"ABŞ-ın biganə qalması başqa diktatorları ürəkləndirə bilər"- Barak Obama

Obama Suriyaya zərbə ilə bağlı xalqa müraciət etdi

ABŞ prezdenti Barak Obama Suriyaya qarşı hərbi hərəkət planında əl saxlamağa qərar verib. Bu barədə prezident, Vaşinqton vaxtı ilə çərşənbə axşamı saat 21-də (Bakı vaxtı ilə çərşənbə günü səhər saat 6.00-da) Amerika xalqına canlı teleyayımda müraciəti zamanı bildirib.Obama çıxışına Suriya ilə bağlı hadisələrin qısa tarixçəsi ilə başlayıb. O xatırladıb ki, Suriya münaqişəsinin həlli üçün son iki il ərzində diplomatik səylər göstərilib və onun özü şəxsən müharibənin əleyhinə olub. Lakin o qeyd edib ki, avqust ayının 21-dən vəziyyət dəyişib. Həmin gün Suriya prezidentinin qüvvələri müxalifətin nəzarətində olan 11 məkana zəhərli qaz hücumu ediblər. Bu hücum nəticəsində uşaqlar və qadınlar daxil olmaqla çox sayda dinc insan həlak olub.

Barak Obama deyib ki, ona ABŞ-ın Suriyaya müdaxiləsinin niyə lazım olduğu barədə suallar verilir. Prezident izah edib ki, bir gün döyüş meydanlarında Amerika əsgərlərinə qarşı kimyəvi hücumların edilməməsi naminə Suriyada baş verənlərə göz yummaq olmaz.

O xüsusilə vurğulayıb ki, Suriya rejiminin kimyəvi silahdan istifadə etdiyi qətiyyən şübhə doğurmur.

ABŞ DAHA BİR MÜHARİBƏYƏ GİRMƏYƏCƏK

Obama xatırladıb ki, silahlı qüvvələrin ali baş komandanı olmaqla yanaşı, həm də «dünyanın ən qədim konstitusiyalı demokratiyasının prezidentidir» və məhz buna görə də Suriya məsələsinin Konqresdə müzakirəsini lazım bilib. O deyib ki, amerikalıların müharibələrdən yorulduğunun fərqindədir və məhz bunu bildiyi üçün ABŞ qoşunlarını İraqdan çıxarıb, Əfqanıstandan isə çıxarmaqdadır. Barak Obama bir daha vəd edib ki, Suriyaya qarşı mümkün zərbələr ABŞ-ı daha bir müharibəyə sürükləməyəcək və Amerika əsgərinin çəkmələri Suriya torpağına dəyməyəcək.

Prezident deyib ki, vətəndaş müharibələrinə birbaşa müdaxilənin nə qədər üzücü və uzun olduğunu İraq və Əfqanıstan müharibələri göstərib.Bununla yanaşı o vəd edib ki, Suriya üzərinə mümkün hava zərbələri Liviyada və ya Kosovoda olduğu qədər uzun müddət çəkməyəcək.

QOŞUNLAR DÖYÜŞ HAZIRLIĞI VƏZİYYƏTİNDƏ QALACAQ

«Əgər Əsəd devrilməyəcəksə, zərbələrin nə mənası var» kimi suallara cavab olaraq prezident bildirib ki, zərbələr diktatorlara çox güclü mesajlar göndərə bilər və Əsəd də bundan sonra kimyəvi silahlara əl atmazdan əvvəl yaxşıca düşünməli olacaq. Prezident həmçinin Amerikanın biganə qalmasının başqa diktatorları və nüvə silahı yaratmağa çalışan İranı ürəkləndirə biləcəyindən söz açıb.

Əsədin yerini insan haqlarının düşmənləri olacaq insanların tuta biləcəyi təhlükəsindən danışan prezident deyib ki, əl-Qaidə yalnız dinc adamların qazla zəhərləndiyi yerlərdə güclü ola bilər. Barak Obama bildirib ki, son günlər diplomatik sahədə ümidverici hadisələr yer alır. O rusların münaqişənin çözülməsi üçün son təklifinə toxunarkən bildirib ki, bu irəliləyişlərin özü də Əsədin təhlükəni hiss etməsi və özünün prezident Putinlə konstruktiv söhbətinin nəticəsində mümkün olub.

Çıxışının sonunda prezident Obama deyib ki, yaranmış vəziyyətlə bağlı Konqresə Suriya məsələsinə baxılmasının bir qədər təxirə salınmasını rica edib. Lakin bununla belə, Obama vurğulayıb ki, ABŞ silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində, tutduqları mövqelərdə qalacaqlar.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar