ABUTALIBOVLA BAĞLI RAMİZ MEHDİYEVƏ SENSASİYALI MÜRACİƏT - "...yalnız və yalnız bir yolumuz qalıb"

 "Mən sizləri - Heydər Əliyevin qurduğu dövlətin ən yüksək vəzifəli naxçıvanlılarını ona görə narahat edirəm ki..."

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq şöbə müdiri, elmlər doktoru Arzu Əli oğlu Məmmədov "AzPolitika.info" saytı vasitəsilə Prezident Administrasiyasının rəhbəri, Dövlət Qulluğunu İdarəetmə Şurasının sədri, akademik Ramiz Mehdiyev başda olmaqla, əslən Naxçıvandan olan yüksək vəzifəli şəxslərə müraciət edib. Müraciət olunanlar sırasında Əli Əsədovun, Əli Həsənovun, Kəmaləddin Heydərovun, Eldar Mahmudovyn, Rövnəq Abdullayevin, Əl Abbasovun və Novruz Məmmədovun adları var. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı ciddi ittihamların yer aldığı həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:

"Mən, 1956-cı ildə Naxçıvan şəhərində anadan olmuşam. 1978-ci ildə Bakı Dövlət Universitetini fəqlənmə diplomu ilə bitirmişəm. 1978-1993-cü illərdə Moskva şəhərində lazer şüalarının kəşfinə görə Nobel mükafatına layiq görülmüş akademik A.M. Proxorovun rəhbərlik etdiyi institutda çalışmışam. Elmlər doktoruyam.

2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilmişəm. O vaxt mənim dövlət qulluğu və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyəti barəsində təsəvvürüm yox idi. Məhz buna görə də, Hacıbala Abutalıbov özünün şəxsi maraqlarına uyğun gəldiyim üçün məni bu vəzifəni tutmağa münasib bildi.

Belə ki, Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin edilən kimi, Aparat rəhbəri Əli Hacıyevin məsləhəti ilə Nəzarət İdarəsini ləğv etdi. Onun yerinə əməkdaşları ixtisasca riyaziyyatçı, elektronika üzrə mütəxəssis, tarixçilərdən ibarət bir şöbə yaratdı. O vaxtlar prokuratura sistemində çalışan Ramiz Rzayevin və Rafiqin qardaşı Salmanın xahişi ilə, Rafiq Məmmədovu Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Nəzarət şöbəsinə işə götürüblər.

Hacıbala Abutalıbov bu şəxslərə söz verib ki, Rafiqi şöbə müdiri vəzifəsinə təyin edəcək. Aparat rəhbəri Əli Hacıyev, Hacıbala Abutalıbovu başa salıb ki, qohumları prokurorluq orqanlarında işləyən bir şəxsi bu şöbəyə müdir vəzifəsinə təyin etmək olmaz. Bu təyinat onlar üçün çox təhlükələr yarada bilər.

Buna görə də məni - elmi işçini özləri üçün münasib kadr bildiklərindən Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət şöbəsinə müdir vəzifəsinə təyin etdilər. Məni - elmi işçini belə məsul vəzifəyə təyin etməklə, Hacıbala Abutalıbov özü üçün şox əhəmiyyət kəsb edən iki mühüm məsələni həll etdi.

Əvvala, müdirinin və əməkdaşlarının peşəkarlıq səviyyələri sıfır olan Nəzarət şöbəsi təşkil etməklə, ona maneçilik törədə biləcək orqanı fəaliyyətsiz hala saldı.

İkincisi, Nəzarət şöbəsinin müdiri vəzifəsinə gözünü tikmiş Ali Məhkəmənin hazırkı sədri Ramiz Rzayevin bibisi oğlu Rafiq Məmmədovun müdir olmaq arzusunu ürəyində qoydu.

Ancaq mən bu təyinatdan sonra öz üzərimdə həddindən çox çalışdım. Rusiyanın mərkəzi şəhərlərinin meriyalarındakı Nəzarət şöbələri ilə əlaqə yaratdım və onlardan nəzarət işinin həyata keçirilmə mexanizmlərini, maliyyəçilərdən mühasibat işlərini və s. öyrəndim.

Novxanı çimərliyində aparılmış abadlıq işləri zamanı mənimsəmələrin miqdarını çox dəqiq hesablamalarla müəyyənləşdirib, bu barədə arayışları Əli Hacıyevlə Hacıbala Abutalıbova təqdim edəndə, onlar məni işə götürdüklərinə peşman oldular. Artıq gec idi. Mən, şöbənin fəaliyyət göstərməsi üçün lazım olan işləri görməyə başlamışdım.

Əvvəlcə, Hacıbala Abutalıbovdan onun verdiyi sərəncamların surətlərini şöbəyə verilməsini tələb etdim. 2003-cü ilə kimi sərəncamları şöbəyə verdilər. Günlərin bir günü Hacıbala Abutalıbov məni yanına çağırıb dedi ki, sənin işçin Rafiq Məmmədov sərəncamlarda büdcədən kənar vəsaitlərin hesabatını aparır.

Bundan sonra Hacıbala Abutalıbov intriqalar ustası Əli Hacıyevə tapşırıq verdi ki, ya Rafiq Məmmədovu sərəncamlar verilməyən başqa şöbəyə keçirsin, ya da məni işdən azad edib, şöbəyə sərəncam verilməsini dayandırsın. Əli Hacıyev də Rafiq Məmmədova söz verdi ki, mənimlə münaqişə yaratsa, məni çıxartdırıb, onu mənim yerimə qoyduracaq. Ancaq mən, münaqişədən sonra Hacıbala Abutalıbova sübut etdim ki, münaqişəni Əli Hacıyevin göstərişi ilə yaradan Rafiq Məmmədovdur. Onda bunlar əlacsız qalıb, Rafiq Məmmədovu maliyyə ayrılması barədə sərəncamların surətləri verilməyən şöbəyə - Şəhər təsərrüfatı şöbəsinə keçirdilər.

Mən, Bakı Şəhər İcra Hakimiyyətində işlədiyim on il ərzində Nəzarət şöbəsinin fəaliyyət göstərməsi üçün mübarizə aparmışam. Mənim bu ötkəmliyimdən təngə gələn Hacıbala Abutalıbov 13 dekabr 2011-ci il tarixdə məni kabinetinə çağırıb işdən azad etdi. Sonra da polislərin köməyi ilə məni Bakı şəhər İcra Hakimiyyətinin binasından çölə atdırdı. O vaxtdan bu günə kimi işsizəm. Məcburi şəkildə dissident həyatı yaşayıram.

pa prezident adminİşdən azad edildikdən sonra qanuna müvafiq qaydada qanunsuz işdən azad olmam barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri, Dövlət Qulluğunu İdarəetmə Şurasının sədri, akademik Ramiz Mehdiyevə 19.12.2011-ci il tarixdə M-8154 saylı məktubla müraciət etdim. Qanunla bu məktuba on gün müddətində cavab verilməli idi. Bu müddətdə intizam tənbeh tədbiri ya ləğv olunmalı, ya da qüvvədə saxlanılmalı idi.

Məktub Prezident Administrasiyası rəhbərliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti üçün tabelik qaydasında yuxarı dövlət orqanı hesab edilən Prezident Administrasiyasının Regional idarəetmə və Yerli Özünüidarəetmə orqanları üzrə iş şöbəsinə göndərildi. Hacıbala Abutalıbov məktubu araşdırmağa imkan vermədi. Məktub şikayət etdiyim orqana - Bakı şəhər İcra Hakimiyyətinə göndərildi və oradan da mənə cavab verilmədi.

Məhkəməyə müraciət etdim. Hacıbala Abutalıbov vəzifəsindən, pulundan, Ali Məhkəmənin sədri Ramiz Rzayevin bibisi oğlu Rafiq Məmmədovla mənim aramda vaxtı ilə öz məqsədləri üçün yaratdığı münaqişədən məharətlə istifadə edərək, dörd il çəkən məhkəmə çəkişməsində mənim hüquqlarımı tapdalatdırdı. Ancaq mən hesab edirəm ki, Ramiz Rzayev fikirləşməli idi ki, onlara belə canıyananlıq edən Hacıbala niyə Arzu Məmmədovun yerinə Rafiqi deyil, başqasını təyin etdi...

Ramiz Rzayevin mənimlə bibisi oğlu Rafiq Məmmədov arasında olmuş bu münaqişənin məğzindən xəbəri yoxdur. O, yalnız münaqişənin mövcud olmasından xəbərdardır. Hacıbala Abutalıbov özünə sərf etmədiyi üçün münaqişənin məğzinə toxunmadan, yalnız onun olması faktından istifadə edərək Ramiz Rzayevin köməyi ilə Ali Məhkəmədə mənim kassasiya şikayətlərimi rədd etdirdi. Mənim hüquqlarımı Hacıbala Abutalıbovun sifarişi ilə tapdalatdı.

Mənə sübut etdi ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur və məhkəmələrdə ona aid işlərə baxan Şərafət Məmmədova, Sərvət Hüseynov, Azər Hüseynov kimi şəxsi hakimləri də var. O, mənə sübut etdi ki, qanun və məhkəmələr onun əlində oyuncaqdırlar. Qanunsuz əməllərini ört-basdır etməkdən ötəri istədiyini edə bilər. Onun sifarişini yerinə yetirən məhkəmələr, dörd il ərzində işə bərpa barədə iddiama mahiyyəti üzrə baxmağa imkan vermədiər. Bu dörd ildə mənim hüquqlarımın pozulması, mənə edilən təzyiqlər, hədə-qorxular, mənə və ailə üzvlərimə mənəvi və fiziki baxımdan təsirsiz ötüşmədi. Mən və həyat yoldaşım müalicəsi olmayan xəstəliyə tutulmuşuq və övladlarımız bizi hər an itirə bilərlər.

Hacıbala Abutalıbov özünə məxsus adları mənə yapışdırıb, cəmiyyətdə yaymaqla məni hörmətdən salmağı bu günə kimi davam etdirir. Evimdə yaşamağa imkan vermir. Heç yerdə məni işə götürmürlər. Məni işə götürmək istəyənlərə təzyiq edirlər. Bakı şəhər İcra Hakimiyyətindən işdən azad olunan gündən təhlükəsiz yaşamaq və əmək hüququmu itirmişəm. Bizim yalnız və yalnız bir yolumuz qalıb -  xarici ölkələrdən siyasi sığınacaq istəmək.

Hazırda mənim başımı qatmaq üçün, məsləhət verirlər ki, Konstitusiya Məhkəməsinə müraciət edim. Mən özümə söz vermişəm ki, Azərbaycanda məhkəməyə heç vaxt müraciət etməyəcəyəm. Yaşadığım dövlətdən şikayət mənim üçün nə qədər ağır olsa da, mən Avropa Məhkəməsinə müraciət edəcəyəm. Buna görə mən özümü gələcəkdə günahkar saymayacağam. Çünki məni - naxçıvanlı ziyalını, Heydər Əliyevin qurduğu dövlətdən şikayət etməyə Hacıbalalar və onların sifarişlərini yerinə yetirən məhkəmələr məcbur edirlər. Mən, eyni zamanda xarici ölkə səfirlərinə siyasi sığınacaq istəmək barədə müraciət etmək istəyirəm. Müraciətin mətnini sizlərə göndərirəm.

Mən, sizləri - Heydər Əliyevin qurduğu dövlətin ən yüksək vəzifəli naxçıvanlılarını ona görə narahat edirəm ki, sizlərin nəzərinə düşdüyüm acınacaqlı vəziyyətimi çatdırım. Mən istəyirəm ki, sonra mənə deməsinlər ki, niyə sən heç kimlə məsləhətləşmədən Avropa Məhkəməsinə şikayət və xarici ölkə səfirlərinə siyasi sığınacaq almaq barədə müraciət etmisən? Bunu gələcəkdə mənə və qohumlarıma irad tutmasınlar. Müraciətin mətnini məktuba əlavə edirəm".

Qeyd edək ki, Arzu Məmmədovun siyasi sığınacaq almaq barədə Prezidentə və bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlərinə ünvanlanmış 14 səhifəlik məktubunda Bakı Şəhər İcra Hakimiyyətində və məhkəmlərdə qarşılaşdığı qanunsuzluqlar barədə təfsilatlı məlumat verilib. Bundan əlavə Hacıbala Abuatılıbova və bəzi digər vəzifəli şəxslərə qarşı ciddi ittihamlar irəli sürüb ki, bunlar  barədə saytımızda əlavə yazılar hazırlanacaq.

Sonda onu da qeyd edək ki, Arzu Məmmədovun məktubunda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar