"AZƏRBAYCANDA OLİQARX YOXDUR..." - Rəsul Quliyevdən Avropa Oyunlarına dəstək (Müsahibə)

"Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Dağlıq Qarabağ probleminin həlli nöqteyi-nəzərindən də bizim xeyrimizə işləyə bilər"

“Monopoliya yaradanlar bandit ittihamı ilə həbs olunmalıdır”

AzPolitika.info eks-spiker Rəsul Quliyevlə müsahibəni təqdim edir

- Ölkə iqtisadiyyatının hazırki durumunu necə qiymətləndirirsiniz? Devalvasiya, bahalaşma, büdcə kəsiri, bir tərəfdən də kütləvi ixtisarlar. Sizcə bu proses hara qədər davam edəcək?

- Dövlət büdcəsində kəsirin yaranmasının izahı çox asandır. Büdcənin formalaşması 80 faiz birbaşa və bilavasitə çıxarılan neftin miqdarından və satış qiymətindən asılıdır. Ona görə də, bu kəsirin 2015-ci il üçün nə qədər olacağını artıq Maliyə Nazirliyində hesablayıblar. Neftin qiymətinə görə yaranacaq kəsir aysberqin ancaq görünən hissəsidir - problemin daha dərin qatları hələ görsənmir. İldə neçə dollarlıq xaricdən mallar import edilir, nə qədər valyuta manat alverində xərclənir, dövlət nə qədər müxtəlif inşaat işlərinə, yollar çəkməyə və s. sahələrə pul ayırıb? Bütün bu və digər suallar aysberqin görünməyən hissələrinə aiddir və problemin ağırlığı istənilən iqtisadiyyatı çökdürə bilər. İqtisadiyyatın çiçəklənməyə davam etməsi ilə bağlı iddiaların əsası yoxdur. Obrazlı desək, dövlət büdcəsi bataqlığın üzərindədir. Onun tez batmasının qarşısını almağın yeganə yolu maliyyə ağırlığını yüngülləşdirməkdir. Yükün çəkisini aşağı salmaq üçün, hökumət hardan başlamağın mümkünlüyü barədə 4 aydır düşünür. Hər il vətəndaşlara verilən maaş (təqribən 5 milyard), inşaata qoyulan investisiya (təqribən 6 milyard), hərbə ayrılan vəsait (təqribən 3.5 milyard), üst-üstə 14 milyard dollar büdcəni ağırlaşdıran əsas xərclərdir. Siz görməsəniz də, hər 3 istiqamətdə işlər yürüdülür və xərclərin azaldılmasına cəhdlər edilir. Sözsüz, büdcədən maaş üçün ayrılmış xərcləri azaltmaq ən asan yoldur. Ancaq müəllimlər, həkimlər, təqaüdçülər kateqoriyasına ayrılmış maaşları azaltmaq ağır nəticə verə bilər. Həmçinin, polisin də maaşını azaltmaq olmaz , çox böyük ehtimalla, bir müddətdən sonra onlar hökuməti saxlayan əsas qüvvəyə çevriləcək. Digər ən asan yol nazirlikləri, komitələri ləğv etmək və ya məsələn, 30 faiz işçini ixtisara salmaqdır. Bu çinovliklər xalq kimi passiv və taleyi ilə barışandılar. Ancaq bu əməliyyatın şişirdilmiş büdcə xərclərinin azaldılmasında böyük rolu olacağına inanmıram. Bu proses 12 nazirlik qalana qədər davam edə bilər. İxtisarların nə qədər dərinləşməsi, ixtisarlar nəticəsində yaranmış işsizlər ordusunun sayından, təşkilatlanma qabiliyyətindən və aqressivliyindən asılı olacaq. Böyük ehtimalla, hamı həyatının keçən ilki kimi davam edəcəyini düşünür, əslində belə olmayacaq. İşsizlər ordusu böyük sürətlə artır, bir çox inşaat işləri dondurulub. Bu da işsizliyin ciddi şəkildə artmasına və sosial narazılıqların ortaya çıxmasına səbəb ola bilər.

- Hər kəs gözlənilən böhranın qarşısını almaq üçün iqtisadi islahatlara böyük ümid bağlayır. Amma hələ ki, hökumət əvvəlki siyasətini davam etdirir. Sizcə, hökumət niyə islahatlara getmir?

- Büdcənin ağırlığını azaltmağın bir yolu da artıq neftdən gəlməyən pulların bir hissəsini başqa yollarla tapmaqdır. Bunun da ən asan yolu pirat üsulla vergi toplamaqdır. Yəni zorla başqalarının pullarını mənimsəmək və büdcəni doldurmaqdır. Bu, daha çox bolşeviklərin “oğurlananları oğurla” (Qrab qrablennoqo) prinsipinin təkrarıdır. Hələ ki, bir az pulu olan gücsüzləri soyurlar. Bu da bu sahədə aysberqin görünən hissəsidir. Tezliklə rüşvət və korrupsiya ilə zənginləşmiş çinovniklərin yığdıqlarının bir hissəsinin büdcəyə verilməsi prosesi də başlaya bilər. Bunların hamısı hakimiyyətin xilası üçün görüləcək işlərdir və nəyin bahasına olursa-olsun, həyata keçiriləcək. İstənilən islahatların effekti bir və ya iki ilə ortaya çıxa bilməz. Ən azı beş il vaxt lazımdır. Vəziyyəti ən tez dəyişməyin yolu radikal addımlar, məsələn, korrupsiya və rüşvətin tamamilə aradan götürülməsi olardı, ancaq bu hökumətin belə bir iş görə biləcəyi utopiyadır. İslahat nədir? Bütün sahələrdə insanlara azadlığın verilməsi və hökumətin vətəndaşların işinə qarışmamasıdır. Totalitar sütunlu hökumət dayandığı sütunları qırarmı, əsla yox.

- Bəzi müşahidəçilər Avropa Oyunlarından sonra ölkədə oliqarxlara qarşı mübarizə aparılacağı və özəl sektorun önünün açılacağı haqda proqnozlar verirlər. Sizcə hökumət buna gedəcəkmi? Ümumiyyətlə özəl sektorun inkişafı üçün nə edilməlidir?

- Siz başqa ölkələrin mətbuatlarında yazılanları Azərbaycana tətbiq etmək istəyirsiniz. Əslində Azərbaycanda oliqarx yoxdur. Siz hökumətin korrupsiya və rüşvətlə küllü miqdarda pul toplamış, zənginləşmiş yuxarı ranqlı çinovniklərini oliqarx hesab etməklə, səhvə yol verirsiniz. Azərbaycanda piramida tipli pul ‘’qazanmaq’’ sistemi fəaliyyət göstərir. Sizcə, hökumət bu piramidanın harasından sistemi dağıtmağa başlaya bilər? Məncə, heç harasından. Çünki harasından başlasa, sistem bütövlüklə çökəcək. Ona görə də, istər Avropa Oyunlarına qədər, istərsə də ondan sonra radikal heç bir dəyişiklik ola bilməz. Güclü özəl sektor olmadan iqtisadiyyatın inkişafı da mümkün deyil. Özəl sektorun inkişafında rəqabət prinsipi əsas rol oynayır. Monopoliya yaradanlar bandit ittihamı ilə həbs olunmalıdır və onların mülkiyyəti müsadirə olunmalıdır. Hökumət nəinki camaatın biznesini yaratmağına kömək etməlidir, həm də onun işinə burnunu soxmamalıdır.

- Ölkədə iqtisadi böhran təhlükəsi fonunda təxminən ay yarımdan sonra böyük xərc tələb edən Avropa Oyunları keçiriləcək. Hökumət bu tədbiri Azərbaycanın dünyada təbliğatı baxımından müsbət addım kimi təqdim edir. Xaricdə yaşayan bir azərbaycanlı kimi, necə hesab edirsiniz, bizi dünyada necə tanıyırlar?

- İstənilən miqyaslı beynəlxalq tədbir ölkənin tanınmasına, imicinə müsbət təsir göstərir. Hər halda bu Avropa Oyunları Avrovizyondan daha çox Azərbaycan üçün müsbət imic yaradacaq. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Dağlıq Qarabağ probleminin həlli nöqteyi-nəzərindən də bizim xeyrimizə işləyə bilər. Yəni ermənilərin yaratmaq istədikləri "vəhşi türklər" (azərbaycanlılar) imicinə güclü zərbə vurulacaq. Ancaq ölkənin iqtisadi böhran astanasında izafi pullar xərcləməsi dözülməz faktlardandır. Buna baxmayaraq, yenə təkrar edirəm, sözügedən tədbirin Azərbaycanın imicinə xeyri böyükdür. Ancaq Azərbaycan bundan istifadə edib idmanı ölkədə kütləviləşdirəcəkmi? Bax, budur əsas məsələ!

- Avropa Oyunları ərəfəsində aktual məsələlərdən biri də siyasi məhbuslar problemidir. Müxalifət və bəzi xarici çevrələr bu problemi Avropa Oyunları kampaniyasının bi komponentinə çevirmək istəyirlər. Sizcə, hökumət bu problemlə bağlı hansı addımı atmalıdır?

- İmicini qaldırmağın naminə milyardlar xərcləyən Azərbaycanın, heç bir səbəb olmadan bu insanları həbs etməklə imicinə adekvat zərbə vurmasını izah etmək mənim imkanlarımın xaricindədir. Bu insanlar anlaya bilmirlər ki, xaricdə soruşanda ki, Azərbaycanı tanıyırsan, 10 adamdan beşi deyir “hə - orada neft çıxır, zəngin ölkədir". 2-si “orada Avropa Oyunları keçəcək, deyəsən “Evrovizyon” orada keçmişdi” deyir. Qalanı isə “orada düz danışan jurnalistləri, müxalifəti həbs edirlər", deyə cavab verir. Azərbaycana münasibət bundan ibarətdir. Ona görə də, azı 5 milyard dollar xərcləyib, özünə 2 müsbət tanınma səsi alan Azərbaycanın, heç bir günahı, indiki rejimə heç bir təhlükə yaratmaq imkanı olmayan insanları səbəbsiz yerə həbs edib 2 mənfi tanınma səsi almasını necə izah etmək olar?

- Müxalifət gələn ayın 3-də mitinq keçirəcək. Sizcə, bu mitinqlərin hansısa müsbət nəticəsi ola bilərmi?

- Mən bu mitinqlərin ziyanı barədə kifayət qədər açıqlama vermişəm, ancaq düşünürəm ki, Milli Şurada bunu anlayacaq insan yoxdur. Bu mitinqçilərin nəyə nail olmaq istədiklərini anlamaq mümkün deyil. İndi yeni bir şüar ortaya atılıb: “Mitinq keçirməklə biz manatın devalvasiyasının qarşısını alırıq”. Bu ideya abstraktlığın izafi nöqtəsidir. Devalvasiyanın, defoltun qarşısı mitinqlər yolu ilə alına bilsəydi, onda bu İqtisadiyyat İnstitutları, Nobel mükafatçıları nəyə lazım idi? Min nəfərlik bir mitinq keçirərdilər, bununla da problem həll olunub gedərdi. Doğrudur, mitinqlərlə hökumətin axırıncı qəpiyinə qədər valyuta rezervlərini istifadə etməsinə nail olmaq olar, lakin bu, bir günün içərisində manatın defolt olması, yəni dəyərini birdən-birə, məsələn, 500 dəfə itirməsiylə nəticələnər. Onun ardınca da ölkədə xaos başlayar və kimlərsə bulanıq suda balıq tutmağa cəhd edə bilər. Belə bir ssenari düşünmək olar.

Ancaq bizim müxalifətin keçirdiyi mitinqlə buna nəinki nail olmaq mümkün deyil, mənə belə gəlir ki, bu məqsədə heç yaxınlaşmaq belə olmaz. Mən əminəm ki, son zamanlar Prezidentə heç keçirilən o mitinqlər barədə dərin məlumat belə verilmir. Azərbaycanda hökuməti yuxarıda yazdığım ssenari üzrə işləməyə məcbur etmək üçün mitinqçilərin sayı ən azı 100 mindən başlayıb, 1 milyona çatmalıdır. Bizim bu mitinqçilər, ümumiyyətlə dünyada baş verən hadisələrlə maraqlanır, analiz edirlərmi? Düşünürəm ki yox! Əgər belə bir işlə məşğul olsaydılar, bu yaxınlarda büdcə kəsirini azaltmaq məqsədiylə maaşların azaldılmasına və inflyasiyanın artmasına qarşı əhalisi Azərbaycan qədər olan Yunanıstanda 1.5 milyon insanın protest mitinqinin heç bir nəticə vermədiyini görərdilər. İqtisadi böhranın qarşısını mitinqlə almağın mümkünsüzlüyünü başa düşmək bu qədərmi çətindir?

Əslində talançılığa, korrupsiyaya qarşı mitinq keçirmək, həqiqətən lazımdır. Ancaq gündən-günə sönən mitinqlər yox. Əksinə, bu cür aksyalar zərərlidir. Mitinqlərin şüarları reallığa yaxın olmalı, utopik şüarlar, məsələn, “biz olmasaydıq, manat devalvasiya olacaqdı” kimi gülünc şüarlara yol vermək olmaz. Birinci mitinqlə ikinci mitinq arasında iştirakçıların sayı, azı 30 faiz azalıb. İndi bu mitinqdə də həmin tendensiya davam etsə, böyük ehtimalla həmin stadionu rəsmi mitinq yeri elan edəcəklər və aksiyalar heç bir icazə olmadan keçiriləcək. “Günün tarixini polisə göndərməklə nə vaxt istəyirsən, get, mitinq keçir”- deyəcəklər.

Hökumət qurultayda seçkiləri saxtalaşdırmağa şərait yaratmaqla, faktiki olaraq Müsavatı məhv etdi. İndi arzulasa, bu mitinq oyunu ilə də Xalq Cəbhəsi Partiyasını sıradan çıxaracaq. M.Ə. Sabirin azərbaycanlılar (bizim üçün yəqin 100 ildən sonra da aktual olacaq) üçün dediyi dahiyanə

‘’Başlayırıq qızmağa yay gəlməmiş,

Çırmanırıq keçməyə çay gəlməmiş’’ - frazalarını yenidən oxumaq lazım deyilmi? Heç kimə lazım olmayan mitinqlərə demokratiya donu geyindirən hökumətin bunu hər yerdə nümayiş etdirdiyindən də bu adamlar xəbərsizdirlər?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar