"ÖZ CİNAYƏTLƏRİNƏ ORTAQ AXTARIRLAR..."- Abdulla Gül- MÜSAHİBƏ, FOTOLAR

" Onsuz da Minsk Qrupu daim oyalama ilə məşğuldur"

“Türkiyə-Azərbaycan münasibətləri mükəmməldir”

Türkiyənin 11-ci prezidenti Abdulla Gülün APA-ya müsahibəsini təqdim edirik:

- III Qlobal Bakı Forumunda iştirak etdiniz. Bu forumun Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması baxımından rolunu necə qiymətləndirirsiniz?

- Bakıda keçirilən Qlobal Forumu həqiqətən çox uğurlu hesab edirəm. Bu il forumun üçüncüsü keçirildi. Foruma Avropanın bir çox siyasətçiləri, dövlət adamları, çox sayda insan qatılmışdı. Hamısı da Avropa siyasətinə istiqamət verən insanlar idi. Burada Avropadan kənardan da - Kanadadan, Afrikadan, ərəb dünyasından da siyasətçilər təmsil olunurdu. Səmimi olaraq bildirmək istəyirəm ki, bu forumun çox uğurlu olduğunu gördüm. Əminəm ki, Azərbaycanın tanınmasında, bütün məsələlərinin izlənilməsində bu forumun böyük dəyəri, xidməti, töhfəsi olacaq. Burada aparılan müzakirələr də çox məzmunlu oldu. Çox məmnun qaldım, çox gözəl idi. Bu qədər siyasətçinin, dövlət adamının Bakıda bir oteldə birlikdə olması möhtəşəmdir.

-Türkiyə və Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz? Bu münasibətləri dərinləşdirmək istiqamətində daha nələr etmək olar?

- Münasibətlərimiz hər baxımdan mükəmməldir. Çünki biz bir millətin iki ayrı dövlətiyik. Aramızda böyük həmrəylik var. Bu, bütün sahələrə - siyasət, təhlükəsizlik, ticarət, sənaye, təhsil sahələrinə aiddir. Əlbəttə, hər şey çox gözəl olanda onu daha da inkişaf etdirmək bir az çətin olur, daha çox səy tələb edilir. Artıq bütün yollar açıqdır. Hazırda azərbaycanlı və türk iş adamlarının ortaq layihələr həyata keçirmələri üçün qapılar açıqdır. Ölkələrdən kənarda da Türkiyə ilə Azərbaycan diplomatları çiyin-çiyinə çalışırlar. Mən münasibətlərimizi mükəmməl görürəm.

-Uydurma “erməni soyqırımı” iddiaları ilə mübarizə istiqamətində Azərbaycan Türkiyənin yanında oldu. Lakin dünya ictimaiyyəti bu hadisəni soyqırımı kimi qiymətləndirməkdə davam edir. Sizcə, dünyanın Türkiyəyə qarşı bu qədər əks mövqeyinin səbəbi nədir?

-Dünən ADA Universitetində də bu mövzuda çıxış etdim. Dünyada təəssüf ki, ikili standartlar var. Bunu əvvəllər də görürdük. İndi də görürük. Bu ikili standartın nəticəsidir ki, sizin dediyiniz kimi, dünya erməni məsələlərinə, təbliğatlarına bir az cahilliyindən, bir az da bilərək uyur. Ona görə cahilliyindən deyirəm ki, bir çox Avropa, dünya ölkələrinin parlamentləri bu məsələlərlə bağlı qərar verirlər. O qərarları verən millət vəkillərindən soruşsaq ki, nə ilə bağlı qərar aldınız, nə zaman, harada, hansı tarixdə baş verib, hadisələr necə cərəyan edib, heç bir şey deyə bilməzlər. Deməli, siyasi savadsızlıqdan, cəhalətdən verilmiş qərar olur. Bəziləri də bunu bilərək edirlər. Çünki təəssüf ki, türklərə, müsəlmanlara qarşı əsassız mənfi rəy formalaşıb. Öz cinayətləri tarixdə daha böyükdür, çünki tarixdə çox böyük müharibələri, qətliamları özləri törədiblər. Bunları unutdurub, başqa hadisələri önə çıxarmağa çalışırlar. Bəzən öz cinayətlərinə ortaq axtarırlar. Bu mənfi rəy artıq mövcuddur. Bunlara qarşı hamımızın ortaq işləməyimizə ehtiyac var. Buradakı konfransları, diasporların apardığı işi bu istiqamətdə çox faydalı hesab edirəm.

-ATƏT-in Minsk Qrupunun 2 həmsədr ölkəsi - Rusiya və Fransa Ermənistanda keçirilən tədbirdə prezident səviyyəsində iştirak edərək bu məsələdə Ermənistana dəstək ifadə ediblər. ABŞ Ermənistanda keçirilən tədbirdə prezident səviyyəsində təmsil olunmasa da, amerikalı həmsədr yazılı dəstəyini bildirib. Eyni mövqe yaxın keçmişdə baş vermiş Xocalı faciəsi ilə bağlı heç zaman nümayiş etdirilməyib. Sizcə, bu həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə ədalətli ola bilər?

-Minsk Qrupunu bir məhkəmə kimi götürsək, bu hərəkətlə məhkəmənin tərəfsizliyini pozublar. Onların ədalətli rəftar etmələrinə necə etibar edə bilərik? Rusiya, Fransa məhkəmənin hakimləridirlərsə və onlar bir tərəfin mərasimlərinə qatılırlarsa, o zaman onlardan necə dürüst, ədalətli bir qərar gözləyə bilərik. Bu davranışlar çox yanlışdır. Xüsusilə Minsk Qrupu üzvü olaraq bunları etmələri çox səhvdir. Onsuz da Minsk Qrupu daim oyalama ilə məşğuldur. Dünənki çıxışımda da dediyim kimi, Qarabağın işğalından 20 il keçib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasını, BMT TŞ-nin 5 daimi üzvündən 2-nin bu davranışını, Minsk Qrupu daxilində bir iş görməmələrini təəssüflə izləyirik. Bunlar çox yanlış addımlardır. Bu günə kimi uğurlu olmadılar. Yayındırmaqla məşğuldurlar. Açığı, onlara etibarımız yoxdur. Bunu mən prezident olanda da demişəm. Rəsmi toplantılarda, BMT-dəki bütün çıxışlarımda bu məsələni vurğulamışam. Azərbaycanın 20 faiz torpağının işğal altında olduğunu, bu torpaqların beynəlxalq hüquqa əsasən azad edilməli olduğunu həmişə xatırlatmışam. Təəssüf ki, Minsk Qrupunun fəaliyyəti uğurlu olmadı.

-Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycana tam dəstəyini ifadə edir və bununla bağlı Ermənistanla sərhədlərini açmır. Fikrinizcə, bu təkid sona kimi davam edəcəkmi?

-Türkiyənin siyasətində bir dəyişiklik yoxdur. Türkiyə həmişə Azərbaycanla bərabər hərəkət edib. Azərbaycanın milli məsələlərini özünün milli məsələləri kimi görüb. Əlbəttə ki, Türkiyənin milli məsələlərinə də Azərbaycan eyni şəkildə yanaşıb.

-ATƏT-in Minsk Qrupunda digər ölkələrin, xüsusilə Türkiyənin həmsədr olması nə dərəcədə mümkün və vacibdir?

-Minsk Qrupunun həmsədrliyinə baxdıqda ədalətli bir qrup görmürəm. O qrupun həmsədrləri tərkibində Türkiyə mütləq təmsil olunmalıdır. Çünki Ermənistanın xeyrinə danışanların olduğu yerdə bir az Azərbaycanın xeyrinə danışanlar da olmalıdır. Təəssüf ki, çox ədalətli təmsilçilik yoxdur. Onsuz da indiyə kimi uğurlu addımları olmayıb. İşğal 20 ildən çox davam edə bilərmi? Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər tapdalanır. Amma bunlara qarşı heç bir addım atılmır.

-Ümumiyyətlə, dünyada erməni lobbisinin gücü nə dərəcədədir və onlar beynəlxalq təşkilatların mövqeyinə Türkiyə və Azərbaycan məsələlərində nə qədər təsir edə bilirlər?

-Ermənistanın əhalisinin nə qədər az olduğunu bilirsiniz. Bunun yerinə Avropada, Amerikada çoxsaylı icmaları var. Orada onlar təəssüf ki, bütün düşmənçilikləri canlı saxlayaraq diasporu güclü tuturlar. Bu, bir siyasətdir. Yəni, sərhədlərdən kənardakı əhalinin həmrəy olması üçün bu mövzuları daim canlı saxlayırlar. Bunun təbii ki, təsirləri olur. Uzun müddət işlədikləri üçün hamısı olmasa da, bir sıra parlamentləri və oradakı çox az sayda millət vəkillərini yönləndirərək bu kimi qərarlar çıxarda bilirlər. Mən bunun uğurlu olacağına inanmıram. Çünki nəticədə 300 üzvü olan parlamentdə 10 millət vəkilinin təklifi ilə bir qərar çıxırsa, bu, o ölkənin mövqeyi demək deyil. Necə ki, bir sıra parlamentlərdə diasporun təsiri ilə əks qərar verilir, hökumət isə dərhal bu fikrə qatılmadığı ilə bağlı açıqlamalar verir.

-Türkdilli ölkələrin bugünkü əməkdaşlığı sizcə, nə dərəcədə güclüdür? Bu istiqamətdə Türkiyə və Azərbaycanın üzərinə hansı vəzifə düşür?

- Türkdilli ölkələr müstəqilliklərini qazandıqdan sonra biz əməkdaşlığı və həmrəyliyi artırmaq üçün işə başladıq. 2009-cu ildə Naxçıvanda, mənim də prezident olduğum dövrdə keçirilən zirvə toplantısına türk dünyasının prezidentləri qatıldı. Orada birliyimizi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına çevirdik. Hazırda onun parlamenti, UNESCO-ya oxşar TÜRKSOY kimi təşkilatı var. Digər akademiyaları da mövcuddur. Bütün bunlar türk dünyası arasındakı münasibətləri daha konkret hala gətirir. Təbii ki, iqtisadi, ticari işbirliyi ayrı bir xətlə daha güclü davam edir. Amma bu əməkdaşlıq istədiyimiz şəkildə deyil. Bu ölkələr arasında münasibətlər Türkiyə-Azərbaycan münasibətləri kimi deyil. Lakin bütün türk dünyasının liderləri səmimiyyətlə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına bağlıdırlar. Şuranın adı altında inşallah gələcəkdə mədəni, təhsil sahəsində daha böyük işlər görəcəyik.

-Bu gün bəzi radikal dini qruplaşmaların fəaliyyəti İslam dininin missiyalarına kölgə salır. Azərbaycanla Türkiyə İslam Əməkdaşlıq Təşkilatında da təmsil olunur. Bu mənfiliklərin qarşısını necə almaq olar?

-Bunlar İslam adı daşıyan siyasi cərəyanlardır. Onların bir çoxu dindar insan deyil, amma siyasi cərəyanlarını güclü saxlamaları üçün dini adlar götürülər. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Hə şeydən əvvəl onlar terrora da qatılırlar. Həm təhlükəsizlik tədbirləri görülməlidir, həm də təhsil sahəsində işlər aparılmalıdır. Çünki təhsil dini ən yaxı öyrətmək baxımından gənclərin bu kimi tələlərə düşməməsi üçün çox önəmlidir. Azərbaycan və Türkiyənin də üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı bu sahədə daha çox uğur əldə etmək üçün ortaq işlər görməlidir. Bu işlər görülür.

-Türkiyənin daxili siyasi həyatında bundan sonrakı iştirakınızı hansı şəkildə görürsünüz?

-Türkiyədə prezidentlik də daxil olmaqla, bütün vəzifələrdə çalışmışam. Artıq bu işləri dostlarım həyata keçirir. Mən də təbii ki, onlara kömək edirəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar