa qalxmaması sizi narahat etdi və o cür xırda şey diqqətinizi çəkdi. Bəs nəyə görə siz 9 aydır qarşınızda barmaqlıqlar araxasında günahsız oturan insanlardan narahat olmursunuz?".

Həsənli tam günahsız olduğunu bəyan etdi və bildirdi ki, o heç bir davada iştirakçı olmayıb, həmin gün ancaq sürücülük edib. Iki ali təhsil aldığını deyən Həsənli dövlətə sədaqətli olduğunu bəyan etdi, dedi ki, məhkəmə onun günahsızlığını, xəstəliyini (sirroz) nəzərə alıb haqqında bəraət qərarı çıxarsın. Oxşar çıxışı Amil Şirəliyev və vəkillər də etdi. Prokuror isə hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Onun çıxışı Osman Isayevin güllə kimi açılmasını şərtləndirdi. Hə, yəqin, möcüzənin baş vermədiyini yazmasaq da biləcəkdiniz, məhkəmə şikayəti təmin etmədən hökmü qüvvədə saxladı.

Bəylər Əyyubovun bacısı oğlundan ilginc açıqlamalar:

“Azərbaycanda 37-ci ildir”

Osman Isayev o andan hökm oxunana qədər Azərbaycanda hökm sürən ədalətsizliyi, haqsızlığı qamçılamağa başladı.

O, hakimin hər cümləsinə “balalarından görəsən”, “inşallah, sizi də bu gün gözləyir”, “bu haqsızlığa görə tezliklə cəzanızı alacaqsınız” kimi replikalar verirdi.

O, məhkəmələri ittiham edirdi ki, hakimlər “üzdəniraqlara”, “narkomanlara” göstərmədiyi qəddarlığı günahsız insanlara edir.

“Bizi niyə tutursunuz axı? Nə etmişik? Cinayət etsəm, həbsdə olsam, bir qram da əzab çəkmərəm. Kiminsə xoşuna Osman gəlmir deyə türmədə yatmalıyam. Belə hökmü verənin, verdirənin balası xoşbəxt olmayacaq, ya narkoman olub zəlil günə düşəcək, ya da...”.

Osmanın sərt replikaları yaxınlarını da narahat etməyə başladı. Onlar dəmir qəfəsə yaxınlaşıb onu sakitləşdirmək istəsələr də, “biz dövlət başçımıza inanırıq” kimi siyasi bəyanatlar versə də, Osman ovunmurdu: “Nə susmaq, nə qədər susmaq olar. Susa-susa bu günə düşməmişik? Nə qədər susaq axı? Niyə susmalıyam, cinayət etmişəm. Mən mənkəmə başlayandan demişdim ki, bu hakimlər ”bunnandı", ancaq mənə inanmadınız. Bunlarda guya prezidentə hörmət var. Onların vicdanı, prezidentə hörməti olsaydı hərəmizin işindən heç olmaya 6-7 ay çıxardı".

Osman replikalarında ölkədə 1937-ci il repressiya ab-havasının olduğunu bəyan etdi: “Azadlıq, demokratiya deyirlər. Budur demokratiya, budur azadlıq?! Günahsız insanları türməyə doldurmaqdır demokratiya. Bir zənglə adamları məhv edirlər. Biz Azərbaycanı orda-burda tanıtmaq üçün nələr etmişik? Bu nə münasibətdir bəs bizə? Lazım deyil, heç mənə belə ölkədə vətəndaş olmaq. Mən bu vətəndaşlıqdan da imtina edirəm”.

Rauf Həsənlinin atası Orxan Həsənli isə hadis ilə bağlı "Yeni musavat" qəzetinə  deyib ki,  hər şey fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərovun prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev, əmisi oğlu Sultan İsayev, Amil Şirəliyevin və Rauf Həsənlini “Yeni Həyat” yaşayış kompleksindəki əyləncə mərkəzlərindən birinə qonaqlığa dəvət etməsi ilə başlayıb:“Tutulan gənclər və mənim oğlum içki içən deyillər. Yeyib-içmək məclisinə gediblər ki, dostları inciməsin. Gənclər birgə rəqs edən zaman Osman İsayevin qolu bilmədən rəqs meydançasında oynayan qızlardan birinə dəyib. Bu zaman yan masada oturan bir nəfər Osmana yaxınlaşaraq onunla kobud rəftar edib. Məsələyə Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərovun mühafizəçisi müdaxilə edib. Yaranan münaqişə davasız həll olunub. Sahib Heydərov dostlarına deyib ki, bu yer Nərgiz Paşayevanındır. Ona görə də gəlin, sakitcə burdan gedək. Özümüzə problem yaratmayaq. Bunlar həmin əyləncə məkanından ayrılıblar. Sahib Heydərov nədənsə orda qalıb. Bir-iki saat sonra Sahib Heydərov Osmana zəng vurub ki, bəs imkanınız varsa gəlin, burda kiçik bir münaqişə yaranıb, onu yoluna qoyaq. Gənclər yenidən həmin əyləncə məkanına qayıdıblar. Amma dava-dalaşa rast gəlməyiblər. Onlar liftə minən zaman bunlardan öncə lifti çağırdığını iddia edən Fuad adlı içkili bir şəxslə bizim uşaqlar arasında kiçik söz-söhbət yaranıb. İçkili olan şəxs özünü saxlaya bilməyib və yerə yığılıb, burnu bir az əzilib. Onu taksiyə mindirib yola salıblar”.

Orxan Həsənlinin sözlərinə görə, bir neçə gün sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Fuad adlı bu şəxsi taparaq deyiblər ki, bəs səni döyüblər, niyə şikayət etmirsən: “Fuad da deyib ki, dava-dalaş olmayıb. İçkili olmuşam, yıxılmışam burnum qanayıb. Ona deyiblər ki, şikayət etməlisən. Yoxsa biz səninlə başqa cür söhbət edəcəyik. Nə isə, bu uşağa əvvəlcədən hazırlanmış ifadənin altından qol çəkdiriblər. Bu hadisədən bir neçə gün sonra Bəylər Əyyubovun bacısı oğlu Osman İsayevin atasını və qardaşını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb dindiriblər. Açıq-aşkar dedilər ki, bizə göstəriş verilib və sizin uşaqlar həbs olunmalıdır. Xətai Rayon Məhkəməsində şikayətçi ilə bizim uşaqlar üzləşdirildi. Hakim özü bizə etiraf etdi ki, yuxarıdan bizə deməsələr, buraxan deyilik. Nə desələr onu edəcəyik”.

Orxan Həsənli deyib ki, qərardan dəfələrlə apelyasiya şikayəti versələr də, işə baxan hakim Əmir Bayramov hər dəfə qərəzli mövqe nümayiş etdirib: “Açıq-aşkar dedi ki, mənlik bir şey yoxdur. Yuxarıdan mənə nə desələr, onu da edirəm. İndi bizim əlacımız kəsilib. Oğlum ağır xəstədir. Hara gedək, dərdimizi kimə deyək bilmirik”.

Həbs olunanların yaxınları bildirdilər ki, kiçik mübahisəyə görə övladlarından qisas alırlar. Onlar yaxın günlərdə yenidən prezident İlham Əliyevə müraciət edəcəklərini söylədilər.

Vaqif Nəsibov

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar