ABŞ ÖZ ORDUSUNU BÜTÜN DÜNYAYA YERLƏŞDİRƏCƏK! – Yeni hərbi doktrinanın sensasiyalı təfərrüatları

“ABŞ öz müttəfiqlərinə yalnız müvəqqəti bel bağlaya bilər”

ABŞ ordusu öz əsgərlərini və hərbi texnikasını çox qısa bir müddət ərzində hipotetik düşmənə qarşı mübarizədə dünyanın istənilən nöqtəsinə yerləşdirmək planı üzərində işləyir. Almaniyanın “Deutsche Wirtschafts Nachrichten” nəşrinin yazdığına görə, dəyişən geosiyası şəraitdə, ABŞ nəhəng dünya dövləti statusunu saxlamaq niyyətindədir. Elə bu məqsədlə də, ABŞ rəhbərliyi yeni hərbi doktrina hazırlayır. Həmin doktrinada nəzərdə tutulan fəaliyyət istiqamətləri ”2020-2040-cı illərdəki mürəkkəb dünyada qələbə çalmaq” adlı sənəddə öz əksini tapır.

Vaşinqton 2001-ci ildən başladığı terrorla mübarizəni, qeyri-müəyyən vaxtadək davam etdirməyi də planlaşdırır. Müasir praktika artıq yeni strategiyanın necə işlədiyini göstərir və Ukrayna əsgərlərinə təlim keçilməsi bu missiyanın bir hissəsi sayıla bilər. Digər tərəfdən isə, bu strategiyanı əhatə edən “Atlantic Resolve” proqramı çərçivəsində, ABŞ öz əsgərlərini və hərbi texnikasını Şərqi Avropa ölkələrində yerləşdirməyi də nəzərdən keçirir.

ABŞ-ın yeni hərbi doktrinasının əsas konsepsiyasına görə, düşmənin hansı coğrafi məkanda yer tutduğunu və o cümlədən də, məsələyə nəzəri baxımdan yanaşaraq, bu düşmənin nə zamansa kimlərləsə koalisiya yaradacağı şərtini qəbul eməklə, fəaliyyət istiqamətlərini müəyyənləşdirmək lazımdır. Ümumiyyətlə isə, həmin doktrinada qeyd olunur ki, ABŞ öz müttəfiqlərinə yalnız müvəqqəti bel bağlaya bilər. Çünki vəziyyətdən asılı olaraq, istənilən dostun düşmənə çevrilmə ehtimalı qətiyyən unudulmamalıdır. Şərtlərin dəyişməsinə uyğun olaraq, dost və düşmənin lazımı anlarda yerlərini necə dəyişməsi praktikası yeni deyil.

Bundan əlavə, Amerikanın yeni hərbi sənədlərində qeyd edilir ki, düşmən tərəf ənənəvi, qeyri-standart və hibrid strategiyadan istifadə etməklə, ABŞ-ın milli təhlükəsizliyinə və həyati vacib maraqlarına zərbə vurmağa çalışacaq. Sənəddə həmçinin o da qeyd olunur ki, gözlənilən təhlükələr istənilən millətlərdən, beynəlxalq terroçulardan və müxtəlif cinayətkar təşkilatlardan da gələ bilər. Ona görə də, mürəkkəb və dəyişən dünyada müvəffəqiyyət qazanmaqdan ötrü, çoxsaylı faktorlar mütləq nəzərə alınmalıdır. Məsələn, müasir dövrün tələbinə uyğun şəkildə, ABŞ ordusu haker hücumlarından müdafiə olunma proqramını müntəzəm sürətdə yeniləməli və inkişaf etdirməlıdir.

Amerikanın yeni hərbi doktrinasına əsasən, 2030-cu ildə dünya əhalisinin 60%-i böyük şəhərlərdə yaşayacaq. Bunun əsasında da belə bir ümümi nəticəyə gəlinir ki, düşmən qüvvələrinin başlıca hədəfi meqapolislər olacaq. Çünki çoxsaylı şəhər administrasiyaları öz işlərində heç də həmişə adekvat deyillər. Dünya əhalisinin artması ilə bərabər yüksək işsizlik səviyyəsi şəhərlərin effektiv idarə edilməsini xeyli çətinləşdirir.

ABŞ irəlidə daha çox təhlükənin əsas etibarı ilə Çindən gələcəyini gözləyir. Ona görə də, bunu hesablayan Vaşinqton son illər Çinin yaxın qonşuları olan Hindistan, Malayziya, Fillippin və Yaponiya ilə hərbi və iqtisadi sahədəki əməkdaşlığı genişləndirir. Belə olan təqdirdə, sözssüz ki, Çin də Amerikanı özünə qarşı real təhlükə sayır. Hal-hazırda Uzaq Şərq regionunda ABŞ-ın səkkiz hərbi bazası fəaliyyət göstərir.

ABŞ-ın ikinci böyük rəqibi Rusiyadır. Ukrayna böhranı və Krımın Moskva tərəfindən ilhaq edilməsi, quru qoşunlarının nə qədər vacib olduğunu əyani şəkildə bir daha təsdiq etdi. Amerikanın xüsusi xidmət orqanlarının və NATO-nun zabitləri, Vladimir Putinin necə məharətlə hibrid müharibəsi apardığının şahidi oldular. Onlar hələlik buna qarşı lazımı effektiv cavab verə bilməyiblər.

Ümumiyyətlə isə, ABŞ-ın yeni hərbi konsepsiyasının əsas mahiyyəti ondan ibarətdir ki, Amerikan ordusu münaqişə zonasında, hələ münaqişə başlamamışdan əvvəl yerləşsin. Bəs, Amerika bütün bunlara necə və hansı üsullarla nail ola bilər? Belə bir mürəkkəb və çətin proqramın həyata keçirilməsi üçün, ABŞ öz ordu birliklərini bütün dünyaya yaymalı və həm də ki, ixtiyarındakı hərbi bazalarda müxtəlif silah növləri yerləşdirməlidir ki, müharibə baş verən zaman, buna qarşı daha sürətli reaksiya göstəmək imkanı əldə edə bilsin.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar