KERRİ "SAĞ ƏLİNİ" BAKIYA NİYƏ GÖNDƏRİR? - Vaşinqton geri çəkilir, yoxsa...

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır. Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemlərilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir.

“Turan”in məlumatlara görə, səfər zamanı həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinə və qərb institutlarına qarşı "repressiya dalğası" fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq.

Dövlət katibinin digər köməkçisi Viktoriya Nulandın bu ilin fevralında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.

Bundan sonra ABŞ-da bəzi müşahidəçilər Obama Administrasiyasını vətəndaş cəmiyyətinə qarşı təqiblərə son qoyulmadığı halda Azərbaycanın rəsmi şəxslərinə qarşı sərt tədbirlər görməyə çağırıblar.

Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin detallarını açıqlamır. Lakin səfər Azərbaycanda hökumət və hökumətyönlü mətbuatın ABŞ-ı Azərbaycanın imicinə zərər vurmaqda, mövcud hakimiyyəti dəyişməyə can atmaqda ittiham edən materialların dərci fonunda baş tutacaq.

Bundan əlavə, ABŞ dövlət katibi Con Kerri ermənipərəst xadim kimi təqdim olunur.

Dövlət Departamentinin nümayəndəsi Mari Xarf çərşənbə günü bu yazıları “tamamilə əsassız və ədalətsiz” adlandırıb. Eyni zamanda o, həbsdə olan jurnalist Xədicə Ismayılın taleyindən narahatlığını bildirib, onun dərhal azad edilməsinə çağırıb. M.Xarf Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental hüquqlarına hörmətlə yanaşmağa, öz fikrini azad ifadə etmə imkanlarının təmin olunmasına çağırıb.

Ancaq rəsmi Bakı insan haqlarının vəziyyəti və qanunsuz həbslərlə bağlı iradları birmənalı rədd edir. Qərbin təzyiqləri Azərbaycanın müstəqil siyasət yürütməsi ilə bağlanır. Hətta Prezident Administrasiyasının rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbin, o cümlədən ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı "inanılmaz dərəcədə" ciddi təzyiqlər etdiyini bəyan edib.

150224165631_sp_kerry_624x351_apOdur ki, Malinovskinin səfəri son baş verənlərin fonunda maraq doğurmaya bilməz. Ölkənin siyasi elitasında anti-Amerika ritorikasının artdığı, hökumət və hökumətyönlü mətbuatın dövlət katibi Con Kerrini Avropa Oyunları ərəfəsi Azərbaycan əleyhinə kampaniya təşkilində günahlandırdığı bir vaxta ABŞ rəsmisinin Bakıya səfəri heç şübhəsiz münasibətləri yenidən aydınlaşdırmaq məqsədi daşıyacaq.

trend_victoria_nuland_170215"Yeni Müsavat"ın məlumatına görə, Azərbaycan iqtidarı ilə ABŞ arasında son günlər yenidən artan gərginlik Ağ Ev administrasiyasını hərəkətə keçirib: "ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın fevralın 17-də Bakıya etdiyi səfərindən və rəsmi Bakı ilə mübahisəli məsələləri həll edəcək ortaq bir qurumun yaradılması barədə razılaşmalardan, 4 aylıq fasilədən sonra yeni səfirin fəaliyyətə başlaması ilə gərginliyin azalması gözlənilsə də, əks proseslər baş verməkdədir. ABŞ səfirliyi bu kimi ittihamları cavabsız qoymur, amma görünür ki, Ağ Ev də artıq Bakı ilə münasibətlərdə nə baş verdiyini özü üçün aydınlaşdırmaq istəyir".

Ancaq belə bir vaxtda Dövlət katibinin bu dəfə məhz demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisini Bakıya göndərməsi də diqqət çəkir. Məsələ ondadır ki, Malinovski Bakı ilə münasibətləri heç də yaxşı olmayan şəxs kimi tanınır. O, bu posta 2014-cü ilin 13 mayında təsdiqlənib. Həmin vaxtadək “Humana Rights Watch”ın Vaşinqton bürosuna rəhbərlik edib. Təşkilata rəhbərliyi dövründə Azərbaycan iqtidarına sərt mövqeyi ilə seçilib.

Onun bir neçə ay əvvəl "Azadlıq" radiosuna açıqlamasında Azərbaycandakı vəziyyətdən danışması rəsmi Bakıda ciddi etirazla qarşılanmışdı. O, QHT rəhbərlərinin həbslərindən danışarkən demişdi ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətini boğmaqla heç nəyə nail ola bilməz. “Son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir. Bu addımlar bizim münasibətləri sual altına qoyur” deyə, ABŞ rəsmisi bildirmişdi.

Bundan əlavə Malinovski bir müddət əvvəl Azərbaycan haqqında məqalə ilə çıxış edərək, hökunmətə qarşı ittihamlar irəli sürmüşdü. O, hətta Azərbaycan hökuməti rəhbərlərinin bank hesablarının dondurulmasına dair açıq cağırışlar da edib. Eyni zamanda Azərbaycanın maliyyə vəsaitlərinə sanksiya tətbiq edilməsi təşəbbüsünü irəli sürüb.

prezident aparati_1İki ölkə arasında gərginliyin artdığı bir dövrdə ABŞ-ın Bakıya məhz Malinovskini göndərməsi Vaşinqtonun yumşaq mövqe tutmaq fikrində olmadığını söyləməyə əsas verir. Yəni, ABŞ istəklərindən geri çəkilənə oxşamır. Vaşinqtonun Bakıdan konkret nələr istədiyini söyləmək çətin olsa da, almaqda israrlı olduğu görünür.

Bu zaman qarşıdan Avropa Oyunlarınının gəldiyini də nəzərə almaq lazımdır. Bakının bu oyunların yüsək səviyyədə keçməsinə ciddi önəm verdiyindən xəbərdar olan Ağ Evin vəziyyətdən istifadə etməyə çalışdığı da şübhə doğurmur. Mümkündür ki, Ağ Ev hətta Bakını avropalı tərəfdaşlarının bu oyunlarda iştirakının qarşısı almaqla hədələsin.

Bakının buna cavabı nə olacaq, söyləmək çətindir. Ancaq Azərbaycan rəsmiləri ilə Malinovskinin görüşlərinin gərgin keçəcəyi şübhə doğurmur.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar